Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:34
«Azərbaycan bir gün güc tətbiq etməli olacaq». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Vəfa Quluzadə deyib.

Vəfa Quluzadə bildirib ki, Qarabağ problemi üçün «nə hərb, nə sülh, nə hə, nə yox» yuyulmuş bir formuldur:

«Bu problem konkret bir problemdir. Azərbaycanın 20 faiz torpaqlarının işğalı Rusiyanın geosiyasi maraqları xatirinədir. Rusiya Azərbaycan və Ermənistanı NATO-ya və Avropa İttifaqına buraxmaq istəmədiyinə görə, eyni zamanda bu ölkələrdə NATO-nun hərbi bazalarının yerləşməsini istəmədiyinə görə nə hərb, nə sülh vəziyyətini saxlayır. Hər bir sülh cəhdinə əngəllər törədir və imkan vermir ki, bu məsələ sülh yolu ilə həll olunsun».

Politoloqun fikrincə, son günlər təmas xəttində baş verənlər də Rusiyanın Azərbaycana təzyiqləridir.

«Bu yaxınlarda Amerikanın müdafiə naziri Azərbaycana gəlmişdi. İndi də Hillari Klinton gəlir. Azərbaycan-Amerika əlaqələri inkişafdadır. Bundan yüksək səviyyədə də ola bilər. Rusiya buna öz münasibətini belə bildirir. Bizi hədələyir».

Politoloq bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında, regiondakı stabillikdə olduqca maraqlıdır. Amma onun qarşısında dayanan var.

«Amerikanın qarşısında nüvə silahlı Rusiya dayanıb. Rusiya zəifləsə də, hələlik Azərbaycan, Ermənistan və Gürcüstana ciddi təhlükə yarada bilər. Ona görə məsələlər ləng gedir. Amma bir gün Amerika öz sözünü deyəcək. O vaxt gəlib çatır».

Vəfa Quluzadə deyib ki, Ermənistanın güc yolu ilə məsələləri həll etməmək barədə Azərbaycana etdiyi təklif absurddur:

«İşğalçı işğal etdiyi dövlətlə belə bir sənəd imzalaya bilməz. Azərbaycanın belə bir sazişə imza atması isə özünün işğal olunmuş torpaqlarından imtina etməsidir. Ona görə Azərbaycan bunu etməyəcək. Azərbaycan bir gün güc tətbiq etməli olacaq. Ancaq vaxtı gələndə».



/ Hazırladı Kamran Mahmudov /

Şərhləri göstər

XS
SM
MD
LG