Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

Sahilə İbrahimova "Zırrama" (Hekayə)


Mən bu vəzifəyə lapdan gəldim və hamını heyrətə gətirdim.

Çünki hamı mənim zırrama olduğumu, iki eşşəyin arpasını bölə bilmədiyimi bilirdi. Amma bu mənim vecimə də deyildi.

Məgər məmləkətimizdəki vəzifə sahiblərinin hamısı iki eşşəyin arpasını bölməyə qadirdilərmi?

Zırrama məmurlardan mən zırramanın nəyi əksikdi ki. Bir odu ki, o zırramalar xüsusi tapşırıqlar, rüşvətlər hesabına vəzifəyə gəlmişlər, mənimsə başıma “şahlıq quşu” qonmuşdu.

Mənim bu vəzifəyə gəlişim lap cənab Mirielin Napaleonla qarşılaşması səhnəsindəki kimi olmuşdu. Soruşursunuz ki, cənab Mirielin Napaleonla qarşılaşması səhnəsi necə olmuşdu?

Əgər siz Viktor Hüqonun “Səfillər” əsərini vaxtında oxusaydız, indi bunu məndən soruşmazdız.

Mən nə qədər zırrama olsam da, institutda oxuduğum illər müəllimim güclə bunu mənə oxutdurmuşdu. Yazıq müəllimim. İndi özü səfildi, səfil professor...

Artıq qocalmış heç kəsə lazım olmayan keşiş Miriel təsadüfən Napaleonla üz-üzə gəlmişdi. Napaleon qəfil geri dönərək kəskin şəkildə soruşmuşdu:

- Mərhəmətli insan, niyə mənə elə baxırsan?

- Əlahəzrət, siz qarşınızda mərhəmətli birini görürsünüz, mən isə böyük bir insan seyr edirəm. Hər birimiz bu tamaşadan özümüz üçün bir fayda ala bilərik - deyə Miriel cavab vermişdi. Elə həmin hadisədən bir müddət sonra cənab Miriel Cin şəhərinin yepiskopu təyin edilmişdi.

Mənim özümü yepiskopla müqayisə etməyim düzgün olmasa da, hər ikimiz bir “tamaşadan” sonra xoşbəxtliyə nail olmuşduq. Miriel Napaleonu, mən isə baş aça bilmədiyim əsərə tamaşa edərkən...

Artıq məndə şübhə qalmayıb ki, dünya möcüzələrdən xali deyil.

Mənim kimi zırramanın şöbə müdirliyindən nazir müavini vəzifəsinə kimi heç bir tapşırıqsız, rüşvət vermədən yüksəlməsi az qala dünyanın yeddi möcüzəsindən biridi.

Mən bütün bunları sizi özümə yaxın bildiyim üçün deyirəm.

Yaxşı bilirəm ki, siz mənim zırrama olduğumu bilsəniz də, bunu heç vaxt dilinizə gətirməzsiniz. Özünüzü daldaya verib mənim yeddi bu yana arxa dönənimi dədə-baba söyüşləri ilə o ki var söyərsiz, amma üzümə deməzsiz.

Sizin elə bir qabiliyyətin yiyəsi olmadığınıza bələdəm. Həmən xoşbəxt gün düz dörd ay bundan qabaq baş vermişdi.

Mədəniyyət şöbəsindən aldığım tapşırığa görə sabahkı gün üçün parkın səliqə-sahmanına fikir verməli, tədbirlər planını nəzərdən keçirməliydim. Nazir şəxsən özü gələcəkdi parkımıza.

Həmən gecə evə getmədim. Hərdənbir istirahət etmək məqsədi ilə özüm üçün təşkil etdiyim xudmani otağımda yatdım. Gün doğmamış aparılan səliqə-sahmanın hesabına parkımız cənnətə dönmüşdü.

Adəti üzrə siqaret kötüyü ilə dolu olan parkımızda avara kimi tanıdığımız uşaqlar bir dənə də olsun siqaret kötüyü tapa bilməzdilər. Ağacların dibi bellənib əhəngləndiyindən sanki hərəsi bir güldana qoyulmuşdu.

Akasiya, iydə ağacının ətri müxtəlif güllərin ətrinə qarışaraq dənizdən gələn mehlə birgə adamın ruhunu oxşayırdı.

Hər şey o qədər ürək açan və gözəl, insanlar o qədər xoşbəxt görünürdülər ki, sanki işsizlikdən, bekarçılıqdan adi məişət qayğılarından bezərək hərdən “az qalıram özümü asam” deyən bunlar deyillər.

Mən təntənəli günlərdə geydiyim süd rəngli kostyumumun altından iki gün qabaq “Lakoste” firmasından aldığım qara rəngli köynəyimi geyinərək palıdı rəngdə qalstuk taxmışdım.

Mən və mənim işçilərim nazirə xoş gəlməli idik. Əks halda çox şeylər ola bilərdi.

Nəhayət səbrsizliklə gözlədiyimiz an gəlib çatdı. İçi mən qarışıq hamımız nazirin diqqətini cəlb etməkdən ötrü sanki yarışa girmişdik.

Süni təbəssümlər, yazıq görkəmlər, bir qədər qısılaraq irəli çıxmış başlar birdən-birə mənə çox gülünc göründülər.

Nazir parkı dolaşarkən məmnunluqla gülümsədi.

Onun böyründə ikiqat olmuş rəisimiz məni nazirə təqdim etmədiyi üçün dişim bağırsağımı kəsirdi. İlahi, kaş siz onun nə qədər “risovka” olduğunu gözlərinizlə görə biləydiz.

İcra başçısı əli ilə məni göstərərək nazirin qulağına nə isə pıçıldadı, o da dönüb mənə baxaraq gülümsədi.

Bu ara rəisim də adəti üzrə süni bir gülüş göndərdi. Bir anlıq mənə tərəf dönən başlar bir qədər dikəldi. İlahi, bir yığın baş süni təbəssümlərlə mənə tərəf boylanırdı. Birdən-birə bu başlar mənə hələ məktəbdə oxuyarkən biologiya kabinetindəki dişləri ağarmiş skiletləri xatırlatdılar.

İki daşın arasında bu skletlər hardan yadıma düşdü axı? Səfeh beynim hər yerdə mənə əngəl ola gərək.

Özümü toplayıb guya utanırmış kimi mən də başımı yüngülcə tərpətməklə gözümdə hələ də skilet kimi boylanan başlara mən də süni bir gülüş göndərdim. Sonra qonaqlarla birgə şəkil qaleriyasına getdik.

Bax mənim taleyimdəki xoşbəxt yazılardan birinin süjeti məhz bu qaleriya ilə bağlı yazılmışdı.

Bəli, mən hələ də beynimdə sklet kimi canlanan başların arxasınca asta-asta gedərək xarici rəssamların sərgisindən ibarət rəsm əsərlərinə ötəri nəzər salaraq nazirin azacıq qımıldamağını belə gözdən qoymurdum. Əslində elə hamı mənim kimi özünü aparırdı.

Birdən-birə fikirləşdim ki, qəfildən nazir bizim gözdən yayınıb adətən etdiyimiz bir hərəkəti, məsələn harasınısa qəfil qaşımaq istəsə, bunu onu gözdən qoymayanların arasında necə edə bilər?

Yenə axmaq fikirlər beynimi yormaqda davam edirdi. Elə bunları fikirləşərkən özümü baş aça bilmədiyim bir əsərin qarşısında gördüm.

Bir neçə istiqamətdə çəkilmiş xətlər və mənim ayırd edə bilmədiyim qarışıq rənglər... “Ilahi axı bu nə əsərdi, görəsən, zalım oğlu rəssam bununla nə demək istəyib, axı?

