Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:55

İlham Əliyevin 200 milyonluq jestinin arxasında nə dayanır?


İlham Əliyev və Aleksandr Lukaşenko, 12 noyabr 2009

İlham Əliyev və Aleksandr Lukaşenko, 12 noyabr 2009

Azərbaycan prezidenti İlham Əliyevin belaruslu həmkarı Aleksandr Lukaşenkoya Rusiyanın «Qazprom» şirkətinə olan borcu ödəmək üçün 200 milyon dollar verməsi siyasi dairələrin diqqət mərkəzindədir. Müzakirələr daha çox iki sual ətrafında gedir: 200 milyonun əvəzində Belarus Azərbaycana nə verəcək və İlham Əliyevin bu xeyirxahlığının arxasında hansı amillər dayanır?

BELORUSDA ƏLİYEVİN JESTİNƏ NƏ DEYİRLƏR?

AzadliqRadiosunun Belorus xidmətinin müxbiri Yurı Drakaxrust deyir ki, Belorusda daha çox Rusiya ilə münaqişənin özü diqqət mərkəzindədir. Bu işdə
Yurı Drakaxrust
Azərbaycan süjeti yalnız Belorus bloqçularının yazılarında təhlil edilir:

- Bloqçulyar yazırlar ki, bu, İlham Əliyevin olduqca ağıllı bir addımı idi.

Hər necə olsa da bu addım o qədər də bahalı deyildi. Lukaşenko Əliyevdən 200 milyon aldı, onun 187 milyonu Rusiyaya verdi. Ertəsi gün isə Moskvadan 228 milyon dollar aldı. Yeri gəlmişkən, Lukaşenkonun borcunu Azərbaycana qaytarıb-qaytarmadığı haqqında hələlik məlumat yoxdur.

Böhranın qızğın vaxtında məlumat vardı ki, Lukaşenko Əliyevə və Nazarbayevə zəng edib. Belə görünür, Nazarbayev pulu verməkdən imtina edib, amma Əliyev verib. Bu barədə bloqçular yazırlar ki, ola bilər, Əliyevin çox incə bir oyunu var.O, bir tərəfdən barışdırıcı rol oynayır.

Rusiya ilə Belorus arasında qaz davasını bir növ nüfuz münaqişəsi adlandırmaq olar. Çünki Belorus milli bankının ehtiyatları beş milyard dollardır. Amma Lukaşenko pulu oradan ödəmədi. Rusiya isə inad edib qazı kəsdi. Belorus da trnazit qazını kəsməyə başladı. Avropanın qaz təchizatında, eləcə də buna görə “Qazprom” şirkətinin imici baxımından problem yarandı. Belə bir zamanda Əliyev slvayan qardaşlar arasında problemin çözülməsində mərkəzi rolda meydana atılır. Necə deyərlər, “Hala olsun!”

Mən düşünürəm ki, Əliyev həm də Avropaya oynayır ki, baxın, mən həm də necə deyərlər, Avropanın problemlərinin həllində rol oynayıram.

Əlbəttə, bu jestin başqa layları da var. 200 milyon dollar nə Belorus, nə “Qazprom”, nə də Azərbaycan üçün böyük məbləğ deyil. Sadəcə, görünür, Rusiya Lukaşenkonu simvolik mənada divara dirəmək istəyirdi, bu yandan Əliyev peyda olub onun planlarını pozdu. Tutaq ki, Putin, ya da Medvedev buna görə Əliyevə zəng edib deyir ki, nə edirsən, biz Lukaşenkonu cəzalandırmaq istəyirik, sən də buna imkan vermirsən. Əliyev cavab verə bilər ki, mən sadəcə Sizə kömək etmək istəyirəm. Baxıram ki, qaz getmir, Avropada səs-küydür, mən də deyirəm, al, bu, 200 milyon, borcunu ödə getsin. Mən yaxşı bir iş görmək istəyirəm, əgər doğru deyilsə, bağışlayın. Bu baxımdan, məncə, Əliyev bu jestini həm Moskva, həm Brüssel, həm də Minsklə münasibətlər baxımından çox ciddi götür-qoy edib.

Burada Bakı ilə Minsk arasında hərbi sahə də daxil olmaqla ciddi əməkdaşlıqdan da söhbət gedə bilər. Belorus hərbi optik cihazlar, təchizat malları istehsal edir. İstisna etmirəm ki, bu sahədə Belorusla Azərbaycan arasında əməkdaşlıq genişlənir.

Amma bütün hallarda, bu, Əliyevin çox düşünülmüş bir addımı idi. Nazarbayevin pul vermədiyini nəzərə alsaq, bunun risksiz də olmadığını deyə bilərik. Görünür, Nazarbayevin vəziyyəti başqadır və o, belə çoxtərəfli addımları özünə rəva görə bilmir.

BU ADDIM TƏKCƏ GƏLƏCƏKDƏ NƏ OLACAĞI ÜÇÜN HESABLANMAYIB


Politoloq Rasim Musabəyov hesab edir ki, bu, qısamüddətli bir köməkdir. Çünki Rusiyanın da Belarusa ondan da çox tranzit borcu var. İndi ola bilsin ki, Rusiya da Belarusa həmin borcunu ödəyib və həmin məbləğ bəlkə də artıq Azərbaycana qaytarılıb.

