Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su Anbarları və Hidroqovşaqların İstismarı Sektorunun müdiri Abdulrəhim Hacıyev AzadlıqRadiosuna müsahibə verib. Müsahibədə Kür-Araz daşqınlarının səbəbləri haqqında danışılıb. Müsahibəni təqdim edirik:

- Abdulrəhim müəllim, sizcə, Kür-Araz daşqınlarının əsas səbəbi nə idi?

- Bunun əsas səbəbi yağıntıların miqdarının həddindən artıq çox olması idi. Biz heç vaxt bu qədər yağıntının olmasını proqnozlaşdırmamışdıq. Bundan başqa, qonşu ölkələrlə də bağlı situasiya dəyişib. Belə ki, əvvəllər İranda, Türkiyədə, Gürcüstanda, Ermənistanda yaz vaxtı suyu anbarlara yığırdılar və Azərbaycana gələn suyun həcmi az olurdu. Təəssüf ki, payızda da yağışlar çox düşdü və bu ölkələrdə də məcbur qalıb anbarları doldurmuşdular, nəticədə isə bu yaz Azərbaycana çaylarla gələn suyun miqdarı həddindən artıq oldu.

- Mütəxəssislər bir səbəb kimi bunu göstərirdilər ki, «Azərenerji» Səhmdar Cəmiyyəti mazutu satır, həmin mazutdan əldə etməli olduğu enerjini Mingəçevir Su Anbarından alır, yəni, bu anbarda suyun səviyyəsini yuxarı həddə saxlayır. Əslində isə yaz aylarında suyun səviyyəsini 40 metrə qədər azaltmalı idi, yağıntının miqdarı çox olanda artıq su Mingəçevir Su Anbarına yığılmalı idi ki, çaylar daşıb rayonları basmasın.


- Mingəçevur Su Anbarı tikilən vaxt onun istismar əsasnaməsi hazırlanıb. Həmin əsasnaməyə görə, aprelin 1-ə kimi suyun səviyyəsi 80,6 m-ə kimi saxlanılmalıdır. Amma biz bu yaz səviyyəni 78,2 metrə qədər aşağı salmışdıq. Buna baxmayaraq, gələn suların miqdarının normadan beş dəfə artıq olması nəticəsində həm Şəmkir Su Anbarı, həm də Mingəçevir Su Anbarı tam həcmdə doldu və güclü sel baş verdi.

- Və suyun bu təzyiqinə bəndlər dözmədi. Halbuki, yayılan məlumatlara görə, bu işlərə 400 milyon manata qədər vəsait ayrılmışdı...

- Bizim ölkə boyunca 1600 km –lik bəndlərimizin təmiri üçün 11 il ərzində 17 milyon manat pul nəzərdə tutulub. Hər kilometrə təqribən min manat pul düşür.

- Deməli, əlavə vəsaitə ehtiyacınız var idi? Bəs niyə bu haqda əvvəlcədən demirdiniz?

- Biz bilmirdik axı belə olacaq. Su 2000 kubmetr həcmində gələndə bəndlər dözürdü, artıq təzyiq 2500-ə çatanda dözmədi, uçdu. Bizdə belə proqnoz yox idi axı Kür və Araz çaylarında suyun miqdarı bu həddə çata bilər.

- Daşqınlardan sonra başladınız Kürün və Arazın dənizə töküldüyü yerdə- deltada lili təmizləməyə. Niyə bunu əvvəlcədən etmirdiniz?

- Cəmiyyətə ayrılan səlahiyyət və maliyyə çərçivəsindən biz öz işimizin öhdəsindən gəlmişik. Çayın deltası indiyə qədər heç vaxt təmizlənməyib müstəqillik dövründə. 80-ci illərin sonuna qədər deltanı gəmilər özləri təmizləyirdilər. Sonra dayandı bu iş. Deltanın lilli olması daşqınların baş verməsində cəmi 20 faiz rol oynayır. Bu, elə də böyük səbəb deyil axı.

- Bəs deltanın lilli və təhlükə mənbəyi olması barədə niyə məlumat verməmişdiniz?

- Bu, bizim səlahiyyətimizdə deyil. Çayda bu cür işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi görür.

- Sizin daha çox vəsaitə və səlahiyyətə ehtiyacınız var idimi?

- Məsələ bunda deyil. Bütün dünyada daşqınlar olur. Avropada, Asiyada, Amerikada. Niyə axı bu ölkələrdə daşqınlar olanda heç kimdə günah görmürsüz, Azərbaycanda belə hadisə olanda günahkar axtarırsız. Allahla mübarizə aparın da. Bir dəfə də Allaha qarşı çıxın ki, niyə aylarla yağış yağdırdı. Sizin jurnalist yanaşmanız düzgün deyil, sanki cinayətkar axtarırsız. Ərazidə işləyən 10 mindən çox məmurunun əməyini qiymətləndirmirsiniz. Günahkar axtarmaq lazım deyil. Səbəb budur ki, çaylar proqnozlaşdırılan həddən beş dəfə çox su gətirmişdi. Səbəb ancaq budur.

- Kür-Araz daşqınları ilə bağlı bir versiya da budur ki, bu çayların məcrası həddən artıq lillənib və lil vaxtında təmizlənmədiyi üçün suyun miqdarı artanda daşqın baş verib...

- Axı hansı texnologiya ilə bu çayı təmizləyəydik?! Kür çayının eni 300 metrdir. Bunun üçün xüsusi texnologiya olmalı idi.

- Bəs vaxtında niyə müraciət etməmişdiniz bu texnologiya üçün?

- Müraciət etməklə deyil, bunu təmizləməyin yolunu tapmaq lazımdır.

- Bəs niyə tapmamışdınız indiyə qədər yolunu. Nəticədə bu qədər itki baş verdi?

- Dünyada belə bir təcrübə yoxdur ki, bu böyüklükdə çayın məcrası təmizlənsin. Respublikanın minlərlə problemi var. Bu işləri görmək üçün 100 milyardlarla pul lazımdır.

- Siz müraciət etmişdinizmi hökumətə əlavə vəsait üçün?

- Mən sizin məqsədinizi başa düşmürəm.

- Məqsədim aydınlaşdırmaqdır.

- Siz yanaşmanı dəyişməlisiniz. Siz özünüzü müstəntiq kimi aparırsınız və bu qədər əziyyət çəkən adamların əməyini qiymətləndirmirsiniz.

Şərhləri göstər

XS
SM
MD
LG