Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:53

«Azərbaycan bu siyasətlə Qarabağ məsələsində irəliləyiş əldə edə bilməyəcək»


Hasan Oktay
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyib. O bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycanı narahat edir:

«Atəşkəs Ermənistanın xeyrinədir. Statistika göstərir ki, bu vəziyyətdən Ermənistan yararlanır».

Hasan Oktay deyib ki, Azərbaycan ilk növbədə siyasətini dəyişməlidir:

«Azərbaycan diplomatik hücum etməlidir. Əks halda savaş qaçılmazdır. Azərbaycan savaş haqqını əlində saxlamalıdır. Amma siyasi gediş etməlidir».

Hasan Oktayın fikrincə, Hillari Klintonun regiona səfərində bu məsələ gündəmə gətirməlidir. Bu məsələni Azərbaycan daim gündəmdə tutmalıdır:

«Azərbaycanın əlində «kozır»lar var. Neft, Qəbələ radiolokasiya sistemi - bunlar Azərbaycanın əlində «kozır» ola bilər».

Politoloq deyib ki, Azərbaycan bu «kozır»lardan səmərəli istifadə etsə, müharibə variantını daim əlində saxlasa, Qarabağ münaqişəsinin həllində siyasətini dəyişib beynəlxalq təşkilatlar, Amerika və digər ölkələr qarşısında məsələni daim gündəmdə saxlasa, irəliləyiş əldə edə bilər:

«Məndən inciməsinlər, Azərbaycan hazırda yürütdüyü daxili və xarici siyasətlə Qarabağ məsələsində irəliləyiş əldə edə bilməyəcək. 18 ildir bu məsələdə arpa boyda irəliləyişin əldə olunmaması belə deməyə əsas verir».

Əvəz Həsənov
Konfliktoloq, Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov isə deyib ki, belə bir zamanda cəbhə xəttində insidentlər qaçılmazdır. Bunu kimin törətməsinin isə önəmi yoxdur:

«Bu, artıq siyasi oyuna çevrilib. Atəşkəsi pozulmasını Ermənistan əlində «kozır» edir».

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov isə deyib ki, təmas xəttindəki son hadisələr genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər:

«Regionda tək Ermənistan və Azərbaycanın deyil, eyni zamanda güclərin maraqları toqquşur».

Şərhçi deyib ki, Azərbaycan çalışmalıdır və tələb etməlidir ki, münaqişənin həlli tezləşsin:

«Bütün səylər, bəyanatlar gözə kül üfürməkdir. Ermənistan vəziyyəti dondurmaq istəyir».


/Hazırladı Kamran Mahmudov/

Şərhləri göstər

XS
SM
MD
LG