Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:40

«Futbolu maraqlı edənlərdən biri də hakim səhvidir»


Xaqani Məmmədov
«2012-ci il Avropa Çempionatında azərbaycanlı hakim olacaq».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında aparıcı Şahnaz Bəylərqızı ilə söhbətində AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

X.Məmmədov bildirib ki, azərbaycanlı hakimlər Asiya, Afrika hakimlərindən qat-qat güclüdür:

«Tofiq Bəhramov azərbaycanlı olsa da, o, Sovet İttifaqı kimi nəhəng ölkəni təmsil edib. Azərbaycan Avropanı təmsil edir. Avropanın reytinqində 50-ci olan bəlkə də, Asiya və Afrikanın birincisindən qat-qat güclüdür. Avropadan 10 hakim var orada. Onların sırasına düşmək bu gün mümkün deyil».

Məmmədov deyib ki, AFFA-nın Hakimlər Komitəsi qarşısına məqsəd qoyub ki, yaxın zamanlarda azərbaycanlı hakimlər dünya arenasına çıxa bilsinlər:

«Biz qarşımıza məqsəd qoymuşuq ki, 2016-cı il Avropa, ya da 2018-ci il Dünya Çempionatında Azərbaycandan hakim olsun. 2012-ci il Avropa Çempionatında bizdən bir nəfər referi olmasa da, yan xətt hakimi olacaq».

Dünya Çempionatının oyunlarını şərh edən X.Məmmədov deyib ki, futbolda səhvlər mümkündür. Futbolu maraqlı edənlərdən biri də hakim səhvidir. İngiltərə-Almaniya oyununa toxunan hakim deyib ki, ingilislər bu oyundan sonra azərbaycanlı hakim Tofiq Bəhramovu xatırlayıblar:

«Mən İngiltərədən yeni qayıtmışam. Hamı Tofiq Bəhramovu xatırlayır. Amma qardaş Türkiyə mətbuatında Tofiq Bəhramov barədə qərəzli məlumatlar gedirdi ki, ədalət yerini tapdı».

Xaqani Məmmədov futbolda yeni texnologiyaların tərəfdarı olmadığını bildirib:

«Texnologiya hakimə həmişə kömək etmir».

Mahir Rüstəmli
Hakim deyib ki, budəfəki çempionatın təşkilində problemlər də mövcuudur. Stadionların yarısı sünidir.

Hələ maraqlı oyunların qarşıda olduğunu deyən Xaqani Məmmədov proqnozlarını da aşıqlayıb. Hakim deyib ki, onun proqnozlarına görə, Dünya Çempionatının finalında Almaniya-Braziliya yığmaları qarşılaşacaq. Final oyununu ingiltərəli hakim Veds idarə edəcək.

«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli də futbola texnikanın qarışmasının əleyhinə çıxış edib:

«Hər dəqiqə videotəkrar futbolu başqa idman növünə çevirəcək».

Dünya Çempionatı və Avropa Çempionatının idarəetməsini müqayisə edən jurnalist deyib ki, Avropa Çempionatında müəyyən mənada daha səviyyəli hakimlər ola bilər. Amma o qədər də kəskin fərq yoxdur.

AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib ki, Avropanın hakimləri daha güclüdürlər.


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG