Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:24

İlham Əliyev 200 milyon dollarla Belorusun borcunu bağlayıb?


Azərbaycan prezidenti İlham Əliyev və Belorus prezidenti Aleksandr Lukaşenko

Azərbaycan prezidenti İlham Əliyev və Belorus prezidenti Aleksandr Lukaşenko

Azərbaycan prezidenti İlham Əliyev Belorus prezidenti Aleksandr Lukaşenkoya Rusiyanın «Qazprom» şirkətinə olan borcunu qaytarmaq üçün borc pul verib.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko «Euronews» telekanalına müsahibəsində deyib.

O, Rusiyadan iki həftə vaxt istədiyini bildirib:

«Amma bizim müttəfiqlərimiz, ən yaxın adamlarımız dedilər: yox, bir gün də gözləməyəcəyik. Mən İlham Əliyevə, Azərbaycan prezidentinə müraciət etdim. O, sutka ərzində, hətta, sutkadan da tez mənə 200 milyon dollar borc verdi. Biz «Qazprom»a 187 milyon ödədik və 100 faiz hesablaşdıq».

Aleksandr Lukaşenko bəyan edib ki, Belarusla Rusiya arasında qaz mübahisəsi bəhanədir:

«Bu, vəziyyəti gərginləşdirmək üçün bəhanədir. Bu, tamamilə siyasi vəziyyətdir. Bu, siyasətdir. Burada heç bir iqtisadiyyat, maliyyə yoxdur».

«Qazprom» Belarusa qaz verilməsini iyunun 21-də azaldıb.

Şirkət bildirib ki, Belarus son altı ayda aldığı qaza görə 192 milyon dollar borcludur və pul ödənilməsə, Belarusa verdiyi qazı günbəgün 85 faizə qədər azaldacaq.

İyunun 22-də Aleksandr Lukaşenko Azərbaycan və Qazaxıstanın dövlət başçıları İlham Əliyev və Nursultan Nazarbayevlə telefonla danışıb. Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, həmin gün o, Rusiyanın xarici işlər naziri ilə görüşdə bildirib ki, «Qazprom»a olan borc ödəniləcək:

«Mən bu gün dostlarımdan borc almışam və yaxın vaxtlarda biz bu pulu sizə verəcəyik. Amma acınacaqlıdır ki, bizə bir gün ərzində borc verdilər, Rusiya isə iki həftə gözləyə bilmədi».

İyunun 24-də isə «Qazprom» açıqlayıb ki, Belorus borcunu ödədiyi üçün ölkə ərazisinin qazla təminatı tamamilə başa çatıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG