Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:23

Mikloş Haraşti: «Jurnalistləri həbs etmək adətinə son qoyulmalıdır»


Mikloş Haraşti

Mikloş Haraşti

İnternet radio və televiziyalarının lisenziyalaşdırılması ilə bağlı Azərbaycan hökumətinin verdiyi bəyanatlar narahatlıq doğurur. Dünyanın heç bir yerində belə şey yoxdur.

Bunu iyunun 30-da Bakıda keçirilən «Yeni media erasının dəyərləri» adlı konfransda ATƏT-in media azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Haraşti Azərbaycanda medianın vəziyyətindən danışarkən deyib.

O əlavə edib ki, Azərbaycan hökuməti İnternetin qloballaşdığını bilməli və yeni era mediasına qarşı dözümlü olmalıdır. Haraştinin fikrincə, İnternetin lisenziyaya cəlb edilməsi söz azadlığının daha da məhdudlaşdırması demək olardı. Əgər hökumət bu addımı atsa, siyasi problemlərlə üzləşmiş olacaq. Dünyanın bu məsələyə yanaşması fərqli olacaq.

Haraşti Azərbaycanda jurnalistlərin həbsdə olmasına da toxunub:

JURNALİSTLƏRİ QEYRİ-JURNALİSTİKA FƏALİYYƏTİNƏ GÖRƏ HƏBS ETMƏK ADƏTİNƏ SON VERİLMƏLİDİR

«Azərbaycanın hüquq-mühafizə orqanları media mənsublarını qeyri-jurnalistika fəaliyyətinə görə həbs etmək adətinə son verməlidir. Hazırda bu ölkədə üç tənqidçi jurnalist həbsdədir. Bunlardan ikisi bu günlərdə həbs olunan gənc bloqqerlər Emin Milli və Adnan Hacızadədir, digər jurnalist isə Eynulla Fətullayevdir. Hökumət Eynulla Fətullayevin azadlığa buraxılması barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarını hələ icra etməyib. Ümid edirəm ki, hökumət bunu tezliklə edəcək və Eynulla Fətullayevə kompensasiya ödəyərək, onu azadlığa buraxacaq».

«ƏHALİ ONLARI SEVİRDİ»

Mikloş Haraşti xarici yayım şirkətlərinin FM tezliyindən çıxarılmasını düz addım hesab etmir:

«Hökumət bu qərarını dəyişdirməlidir. Çünki əhali onları sevirdi».

Əli Həsənov
Mikloş Haraştiyə görə, seçki ərəfəsində efirdə müxalifətə də yer verilməlidir. Televiziyalar həm əyləncə, həm də xəbərləri ətraflı işıqlandırmalıdırlar.

«FİXTELİUS, HARAŞTİ DÜNYA DEMƏK DEYİL»

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalist Eynulla Fətullayevlə bağlı Mikloş Haraştinin iradına, eləcə də İsveç Maarifçi Yayımının Baş Direktoru Erik Fixteliusun bu məsələ ilə bağlı yaranan suallara cavab istəməsinə münasibət bildirərkən deyib ki, o jurnalistin həbsə qədərki fəaliyyətinə görə cavabdeh ola bilər. Amma jurnalist həbsə girəndən sonra cinayətkar sayılır. Əli Həsənov: «Fixtelius, Haraşti dünya demək deyil».

Konfransda Erik Fixtelius bir neçə dəfə israrla Əli Həsənovdan «Niyə Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarına əməl etmir, niyə Eynulla Fətullayev azadlığa buraxılmır» deyə soruşub.

İnternet televiziyalarının lisenziyalaşdırılması məsələsinə gəlincə, Prezident Administrasiyasının şöbə müdiri deyib ki, hakimiyyətin belə bir niyyəti və planı yoxdur:

«AZƏRBAYCANDA HEÇ VAXT HAKİMİYYƏT DAİRƏLƏRİNDƏN BELƏ BƏYANAT OLMAYIB»

«Azərbaycan qlobal dünyanın qayda-qanunu bilir. Və qloballaşma şəraitində dünya informasiya məkanının bəlli mərkəzlər tərəfindən idarə olunmasını və ora uzadılan kənar barmaqların kəsilməsinin fəsadlarını da bilir. Qabaqda Avropa Birliyi, böyük Çin, Rusiya, dünyanın 20 nəhəng dövləti var. Bunlar olan yerdə Azərbaycan dövləti istəsə belə, internetdən irəli gələn media vasitələrinin lisenziyalaşdırılmasına, milli qanunvericiliyin bura tətbiqinə girişə bilməz. Bunu kim Azərbaycanın adına deyirsə, tamamilə haqsız deyir. Azərbaycanda heç vaxt hakimiyyət dairələrindən belə bəyanat olmayıb».

Rəşid Hacılı
Cənab Həsənov Azərbaycanı hələ etmədiyi bir şeyə görə günahlandırmağı düz saymadığını da bildirib.

«ƏGƏR BELƏ DEYİRLƏRSƏ, BU YAXŞI HALDIR»

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə deyir ki, əslində Haraştinin və digərlərinin İnternetdə yayılan səsli və görüntülü informasiyaların yayımının lisenziyalaşdırılması ilə bağlı narahatçılığında təəccüblü heç nə yoxdur. Çünki Azərbaycanın hakimiyyət nümayəndələri bu məsələ ilə bağlı dəfələrlə fikir səsləndiriblər. İlk növbədə də Mili Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bunun çox vacib olduğunu bildirib.

Rəşid Hacılı son vaxtlar bu təşəbbüsü Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun da dəstəklədiyini bildirir. Amma deyir ki, bununla belə, əgər Əli Həsənov indi belə bir planın olmadığını bəyan edirsə, bu yaxşı haldır. O ki, qaldı Azərbaycanda media, ifadə azadlığının vəziyyətinə, bunu müəyyən etmək üçün xüsusi araşdırmaya ehtiyac yoxdur:

«Ən azından söz azadlığına görə 3 şəxsin həbsdə olması, televiziya və radio üzərində ciddi dövlət monopoliyası və təzyiqinin olması, tənqidi yazılar yazan şəxslərin bu və digər formada təzyiqlə qarşılaşmaları, adicə reklam gəlirləri ilə bağlı ortada olan vəziyyət və sair, bunların hamısı göstəricidir. Və bunları xüsusi vurğulamağa ehtiyac yoxdur».

Rəşid Hacılı hökumətin media sahəsində hansısa işlər gördüyünü deyir. Amma onun sözlərinə görə, iş görmək hələ heç də bu işlərin ciddi niyyətə yönəlməsi, səmərəli nəticələrə gətirib çıxaracağı demək deyil.

Şərhləri göstər

XS
SM
MD
LG