Bu lap mənim balaca oğlumun cızma-qaralarına oxşayır vallah” deyə düşündüm. Bir də ki mən Əliyev deyildim ki, incəsənətin bütün sahələrini beş barmağım kimi bilim.

Bu qabiliyyəti Allah–Təala hələm- hələm adama vermir. Gözucu ətrafıma baxdım. Həsəd apardım zövqlü insanlara. İntellektual səviyyənin nə olduğunu, bunun mənə qismət olmadığını yaxşı dərk edirdim. Elə bu vaxt çiynimə toxunan əldən yüngülcə diksindim.

- Deyəsən, əsər sizi cox düşündürür. Hətta ətraf aləmi də unutmusuz.

Nazir bu sözləri mənə məhəbbətlə baxaraq dedi və məni lap çaş-baş saldı. Ətrafdakıların da mənə eyni məhəbbətlə boylandığını görüb ürəkləndim.
-Çox qiymətli əsərdi. Görünür bu sahəni yaxşı bilirsiz.

- Bəli, cənab nazir, qiymətli əsərdi-deyərək sağ qolumu qatlayaraq sol qoltuğuma dürtdüm. Sağ əlimi isə ağzıma tərəf apararaq şairanə bir görkəm aldım.

- Cənab nazir, Piriyev parkın direktorudu.

Zəhləmgetmiş rəisimiz yaltaqcasına məni yenidən nazirə təqdim etdi.

- Gözəl, gözəl ... Sanki parkınız xüsusi rəssam tərəfindən işlənmiş sənət əsəri idi.

Zövq, zövq ayrı şeydir-deyə nazir hörmətlə mənim əlimi sıxdı.
Fərəhimdən uçunur, həm də utanırdım. Ay Allah, məni bəndələrin vasitəsi ilə ələ salmana nə ehtiyac var axı?

Heç rənglərini belə ayırd edə bilmədiyim bir əsərə diqqətlə baxdığım üçün adamların diqqətini mənə yönəltməklə məni öz qarşımda niyə abırdan salırsan? Düz yeddi gündən sonra rəisim zəng vuraraq təcili nazirin qəbulunda olmağımı tapşırdı.

İçimdən bir istilik keçdi. Xeyr ola, balam? Nazir hara mən hara? Yenə mənə nə tamaşa hazırlamısan ay Allah? - deyib maşınımı nazirliyə tərəf sürdüm.

- Piriyev sizsiz?

- Bəli.

- Keçin.

Katibə sanki əmr etdi. Mən yaltaqlıq qarışıq süni bir gülüşlə içəri keçdim.

- Gəlin Piriyev, xoş gəlmisiniz. - nazir əlini mənə tərəf uzatdı.

Onun bir göz qırpımında ikiqat əyilib sıxdığım əli pilə kimi yumşaq idi.

Biz bir çox şeylər haqqında xeyli danışdıq və mən sabahkı gün nazirliyə şöbə müdiri kimi gəldim. Qabaqcadan dediyim kimi gəldim və hamını heyrətə gətirdim.

Məni tanıyanları ən çox heyrətə gətirən mənim xoşbəxt günlərin birində nazir müavini təyin olunmağım oldu.

Bu səadət mənə ölkəmizdə “kasıbçılıqla mübarizə” mövzusunun müzakirəsi zaman oldu.

Mən özümə görə çox dahiyanə bir təkliflə çıxış etdim. Mənim çıxışım belə idi: “ Yoldaşlar, biz çox qlobal (bu sözdən çox xoşum gəldiyi üçün yerli-yersiz işlədirdim.)bir mövzuya toxunuruq. Bəli, ölkəmizdə kasıbçılığa son qoymaq hər bir vətəndaşı duşündürməlidir.

Belə ki mən özüm də bu barədə həmişə duşünürəm.

Bir ölkənin vətəndaşları yoxsulluq içərisində yaşayırsa, kənardan baxana elə gələr ki, elə həmin ölkə özü də yoxsuldur. Allah Təala bizim ölkəmizdən heç nəyi əsirgəməyib.

Ağ-qara qızılımız, yəni neftimiz və pambığımız, taxıl zəmilərimiz, az qala bütöv Rusiya bazarını təmin edən meyvə-tərəvəz sahələrimiz, qızıl yataqlarımız, işgüzar insanlarımız, igid oğullarımız, gözəl qızlarımız, (lənət şeytana, gözəl qızların yoxsulluqla mübarizəyə nə dəxli var axı) bu ara beynimə təpindim. İstedadlı yazıçılarımız, musiqiçilərimiz, rəssamlarımız...

Bir sözlə, bizim ölkəmizdə hər kəsə xüsusi bir vergi verilib, sanki. “Vergi dedikdə son vaxtlar əllərindən zəncir çeynədiyim Vergilər İdarəsini beynim mənə xatırlatdı.

Bu vergilər sözünün elə çalarları var ki... artıq məndə şübhə qalmayıb ki, doğrudan da vergilər məmləkətimizdə “Allah vergisi”di.” Deyəsən mətləbdən çox yayındım. Mən çıxışımı belə bir təkliflə sona yetirdim.

“Cənablar, təklif edərdim ki, konstitusiyamıza belə bir bənd əlavə edilsin. Ölkədə varlı ailələr kasıb ailələrlə qohum olsunlar. Bu, problemin həlli üçün ən sərfəli yoldur. Diqqətinizə görə təşəkkür edirəm.

Nazirin işarəsi ilə oturanlara nəzər saldım. Məni alqışlayan əllərin sanki başlardan xəbəri yox idi.

İnanın, mənim təklifim nazirlikdə böyük əks-səda doğurdu. Hətta şöbə müdirlərindən biri olan cənab Dəmirov mənim kabinetimə gəldi.

(Dəmirov dediyimin soyadı bilmirəm “dəmirov” xəstəliyindənmi, yoxsa bərk cisim sayılan dəmirdən alınmışdımı, amma onu bilirəm ki, onda dəmir kimi möhkəmlikdən əsər-əlamət yox idi.

Məsələn ona Plastinov desələr daha yaxşı səslənərdi. Doğrudan, görün nə gözəl səslənir, Plastinov. Yəni onu istədiyin vaxt əyib istədiyin formaya sala bilirsən.)

- Cənab Piriyev, sizin dünənki çıxışınız sanki məni qəflət yuxusundan oyatdı. Oğlum Qarabağ qaçqınlarından olan bir qızı sevirdi. Heç cür razılaşa bilmirdim. İndi fikrimi dəyişmişəm. Alacam o qızı oğluma, arxa olacam onlara.

Qoy, bir ailənin kasıbçılığına son qoyulsun.

Doğrusu fərəhləndim. Dönə-dönə onun əlini sıxdım.

Özümdən çox razı qaldım. Axı mənim az qala tərifi yuxarılara çatan bu zırramadan nəyim əksik idi. Bircə... O qapıdan çıxmaq istəyərkən özümdə cürət taparaq onu saxladım.

- Dəmirov, siz sirr saxlaya bilirsiniz?

- Əlbəttə.

- Bilirsiz, mənə əzab verən bir şeyi sizə demək istəyirəm.

Mən saatlarla baxdığım pantomim tamaşalardan, cızma-qara rəsm əsərlərindən, əvvəli-axırı bilinməyən bədii əsərlərdən bir şey anlaya bilmədiyimi yazıq-yazıq Dəmirova danışdım. O yerindən dik atılaraq mənə tərəf gəldi. Sanki ürəyim qırıldı. Əyilib qulağıma pıçıltı ilə dedi.

- Sus. Guya elə...

- Nə???

- Hə!

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG