Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:51

Emin Millinin atası vəfat edib


Emin Millinin valideynləri Natella Abdullayeva və Paşa Abdullayev

Emin Millinin valideynləri Natella Abdullayeva və Paşa Abdullayev

EMİN MİLLİ 3 GÜNLÜK AZADLIQDADIR

Emin Milliyə atasının hüzn mərasimində iştirak etmək üçün 3 günlük icazə verilib.

Bu baradə AzadlıqRadiosuna Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov deyib.

Emin Milliyə iyunun 29-dan etibarən 3 gün ərzində Neftçalada atasının yas mərasimində borcunu yerinə yetirmək üçün məzuniyyət verilir.

PƏNAH HÜSEYN PREZİDENT ADMİNİSTRASİYASINA MÜRACİƏT EDİB


Millət vəkili Pənah Hüseyn Emin Millinin atasının dəfninə buraxılmasına icazə almaq üçün Prezident Administrasiyasına müraciət edib.

Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Mehman Sadıqov «Media forum»a bildirib ki, deputatın dövlət başçısına müraciəti Millinin atasının hüzr mərasiminə buraxılma icazəsi proseduruna müsbət təsir edə bilər.

Mehman Sadıqov Penitensiar Xidmətin hazırda məhbusun vəkilləri ilə birgə məsələ ilə məşğul olduğunu bildirib:

«Deputatın ölkə başçısına bu və ya digər məsələlərlə bağlı müraciət etmək hüququdur. Eyni zamanda bu prosesin həyata keçirilməsi üçün qanunvericilikdə müəyyən prosedur var. Deputatın prezidentə müraciəti işin xeyrinə ola bilər. Hazırda məsələyə Penitensiar Xidmətdə baxılır, müvafiq şəxslər və vəkillər bu işlə məşğuldurlar».

«MÜRACİƏT OLUBSA, BU MƏSƏLƏYƏ QISA MÜDDƏTDƏ BAXILACAQ»

Həbsdə olan gənc bloqçu Emin Millinin atası Paşa Abdullayev vəfat edib. Emin Millinin vəkili Elton Quliyev «Media forum» saytına bildirib ki, bir sıra xəstəlikdən əziyyət çəkən 75 yaşlı Paşa Abdullayevin vəziyyəti iyunun 29-u gecə pisləşib və bir neçə saat sonra o, vəfat edib.

Elton Quliyevin sözlərinə görə, Emin Millinin atasının dəfninə buraxılmasına icazə almaq üçün hüquqi işlər aparılır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna deyib ki, bu cür müraciətlərə fərdi qaydada baxılır:

«Müraciət olubsa, bu məsələyə qısa müddətdə baxılacaq».

Emin Milli (Abdullayev Emin Paşa oğlu) 1979-cu ildə Bakıda doğulub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1999-2000-ci illərdə Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator işləyib. 2001-2002-ci illərdə Almaniyada oxuyub. 2002-ci ildən 2004-cü ilə qədər Fridrix Ebert Fondunun Azərbaycanda rəhbəri olub. 2005-ci ildən ictimai fəaliyyətlə məşğul olan Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında davadan sonra digər gənc fəal Adnan Hacızadə ilə birgə tutulub.

Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə təqsirli bilinən Emin Milli Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

Əsəb xəstəliyi, yüksək qan təzyiqi və böyrək çatışmazlığından əziyyət çəkən Paşa Abdullayev oğlunun həbsindən bir müddət sonra Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş və müalicəsini paytaxtdakı 1 saylı Klinik Xəstəxanada davam etdirmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG