Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:20

Elçibəy ailəsi Azərbaycandan gedir


Aqil Səmədbəyli
«Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğun günü olsa da, digər ad günlərindən fərqli olaraq bunu təntənəli şəkildə qeyd etmirik. Bu gün onu daha çox sevənlər, onu dərk edənlər Əbülfəz Elçibəyin ruhu qarşısında gördükləri işin hesabatını verməklə təskinlik tapır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında mərhum prezidentin kürəkəni Aqil Səmədbəyli deyib.

Aqil Səmədbəyli deyib ki, keçmiş prezidentin dünyasını dəyişməsindən 10 il keçməsinə baxmayaraq, bu günə qədər təəssüf olsun ki, Azərbaycanın mövcud hakimiyyəti Əbülfəz Elçibəyin eks-prezident statusunu rəsmiləşdirməyib. Bu azmış kimi keçmiş prezidentin ailəsi hazırda Azərbaycanda xeyli problemlə üz-üzədir:

«Əbülfəz Elçibəyin yeganə oğlu Ərturqut universiteti bitirib, hərbi xidmətini başa vurub. Elçibəyin qızı işləmir, oğlu işləmir. Mən özüm işsizəm. Belə bir vəziyyətdə bizim Azərbaycanda qalmağımız açığı qeyri-mümkündür. Ailədaxili biz Türkiyəyə yerləşmə məsələsini müzakirə edirik».

Aqil Səmədbəyli deyib ki, artıq Türkiyədə Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli ilə bu barədə danışıqlar aparılıb. O, Elçibəy ailəsi üçün hər bir şəraitin yaradılacağına dair razılıq verib:

«Azərbaycanda hüquqi, siyasi haqlarımız tapdalanır. Biz burda uzun müddət qala bilmərik. Təhsilimizi tamamlamaq, iş tapmaq, problemlərimizi həll etmək üçün ora daha rahatdır. Sovet hakimiyyəti dövründə mübarizə aparmaq indikindən olduqca rahat idi».

BU AZƏRBAYCANA BAŞUCALIĞI GƏTİRMƏYƏCƏK

Oktay Qasımov
Eks-prezidentin köməkçisi Oktay Qasımov isə deyib ki, Əbülfəz Elçibəyin nə özü, nə də ailəsi belə bir münasibətə layiq idi:

«Mən bunu təəssüf hissi ilə qarşılayıram. Amma hər hansı məsləhət vermək fikrindən də uzağam. Əgər onları düşdükləri bu vəziyyətdən çıxarmaq imkanlarımız yoxdursa, onda qərarın qəbul edilməsi ailənin özünə aiddir. Onların qəbul edəcəyi istənilən qərara hörmətlə yanaşacam. Amma bu heç bir halda Azərbaycana və Azərbaycan xalqına başucalığı gətirəcək hadisə deyil».

Oktay Qasımov deyib ki, Elçibəyin ailəsinə olan münasibət, özünə olan münasibətdən daha sərt oldu.

Əbülfəz Elçibəyin prezidentliyi dövründə mətbuat xidmətinə rəhbərlik etmiş şəxs Arif Əliyev isə bildirib ki, bu onun nəticəsidir ki, Azərbaycanda hələ ki, heç nə dəyişməyib. Belə insanların yaxınları yenə də həmin taleyi yaşamaqdadır. Əbülfəz Elçibəyin mətbuatla işləməsinə gəlincə, Arif Əliyev deyib ki, keçmiş prezident media üçün kifayət qədər açıq şəxs idi:

«O vaxt vəziyyətin indikindən qat-qat ağır olmasına baxmayaraq, prezident aylıq görüşlərini keçirirdi. Xarici mətbuatdan çox daxili mətbuata meyl edirdi. Hesab edirdi ki, sözünü burda deməlidir. İndi yanaşma tərzi isə fərqlidir».

Arif Əliyev deyib ki, mətbuatla ünsiyyətin açıq olması daha çətindir. Bu tənqidin və hücumların olmasına xidmət edir. Arif Əliyev bildirib ki, Elçibəy həmişə deyirdi ki, biz bu mərhələni mütləq keçməliyik:

Arif Əliyev
«Elçibəy martda parlamentdə demişdi ki, indi məni əl çala-çala prezident seçirsiniz, bir ildən sonra eyni cür yola salacaqsınız. Elə də oldu. Demokratiya, açıqlıq, şəffaflıq bu idi. Bilə-bilə bataqlığa girəsən və özünü, millətini burdan çıxarmağa cəhd edəsən, bu böyüklükdür».”

ELÇİBƏY DÖVRÜNDƏ MƏTBUATIN AZADLIQ DƏRƏCƏSİNİ HEÇ BİR DÖVRLƏ MÜQAYİSƏ ETMƏK OLMAZ

Telejurnalist Qulu Məhərrəmli isə deyib ki, dövlət televiziyasında həmin dövrdə informasiya hazırlamaqla bağlı elə də problem yox idi:

«Bütövlükdə mətbuatda azadlığı cəmiyyətə dadızdırmaq tendensiyası var idi. Həmin dövrdə Elçibəyin xarakterindəki demokratizm, ünsiyyətcillik, mətbuata açıq olmağı və digər keyfiyyətləri təkan verirdi ki, cəmiyyətdə azad mətbuat tədricən özünə yer tapa bilsin. Bu faktı qətiyyən danmaq olmaz ki, Elçibəy dövründə mətbuatın azadlıq dərəcəsini ondan əvvəl və ondan sonrakı dövrlə müqayisə etmək mümkün deyil».

Telejurnalist Elçibəylə bağlı bir xatirə də danışıb:

«Rayonlardan birində sakinlərdən biri Elçibəydən narazıymış kimi mənə dedi ki, şəhid məclislərinin birinə Elçibəy də gəlmişdi. Həmin yas mərasimində sakin Elçibəyə yanlış siyasət apardığını deyib. Mənsə ona dedim ki, siz mənə deyin görüm, insi siz hansısa bir rəsmi şəxsi - prezidenti, baş naziri, Milli Məclisin sədrini hardasa görüb sözünüzü deyə bilirsiniz ya yox?».

Qulu Məhərrəmli
Qulu Məhərrəmli deyib ki, yalnız Elçibəy dövründə həftəlik radiomüraciətlər var idi:

«Həmin vaxt Dövlət Televiziyasında tənqidi verilişlər var idi. Hətta Elçibəyin siyasətini tənqid edən verilişlər var idi. Yanlışlıqlar da var idi. Onun dövründə televiziyanı ictimailəşdirmək daha rahat idi. Bunu etmək olardı. Rəsmi qəzetlərdən imtina etmək mümkün idi. Mətbuatda tənqidi ruh güclü idi».

Telejurnalist deyib ki, hazırda isə Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı vəziyyət ürəkaçan deyil.

Jurnalist Şahvələd Çobanoğlu isə deyib ki, həmin dövrdə jurnalistlər mətbuat azadliğını hiss etdilər. Asanlıqla hakimiyyəti tənqid etmək mümkün idi. Elçibəy deyirdi ki, məni tənqid edin ki, gələcəkdə də hakimiyyəti tənqid edə biləsiniz.

SONDA İKİ XATİRƏ

Eks-prezidentin köməkçisi Oktay Qasimov danışır ki, Elçibəy Kələkidə olduğu vaxt mətbuatda onun başında silahlı dəstə olması barədə məlumat yayılmışdı. Hətta kənddə post qurulmuşdu. Günün birində Elçibəy maşına minərək getdi posta və dedi ki, iş mənim üzərimdədirsə, mən gəlmişəm, məni həbs edə bilərsiniz.

1995-ci ildə Kələki üçün əməliyyat hazırlanır. Rəhmətlik Fətulla Hüseynov xəbər göndərir ki, Kələki bombalanacaq, Elçibəy evini tərk etsin. Elçibəysə cavab verir ki, insanlar günahsızdır. Kəndə hücum etmək olmaz və mən də öləcəmsə ata evimdə öləcəm. Evdən çıxmayacam, bombalayırlarsa kəndi deyil, evimi vursunlar ancaq.


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG