Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:16

Uşaqlar niyə intihar edirlər?


Səid Fəxrəddinov
Dörd ay əvvəl 10 yaşlı Səid Fəxrəddinov Moskvada yaşadığı binadan özünü ataraq intihar edib. Valideynləri iddia edirlər ki, o, oxuduğu məktəbdə döyüldüyü üçün özünə qəsd edib. Bu il fevralın 16-da anası Mariya oğlu ilə otaqda tək imiş. Dediyinə görə, bütün günü baş ağrısından əziyyət çəkən oğlunu izləyib. Uşaq kompyuterin arxasına keçəndə qabları yumaq üçün mətbəxə gedib. O mətbəxdə olanda isə Səid pəncərəni açaraq özünü yaşadıqları binanın dördüncü mərtəbəsindən aşağı atıb.

Səid əlavə hərbi, vətənpərvərlik və dini dərslər verən hərbi təmayüllü kadet məktəbinə gedirdi. Valideynlərinin dediyinə görə, onu şagird yoldaşları etnik tatar övladı olduğuna görə tez-tez məktəbdə döyürlərmiş. Onların iddiasına görə, müəllimlər də onun döyülməsinə göz yumurmuş. Valideynlər hətta, müəllimlərdən birinin onların övladına seksual xarakterli zorakılıq törətdiyini deyirlər.

«ATA, ONLAR MƏNİ ÖLDÜRDÜLƏR»

Atası Ramilin bildirdiyinə görə, özünə qəsd etməzdən bir neçə həftə əvvəl də Səid döyüldüyü üçün hətta xəstəxanaya düşübmüş:

- Onun başında zədə vardı, yeriyə bilmirdi, divardan tuta-tuta gəlib mənə dedi ki, «ata, onlar məni öldürdülər». Mən başa düşdüm ki, nəsə sağalmaz bir yara vurulub.

Amma məktəb bütün bu ittihamları rədd edir.

Yevgeni Vvedenski
Məktəbin direktoru Yevgeni Vvedenski bildirir ki, Səid boksda qızıl medal qazanmasına baxmayaraq, dalaşqan deyildi, intizamlı idi. O bildirir ki, müəllimlərin çoxu keçmiş zabitlərdir, şagirdlərin əksəriyyəti də başqa məktəblərə nisbətən daha dəcəldirlər.

Yevgeni Vvedenski təəssüflə əlavə edir ki, şagirdlərin çoxu ya yetimlər, ya da anormal ailələrdən olan uşaqlardır. Amma direktor Səidin məktəbdə seksual zorakılığa məruz qalması barədə ittihamları rədd edir. O da Səidin valideynlərini ittiham edir ki, uşaq dəfələrlə başqa məktəbə keçirilməsini istəsə də onlar buna razı olmayıblar:

SİNİF YOLDAŞLARININ BU İŞƏ AİDİYYƏTİ YOXDUR

- Bütün uşaqlar sorğu-suala çəkildi. Əgər hətta, hər hansı döyülmə olubsa da bu, məktəbin çevrəsində baş verməyib. Sinif yoldaşlarının bu işə aidiyyəti yoxdur.

Səidin atası da deyir ki, oğlu tez-tez adi məktəbə keçmək istədiyini deyirmiş. Amma o, fikirləşib ki, kadet məktəbi oğlu üçün daha yaxşı olardı.

Onu ölümə sürükləyənin nə olmasına baxmayaraq, bu faktın özü Rusiyada gənclərin özünə qəsd etməsi kimi bir problemə diqqət çəkdi. Rəsmi məlumatlara görə, Rusiyada hər il 2500 uşaq və yeniyetmə özünə qəsd edir. Bu da Qərb ölkələrində həmin sahədə göstəricidən iki dəfə artıqdır. Psixoloqlar deyirlər ki,
Səidin atası Ramil
Rusiya kimi keçid dövrü yaşayan ölkələrdə siyasi və sosial qeyri-sabitlik ailə strukturunu dağıdır və bu da uşaqları təhlükə qarşısında qoyur.

Uşaq psixoloqu Aleksandr Şadura hesab edir ki, aşağı səviyyədə sosial müdafiə uşaqların fiziki, psixoloji və seksual təzyiqlərdən qorunmasına mane olur:

UŞAQLARA QARŞI ZORAKILIĞIN QARŞISINI ALA BİLƏCƏK SİSTEM YOXDUR

- Təəssüf ki, bizim ölkəmizdə uşaqlara qarşı zorakılığın qarşısını ala biləcək sistem yoxdur. Bu sistemi yaratmağa əsasən də qeyri-hökumət təşkilatlarından bəzi cəhdlər var. Amma hal-hazırda konkret işlək bir mexanizm yoxdur.

Psixoloqların fikrincə, övladları zorakılıqla üzləşmiş valideynlər bəzi hallarda polisə də müraciət etmirlər. Çünki burdakı sistem də gənc qurbanların psixologiyasına əlavə zərbələr vurur.

Onların bildirdiyinə görə, Rusiyada uşaqlara qarşı zorakılıqların üstünün açılmasında valideynlərə yardım edə biləcək sosial işçilər yoxdur.

Amma Səidin işi üzrə istintaqı aparan müstəntiq Aleksey Kasatkin hesab edir ki, uşaqların özünə qəsd etməsinin araşdırılmasında sosial işçilərin görə biləcəkləri bir iş yoxdur. Belə işçilər yalnız alkoqola aludə olan ailələrlə işləyə bilirlər.

Müstəntiq hesab edir ki, Səidin intihar etməsində də nə ayrılıqda məktəbi, nə də valideynləri günahkar saymaq mümkün deyil.
Atası oğlunu intihardan saxlaya bilmədiyi üçün özünü bağışlaya bilmir
Burda ailə-məktəb kombinasiyası rol oynaya bilərdi. Onun fikrincə, ən əsas səbəb yeniyetməlik dövrünün psixoloji problemləridir.

Müstəntiq hesab edir ki, kimi sevdiyi ona laqeyd olduğu üçün özünü asır, başqa biri anası onun yatağında seksual şəkillər tapdığı üçün özünü pəncərədən atır. Son həftələr də isə imtahanları verə bilməyən şagirdlərin özünə qəsd etmələri daha da artıb.

İNTİHAR ÜMİDSİZLİK AKTIDIR

Psixoloq Şadura isə düşünür ki, şagirdlər o zaman intihar edirlər ki, üz tutmağa bir ünvan görmürlər:

- İntihar ümidsizlik aktıdır. Uşaq ətrafında bir kimsə olmadığını görəndə, yalqızlıqdan çıxış yolunu özünü öldürməkdə görür. O hesab edir ki, mənəvi əzablardan qurtarmağın yolu budur.

İndi Səidin valideynləri övladlarından gələn siqnalları düzgün qəbul edə bilmədiklərinə görə özlərini qınayırlar. Onun kompyuter stolunun üstünə qoyduğu zərfin içindəki şeir, nə də son vaxtlar «özünü qorumaq» üçün yatağının ətrafına düzdüyü robot oyuncaqlar valideynlərinə tam informasiya verməyib. İndi atası oğlunu intihardan saxlaya bilmədiyi üçün özünü bağışlaya bilmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG