Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

“Öncə "Şeytan ayələri”nin çapını dayandırmağa razı olduq, indi fikrimizi dəyişirik"


Eldəniz Elgün

Eldəniz Elgün

“Öncə "Şeytan ayələri”nin çapını dayandırmağa razı olduq, indi fikrimizi dəyişirik".

Bunu Azadlıq Radiosunun "Oxu zalı"na müsahibəsində "Unikal" qəzetinin baş redaktoru Eldəniz Elgün deyib.

Onun sözlərinə görə, hər həftənin bazar günləri çıxan "Unikal"da üç nömrə dalbadal qalmaqallı Britaniya yazıçısı Salman Rüşdinin "Şeytan ayələri" romanının tərcüməsini çap ediblər, amma heç kim buna reaksiya verməyib.

Amma sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitsindən ona müraciət edilib:

"Bizdən xahiş etdilər ki, əsərin çapı dindarların kəskin reaksiyasına səbəb olar və bizə tərcümənin çapını dayandırmağı tövsiyə etdilər.

Biz əvvəlcə bu tövsiyə ilə razılaşdıq, amma bundan sonra İslam Partiyası və bir neçə QHT bizimlə bağlı etiraz bəyanatı verdilər. Biz anladıq ki, onları üçün Salman Rüşdinin romanı bir bəhanədir.

Sonuncu sayımızda həm də Bakıda İranın gizli şəbəkəsi haqda araşdrma çap etmişdik.

Belə anladıq ki, İranmeylli qüvvələri qıcıqlandıran məhz həmin yazıdır. Bizə Azərbaycanın həqiqi islamçıları yox, irançılar etiraz edir. Buna görə də mən romanın çapını davam etdirmək qərarına gəldim".

E.Elgün deyib ki, onda olan məlumata görə, romanın çapı davam edərsə, gələn həftənin birinci günü bir neçə QHT və özünü dindar kimi təqdim edən bir qrup Sumqayıt sakini qəzeti məhkəmə verməyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini yumurta atəşinə tutmağı planlaşdırır.

Salman Rüşdi
Onun dediyinə görə, belə bir plan Bakıda "Ocaq Nicati"nin nəzarətində olan məscidlərin birində cızılıb.

"Keçən həftənin bazar günü bayram günlərinə düşdüyü üçün qəzetimizin son nömrəsi çıxmayıb, belə təsəvvür yaranıb ki, biz əsərin çapını dayandırmışıq.

Amma əsərin davamını bu həftə çap etdirməyi düşünürük, amma bunun üçün dini komitəyə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinə, Prezident Aparatına, Qafqaz Müsəlmanları İdarəsinə müraciət edəcəyik ki, bizə izah etsinlər, bu kitabı çap etmək Azərbaycanda qadağandırmı?

Mən əminəm ki belə bir qadağa yoxdur.

Mən əlimi Qurana basaram ki, qəzetə etiraz edənlərin heç biri "Şeytan ayələri"ni oxumayıb.

Salman Rüşdi İslamı təhqir yox, tənqid edib. Azərbaycanda da həmin əsəri dövlət heç bir qara siyahıya salmayıb.

Əgər yaxın günlərdə dövlət orqanlarından müraciətimizə heç bir cavab verilməsə, bizi bununla bağlı müzakirələrə dəvət etməsələr, onda əsərin davamını çap edəcəyik".

"BU, GÖSTƏRİŞ YOX, TÖVSİYƏ OLUB"

İyunun 29-da Dini Qurumlarla İş üzrə Dövlər Komitəsinin təmsilçisi Gündüz İsmayılov Azadlıq Radiosunun “Oxu zalı”na bildirmişdi ki, onlar dindarlardan daxil olan şikayətləri nəzərdən keçiriblər və məsələni "Unikal" qəzetinin rəhbərliyi ilə müzakirə etmək qərarına gəliblər.

Gündüz İsmayılov
“Biz dini ictimaiyyətin narahatlığını qəzet rəhbərliyinə çatdırdıq, bu cür nəşrlərin dindarlar arasında ciddi reaksiya doğurduğunu onlara dedik və romanın tərcüməsinin davam etdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı onlara tövsiyəmizi verdik. Onlar da tövsiyəmizə əməl etdilər”.

Dövlət orqanının qəzetdəki yazının çap edilib-edilməməsi ilə bağlı məsələyə müdaxilə etməsinin söz azadlığına nə dərəcədə uyğun olması ilə bağlı sualın cavabında G.İsmayılov deyib.

“Bu göstəriş yox, sadəcə tövsiyə olub”.

Bəs dini komitə "Şeytan ayələri" ilə bağlı ekspertiza aparıbmı? G.İsmayılov buna "yox" cavabı verib və bildirib ki, onlar dini ədəbiyyatla bağlı ekspertiza keçirirlər.

QƏZET XARİCİ QÜVVƏLƏRƏ XİDMƏT EDİR?

“Unikal” qəzetindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə şikayət edən Islam Partiyasının Ağsaqqallar Şurasının üzvü Hacı Hacıağa Nuriyev müxbirimizlə söhbətində deyib ki, Salman Rüşdinin “Şeytan ayələri” kitabının Azərbaycan dilinə çevrilib çap edilməsində gizli məqsədlər görür.

“Təkcə Azərbaycandakı müsəlmanlar yox, bütün dünya müsəlmanları bu kitaba etiraz edib və edir. O, müqəddəs “Quran”ı “şeytan ayələri” adlandırıb və İran İslam İnqilabının dahi rəhbəri, mərhum İmam Xomeyni onun barəsində ölüm hökmü verib.

Azərbaycan 1,5 milyardlıq müsəlman dünyasının bir hissəsidir.

Yəqin kimlərsə, hansısa qüvvələr Azərbaycanı İslam aləmi ilə üz-üzə qoymaq, onun beynəlxalq imicini korlamaq istəyirlər.

Biz dövlət orqanlarına müraciətimizdə tələb etmişik ki, bu məsələ araşdırılsın, məlum olsun ki, bu qəzetin arxasında hansı xarici qüvvələr dayanır. Bu ermənipərəst qüvvələr də ola bilər”.

Hacı Hacıağa bu qadağanın söz azadlığı ilə bağlı olmadığı qənaətindədir.

Hacıağa Nuriyev
“Söz azadlığı o demək deyil ki, Azərbaycan xalqının milli-mənəvi hissləri təhqir olunsun. Beynəlxalq qanunlarda dinlərin toxunulmazlığı prinsipi var, yəni heç bir dini təhqi etmək olmaz”.

Əsəri oxuyub-oxumadığına gəlincə, İslam Partiyasının yetkilisi deyib ki, “vaxtilə həmin kitab oxunub və ona qiymət verilib”.

“Bir kitabın adında ki, “Quran ayələri” “şeytan ayələri” adlandırılır, buna necə haqq qazandırmaq olar?”

"Şeytan ayələri" ilk dəfə 1988-ci ildə çap edilib və bir sıra İslam ölkələrində kəskin etirazlara səbəb olub. 1989-cu ilin fevralında İranın ali dini lideri Ayətulla Xomeyni onun barəsində ölüm fitvası verib. \

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılıdan məsələyə münasibətini soruşduq.

"Dünyada Salman Rüşdinin əsərləri ilə bağlı böyük səs-küy olsa da, qorxuram ki, Azərbaycanda "Şeytan ayələri"ni oxuyan çox azdır.

Əgər insanlar bununla bağlı fikir yürütmək fikrinə düşsələr, sözsüz ki bunu oxumalıdırlar. Oxumadan kimisə ittiham etmək olmaz.

Ümumiyyətlə mən hesab edirəm ki, əgər o romanda dini ayrı-seçkiliyə çağıran, dini hissləri açıq-aşkar təhqir edən, çox ciddi qarşıdurmaya yol açacaq bir məqam yoxdursa, bunun çap olunması heç də o fikirlərin bölüşdürülməsi kimi başa düşülməməlidir. Bu, sadəcə kiminsə fikirlərinin çatdırılmasıdır.

İnsanların o fikirlərlə tanış olmaq hüququ olmalıdır, bunsuz söz azadlığından danışmaq olmaz".

R.Hacılı deyib ki, indiyəcən romanı oxumaq imkanı olmasa da, bunu etmək istərdi.

Həmçinin oxu
Salman Rüşdi daha qorxmur
Salman Rüşdi gizləndiyi illərdən əsər yazacaq

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG