Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:47

Prezidentin köməkçisi: «Diplomatik imkanlar tükənməyib».


«Diplomatik imkanlar tükənmədiyindən, Azərbaycan ona məxsus olan əraziləri müharibə yolu ilə qaytarmır». Bunu «Trend» agentliyinə müsahibəsində Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan müasir döyüşdə şəxsi heyət arasında itkiləri minimuma endirmək üçün bütün tədbirləri görüb:

«Bizim Ali Baş Komandan, Prezident qurucudur. Müharibə isə qan, göz yaşı, dağıntı deməkdir. Bizim hərbi əməliyyatlara başlamamağımız və danışıqların davam etdirilməsi ilə bağlı prinsipial mövqeyimiz yalnız bununla bağlıdır. Müharibə hər iki tərəfdən itkilər deməkdir. Lakin biz müasir döyüşdə şəxsi heyət arasında itkiləri minimuma endirmək üçün bütün tədbirləri görmüşük. Əvvəllər şəxsi heyət tərəfindən həyata keçirilən əməliyyatlarda indi müasir texnikadan istifadə olunur və bu, insan itkisinin azalmasına səbəb olur».

Bunula belə, Vahid Əliyev onu da deyib ki, Dağlıq Qarabağ münaqişə zonasında yalnız atəşkəs rejimi mövcuddur və istənilən an hərbi əməliyyatlar bərpa oluna bilər:

«Hazırkı status-kvo bizi qane etmir. Niyə? Ona görə ki, bizim bir milyon qaçqınımız var, ərazilərimizin 20 faizi işğal altındadır və bu, bizim inkişafımızı, bütün bölgənin inkişafını əngəlləyir. Ona görə ki, Ermənistan mövcud vəziyyəti mənasız şəkildə uzadır. Ona görə ki, erməni tərəfi atəşkəs rejiminə yalnız sözdə əməl edir. Bununla belə, mütəmadi təxribatlar törədir və biz cavab verməyə məcburuq. Hər dəfə bizim cavabımız adekvat olur. Baxmayaraq, biz daha sərt reaksiya verməyə qadirik».

Vahid Əliyev bildirib ki, rəsmi Bakı sülh danışıqları prosesinə sadiqdir və diplomatik ehtiyatlar tam tükənməyib. Lakin onun fikrincə, bu, daim davam edə bilməz. Vahid Əliyev deyib ki, Ermənistan hakimiyyətinin təklifləri qəbuledilməzdir. Onun fikrincə, problemin məntiqli həll yolu ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif edilən son Madrid prinsiplərində öz əksini tapıb.

Vahid Əliyev beynəlxalq ictimaiyyətin Azərbaycana öz ərazilərini hərb yolu ilə azad etmək imkanı verməyəcəyi ilə bağlı iddialara da münasibət bildirib. Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq Azərbaycan dinc əhali ilə müharibə etmək niyyətində deyil. Ən azı ona görə ki, işğal olunmuş ərazilərdə dinc əhali yoxdur:

«Bizə qarşı dayanan yalnız Ermənistan silahlı qüvvələridir. Bizim isə onları gəldikləri yerə qaytarmaq hüququmuz var. Əminəm ki, qoşunlarımız Qarabağın hazırda məskunlaşılmış ərazilərinə, məsələn, Xankəndinə çatanadək biz erməni milliyyətindən olan vətəndaşlarımızla ümumi dil tapa biləcəyik və onlarla döyüşməyəcəyik».
XS
SM
MD
LG