Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:32
Somalidə «Hizbul İslam» yaraqlı qruplaşması bu həftə Moqadişuda kişilərin hamısına əmr ediblər ki, saqqal saxlasınlar, bığlarını da azaldaraq səliqəyə salsınlar:

«Bu qaydanı pozan hər bir kəs buna görə cavab verməli olacaq» - əmri elan edərkən «Hizbul İslam» yaraqlısı belə deyib.

Bəs İslama görə saqqal saxlamaq vacibdirmi?

London Universitetində Asiya və Afrika tələbələrinin məktəbindən olan professor Məhəmməd Əbdül Haleem deyir ki, yox, vacib deyil. Professorun dediyinə görə, əksər Müsəlman ölkələrindən olan ilahiyyatçı alimlərin fikrincə də saqqal uzatmaq və ya uzatmamaq şəxsin öz istəyinə bağlıdır:

«Müsəlmanlar saqqalla bağlı peyğəmbərin fikirlərini Qurandan deyil, hədislərdən oxuyurlar. Bu cür hədislərdən birində deyilir: Bığını qısa kəs, saqqalını uzat».

Güman edilir ki, Məhəmməd Peyğəmbər saqqal saxlayırmış və müsəlman kişilərin saqqal saxlamağını israr edənlər bununla sadəcə peyğəmbərin hərəkətlərini yamsılamağı istəmiş olurlar.

Əbdül Haleem deyir ki, İslam qanunlarında hər şeyin nüvəsində tövsiyyə durur – hər şey əmrlə azad seçimin ortasındadır. Başqa sözlə, bu, «sadəcə tövsiyədir»:

«Əfqanıstandakı Taliban və Somalidəki islamçılar dünya müsəlmanları arasında hələ də qeyd-şərtsiz riayət etməni tələb edən və əks halda cəzalarla hədələyən bir azlıq olaraq qalırlar. Mən də daxil olmaqla hər bir müsəlman öz seçimini həyata keçirməkdə azad olmalıdır, bunun əvəzi olacağından çəkinməməlidir».

SAQQALSIZLIQ MÜASİRLİYİN ƏLAMƏTİNƏ ÇEVRİLİB

Britaniyadan olan Britaniya İslam Hərəkatının yaradıcısı İmam Əbdülcəlil Sajid də deyilənlərlə razılaşır:

«Fikrimcə, bu, qadınların başına yaylıq örtməyinə bənzəyir. Bu, oruc tutmaq kimi İslamın məcburi tələblərindən deyil».

Amma Əbdülcəlil Sajidin də dediyi kimi, bəzi İslam tərəfdarları arasında saqqal saxlamağı vacib hesab edənlər var, məsələn, şiələr qısa da olsa, saqqal saxlamağa üstünlük verirlər. Bu isə sadəcə Peyğəmbəri yamsılamaqdır.

İmam Əbdülcəlil deyir ki, buna baxmayaraq, Misir, İordaniya və Türkiyə müstəsnalıq təşkil edir. Bu ölkələrdə saqqal saxlamayan təriqət üzvləri tapmaq mümkündür:

«Saqqalsız gəzmək müasirliyin əlamətinə çevrilib. 1960-cı və 1970-ci illərdə artıq saqqalını qırxmış çox sayda müsəlman görmək mümkün idi».

İmam Əbdülcəlilin dediyinə görə, bu gün peyğəmbərin buyurduğunu addım-addım izləyənlər yalnız «fundamentalist müsəlmanlar»dır.

Şərhləri göstər

XS
SM
MD
LG