Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:09

Andres Herkel: «Azərbaycanla bağlı memuar yazacam»


«Azərbaycanla bağlı memuar yazacam». Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andres Herkel iyunun 30-da «Media forum» saytına gələcək planlarından danışarkən belə deyib.

Estoniyalı parlamentar bildirib ki, Azərbaycan haqqında yazacağı kitab öz ölkəsinin auditoriyasına ünvanlanacaq:

«Aydın məsələdir ki, Azərbaycanın durumu kifayət qədər geniş çevrələr üçün maraqlıdır, ancaq bu kitab Estoniya oxucusu üçün nəzərdə tutulacaq. Bizdə Azərbaycanla bağlı tarixi araşdırmaların tərcüməsi faktiki olaraq yoxdur. Ona görə çox da dərinə getmədən ölkənizdə baş verən hadisələr barədə Estoniya oxucularına məlumat vermək istəyirəm. Bu, bir az tarixi arayış xarakteri daşıyan, bir az da fərdi təəssüratlarımı əks etdirən bir kitab olacaq. Bir sözlə, yay aylarını məhz bu kitaba, Azərbaycanla bağlı memuarlarıma həsr etməyə hazırlaşıram».

Noyabrda Azərbaycanda keçiriləcək parlament seçkisinin monitorinqində iştirak etməyəcəyini, bu missiyayla növbəti seçkilərin birində Bakıya dönə biləcəyini deyən Herkel 6 illik həmməruzəçilik fəaliyyəti boyu Azərbaycanda gördüyü bir çox problem sarıdan hələ də narahat qaldığını vurğulayıb:

«Azərbaycanla bağlı düşüncələrim hər kəsə aydındır. Fəaliyyətim dövründə mən kifayət qədər obyektiv olmağa çalışdım. Nə müsbətə doğru hər hansı dəyişikliyə, inkişafa, nə də insan haqlarının pozulmasına göz yumdum.

Mən həm də Estoniya parlamentinin üzvüyəm. Estoniyada isə gələn il parlament seçkisi olacaq və bununla əlaqədar işlərim artacaq. Amma mən Qafqaz regionuyla maraqlanmaqda və bu istiqamətdə çalışmaqda davam edəcəm. Düzdür, bu regionda işləmək olduqca çətindir və yaxşı olardı ki, Qafqazda sabitlik yaransın və bizlik bir iş qalmasın».

İyunun 24-də AŞPA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə yeni məruzəçi seçilib. Səlahiyyət müddəti bitən estoniyalı Andres Herkeli İspaniya təmsilçisi Pedro Arqamunt əvəzləyib. Azərbaycan üzrə digər məruzəçi maltalı Cozef Debone Qrexdir.
XS
SM
MD
LG