Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:33

Rolan Kobian: Azərbaycan hələ çox şey öyrənməlidir


Avropa Komissiyasının Azərbaycandakı missiyasının rəhbəri Rolan Kobian
Avropa Komissiyasının Azərbaycandakı missiyasının rəhbəri Rolan Kobian
Avropa Komissiyasının Azərbaycandakı missiyasının rəhbəri Rolan Kobianın Turan agentliyinə müsahibəsi

Azərbaycanda «Şərq tərəfdaşlığı» proqramının reallaşmasının gedişini necə izləyirsiniz?


- İlk növbədə, bu proqramın siyasi aspekti vacibdir. Bu, Avropa İttifaqının Azərbaycana uzatdığı əldir, bütün sahələr üzrə əməkdaşlıq imkanlarıdır. Proqramın qəbul olunduğu vaxtdan ötən il ərzində müəyyən iş görülüb, geniş dialoqa başlanılıb. Bildiyiniz kimi, proqram Avropa İttifaqına yaxın 6 ölkəni əhatə edib. Yəni, bu, münasibətlərin yeni səviyyəyə qalxmasına imkan verəcək təkandır. Odur ki, gəlin, qiymətləndirmə barədə bir qədər sonra danışaq.

Belə olan halda, Azərbaycan hakimiyyətinin Avropa İttifaqına bir o qədər də can atmaması və Avropanın da bizi istəməməsi barədə bəzi qərb diplomatlarının fikirlərini necə şərh edərdiniz?

- Zənnimcə, perspektivə baxmaq lazımdır. Hazırda biz Azərbaycan ilə Assosiativ sazişin imzalanmasını müzakirə edirik. Bu, Avropa İttifaqına daxil olmaq yolunda sonuncu mərhələdir. Lakin bundan əvvəl, əlbəttə, ölkə qəbulla bağlı xahişlə müraciət etməlidir. Bu, uzun prosesdir və hələlik mən Bakının bu niyyətini görmürəm. Lakin biz bu siyasi seçimə tam hörmətlə yanaşırıq. Eyni zamanda Avropa İttifaqının narazılığından danışmağa dəyməz, çünki biz ölkədəki vəziyyəti başa düşürük. Üzv olmadan da Azərbaycan siyasi, iqtisadi, kommersiya, enerji və digər səviyyələrdə Avropa İttifaqına çox yaxındır. Biz ölkə hakimiyyətindən belə siqnallar alırıq. Odur ki, hazırda biz Assosiativ üzvlükdən danışırıq ki, bu da çox ciddi addımdır və biz artıq iyulun 16-da bu barədə danışıqlara başlamağı planlaşdırırıq.

Azərbaycan hakimiyyətinin demokratiyadan ehtiyatlanaraq Avropa İttifaqına və ümumilikdə Qərbə can atmaması barədə fikirləri necə şərh edərdiniz? Məsələn, ATƏT və Avropa Şurasında üzvlük çoxdan Azərbaycan hökuməti üçün başağrısına çevrilib. Belə ki, hokumət insan hüquqları və demokratiya sahəsində öhdəliklərini pozduğuna görə müntəzəm tənqid olunur.


- Birincisi, mən ölkənin modernləşdirilməsindən çəkinmək və bunu istəməmək barədə Azərbaycan hakimiyyətinin rəsmi bəyanatlarını heç zaman eşitməmişəm. Əksinə, ölkə daim yeni investisiyalara qoşulur və yeni öhdəliklər götürür. Əgər Avropanın tarixinə baxsaq, orada da insan hüquqları və demokratiyanın pozulması ilə bağlı çoxlu məqamlara rast gələ bilərsiniz. Bugünkü yekun uzun prosesin nəticəsidir, lakin onu davam etdirmək vacibdir.
Azərbaycan çox gənc ölkədir və siz hələ çox şey öyrənməlisiniz. Bu, normaldır. Biz bunu başa düşürük və ona görə də burdayıq, heç nəyi zorla qəbul etdirmədən kömək etməyə çalışırıq. Biz həmçinin başa düşürük ki, islahatlar Azərbaycanın milli maraqlarına uyğundur, bizin xoşunuza gəlmək üçün deyil.
Əminəm ki, Azərbaycan öz uşaqlarının və gələcək nəslin rifahını istəyir. Bizdə çoxlu tarixi nümunələr var ki, onlar təsdiqləyir ki, məhz müasir dövlətlər davamlı siyasi inkişafa və sabitliyə, uzunmüddətli çiçəklənməyə və təhlükəsizliyə malikdir. Digər heç bir hakimiyyət forması uzunmüddətli deyil və müasir tarix göstərir ki, qalanları insan mahiyyətinə ziddir. Düşünmürəm ki, Avropa İttifaqının dəyərləri kiməsə təhlükə yarada bilsin.

Qərbin demokratiyanı neftə dəyişməsi və Azərbaycanda insan hüquqlarının pozulmasına göz yumması barədə ittihamları necə şərh edərdiniz? Brüsselin məhkum olunmuş bloqqerlər probleminə, Eynulla Fətullayevin işi üzrə prosesə münasibəti necədir?