Rasim Musabəyov
R.Musabəyov Bakının Minskə bu darmacalda köməyinin arxasında iki ölkənin hərbi sahədə əməkdaşlığının dayandığını da istisna etmir:

«Bizim Belarusla o cümlədən hərbi sahədə çox sıx əməkdaşlığımız var. Düşünürəm ki, bu addım təkcə gələcəkdə nə olacağı üçün hesablanmayıb. Bu kömək keçmişdə və indi hərbi sahədə mövcud olan münasibətlərin təzahürüdür».

R.Musabəyov bildirir ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü və sanki Ermənistanın müttəfiqi olmasına baxmayaraq, son vaxtlar hərbi sahədə Azərbaycanla daha sıx əməkdaşlıq edir.

Belarus prezidenti Aleksandr Lukaşenko «Euronews» telekanalına müsahibəsində deyib ki, o, Rusiyadan iki həftə vaxt istəyib. Amma müttəfiqləri, ən yaxın adamları bir gün də gözləməyəcəklərini bildiriblər. İlham Əliyev isə onun 200 milyon dollar borcla bağlı istəyini hətta bir gündən də tez yerinə yetirib.

ONLAR QOHUM RUHLAR, QOHUM CANLARDIR


Politoloq Zərdüşt Əlizadə deyir ki, Belarusun Azərbaycana verməyə heç nəyi yoxdur. Azərbaycanı onun sənayesi maraqlandırmır. Özü də bu,
Zərdüşt Əlizadə
sovet sənayesinin tərkib hissəsi idi və indi də Rusiya ilə bağlıdır. O ki qaldı bu addımın səbəbinə, politoloq deyir ki, bu rəhbərlərarası münasibətə bağlı olan məsələdir:

«Onlar qohum ruhlar, qohum canlardır. Sabah da Zimbabveyə, Şimali Koreyaya pul verə bilərlər. Təki o pul Azərbaycan xalqına çatmasın. Əsas məqsəd budur».

Aleksandr Lukaşenko müsahibəsində bəyan edib ki, Belarusla Rusiya arasında qaz mübahisəsi vəziyyəti gərginləşdirmək üçün bəhanədir. Bu, iqtisadi məsələ yox, tamamilə siyasi vəziyyətdir.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Lukaşenko ilə Əliyev arasında gerçəkləşən bu borc əhvalatının siyasi məsələ olduğunu istisna etmir. O deyir ki, Rusiya uzun zamandır Belarusu sıxışdırır. Vaxtı ilə Kreml Ukrayna ilə problem yaşayanda Moskva öz qazının Avropa Birliyinə daşınmasını Belarus üzərindən həyata keçirməyə çalışırdı. İndi əksinə vəziyyət yaranıb. Ukrayna üzərindən qaz nəql etmək üçün imkan yarandığı bir vaxtda Belarusla problem yaşanır.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu hesab edir ki, indi Kreml Ukrayna ssenarisini Belarusda təkrarlamaq istəyir. Yəni, Ukraynanın keçmiş prezidenti Yuşşenko kimi Belarus prezidentini də hakimiyyətdən kənarlaşdırmaq, dəyişmək istəyir. Belə bir ərəfədə Azərbaycanın Belarusa kömək etməsi Rusiyanı qıcıqlandıra bilər. Ancaq rəsmi Bakının da bu addımı atmasının öz səbəbi olmamış deyil:

BAKININ RUSİYAYA ÜMİDİ QALMAYIB


«Bu, Azərbaycanın Rusiya əleyhinə qarşılıqlı addımı ola bilər. Çünki rəsmi Bakının Rusiyanın Ermənistanı ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırladığı son sənədə razı sala biləcəyinə böyük ümidləri var idi. Bu baxımdan Azərbaycan Rusiya ilə qaz anlaşması imzaladı, iqtisadi əlaqələri genişləndirdi, Ancaq son – Sankt-Peterburq görüşü bir daha təsdiqlədi ki, Rusiyanın Ermənistana təsir etmək fikri yoxdur. Həmin görüş bitər-bitməz də Dağlıq Qarabağda atəşkəsin pozulması halları artdı. Yəni, artıq hiss olunur ki, rəsmi Bakının Rusiyaya ümidi qalmayıb. Görünür, Belarusa edilən bu yardımın arxasında Rusiyadan olan narazılığın əlamətləri də var».

Elxan Şahinoğlunun fikrincə, ümumən götürəndə Belarusun Azərbaycana verə biləcəyi elə bir şeyi yoxdur. Əksinə, iqtisadiyyatı onsuz da ağır vəziyyətdə olan bu ölkənin Azərbaycanın enerji resurslarına – neftinə, qazına çox böyük ehtiyacı var. Azərbaycan isə bu borcun qarşılığında Belarusdan yalnız hərbi texnika ala bilər.

Şərhləri göstər

XS
SM
MD
LG