- Əgər qısa desək, bu, tamamilə belə deyil. Avropa İttifaqının prinsip və dəyərləri hamıya məlumdur. Tərəfdaşlarımız bunu yaxşı bilir. Bizim ikitərəfli sənədlərin hamısında demokratiya və insan hüquqları prinsiplərini təsdiqləyən müddəalar əksini tapıb. Digər məsələ odur ki, heç kim bir günün içində dəyişmir. Biz Azərbaycanın spesifikası nəzərə alınmaqla demokratikləməyə doğru dəqiq tendensiyanın olmasına tərəfdarıq.

Bizim məhkum olunmuş jurnalistlərin problemlərindən yaxşı məlumatımız var və onların gedişini izləyirik. Biz müntəzəm olaraq bu məsələləri sizin hökumətiniz ilə müzakirə edirik. Azərbaycanın Fətullayevin işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından apelyasiya verməməsini müsbət hal hesab edirik. Narkotik maddələrin saxlanması işi üzrə yeni məhkəməyə gəlincə, ümid edirik ki, bu qərar ədalətli olacaq. Düşünmək istərdik ki, Azərbaycanda belə proseslərin ölkənin imicinə necə mənfi təsir göstərdiyini başa düşürlər. Biz Azərbaycan yurisdiksiyasına müdaxilə etmədən bütün bunları diqqətlə izləməkdə davam edirik.

Avropa İnsan Hüquqları Məhkəməsinin Fətullayevin işi üzrə qərarının düzgün olmaması və heç bir əhəmiyyətə malik olmayacağı barədə rəsmi şəxslərin bəyanatlarını necə şərh edərdiniz?

- Avropa İttifaqı, əlbəttə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını dəstəkləyir. Gəlin, hadisələri qabaqlamayaq və 3 aylıq müddətin başa çatmasını gözləyək. Belə ki, məhkəmənin qərarı bu müddətdə yerinə yetirilməlidir. Baxaq, görək, apelyasiya olacaqmı və indiki məhkəmə necə başa catacaq. Əminəm ki, nəticədən asılı olaraq, beynəlxalq təşkilatların aydın reaksiyası olacaq.

Qeyd etdiniz ki, Azərbaycan gənc ölkədir. Ölkənin Avropa standartlarına maksimum tez yaxınlaşması üçün nə etmək lazımdır?

Zənnimcə, cavab çox sadədir - təhsil lazımdır. Sizin ölkənizdə infrastruktura, yolların, məktəblərin, evlərin və s. tikintisinə böyük vəsait qoyulur. Lakin bu zaman təhsilli kadr çatışmazlığı hiss olunur.
Adamların yaxşı təhsil almasına imkan yaratmaq, belə kadrları irəli çəkmək lazımdır. Söhbət yalnız ali təhsildən getmir, həm də orta təhsildən gedir. Belə ki, bəzən bahalı avadanlıq və ya texnikanın işləməməsinə yalnız personalın pis öyrədilməsi səbəb olur. Mən burada müşahidə etmişəm ki, yaxşı binalarda və ya bahalı avadanlıqda ixtisası olmayan işçilər çalışıb.
Bundan əlavə, sizin adamlar bunun digər ölkələrdə necə baş verdiyini görmək imkanlarına malik olmalıdır və viza rejiminin sadələşdirilməsi ilə bağlı bizim səylərimiz ona yönəlib ki, sizin adamlarınız Avropaya gedə bilsinlər, orada baş verənləri görə bilsinlər. Bu, gənc nəsil üçün çox vacibdir.

Azərbaycanda xoşunuza gələn nədir?

- Sizin çox maraqlı ölkəniz var və hər şeyi dərhal əhatə etmək asan deyil. Mən musiqini, opera və cazı çox sevirəm. Mədəni tədbirlərdə iştirak etməyə çalışıram və bu, mənim çox xoşuma gəlir. Lakin sizdə xaricilərə təklif etmək üçün çoxlu başqa şeylər da var. Adamlar çox maraqlı, qonaqpərvərdir. Maraqlı ənənə və mədəniyyətiniz var. Mən dünyanı çox gəzmişəm və müqayisə apara bilərəm. Zənnimcə, siz qarşılıqlı zənginləşmə üçün başqa mədəniyyətlərə çox şeylər təklif edə bilərsiniz. Bunu etməyi öyrənmək lazımdır. Avropa İttifaqı Azərbaycana çox şey verə bilər və ondan çox şey götürə bilər.

Rolan Kobian 2009-cu ilin noyabrından Avropa Komissiyasının Bakıdakı missiyasına rəhbərlik edir. Bundan əvvəl o, energetika üzrə komissar Piebalqsın Kabinetinin üzvü olub. Daha əvvəl isə Avropa İttifaqının Keniya və Konqodakı missiyasının üzvü olub. Bundan öncə 10 il ərzində Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahında müxtəlif postları tutub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG