Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:32

Təbii fəlakətdən ziyan çəkmiş kəndlərin köçürüləcəyi yer müəyyənləşdirilib


Dövlət Komissiyası Azərbaycanda təbii fəlakətdən ziyan çəkmiş kəndlərin köçürüləcəyi yeri müəyyənləşdirib. Seldən ziyan çəkmiş evlərin təmirinə iyunun 23-dən başlanacaq.

Bu gün Azərbaycanda baş verən təbii fəlakətlə bağlı yaradılan hökumət komissiyası üzvlərinin iştirakı ilə Sabirabaddakı operativ qərargahda müşavirə keçirilib. Müşavirəyə baş nazirin müavini Abid Şərifov rəhbərlik edib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında müzakirə olunan məsələlər haqqında məlumat verib:

“Komissiyanın bugünkü iclasında köçürəcəyimiz kəndlərin yeri müəyyənləşdi. İmişli, Sabirabad və Saatlı rayonları ərazisində kəndlərin əvvəlki yerinə yaxın ərazilər seçilib. Yeni seçilən yerlər çox müvafiqdir, orada infrastrukturun tezliklə yaradıla bilməsi üçün də imkanlar var. Komissiya ilkin qərar hazırladı, yəqin ki, yaxın vaxtlarda təsdiqlənər”.

K.Heydərov təmir olunacaq evlərdə işlərə isə sabahdan başlanmasına qərar verildiyini diqqətə çatdırıb: “Hansı evlər ki, uçmayıb və o kəndlər ki, köçürülməyəcək, sabahdan orada evlərin təmirinə başlanır. Əvvəldən də dediyimiz kimi, bəndlərin arasında yerləşən kəndlərin də yaxın yerlərə köçürülməsi məsələsi həll olundu. Bilirsiniz ki, bu kəndlər birinci və ikinci bəndlərin arasında yerləşir. İkinci bəndlərdən sonrakı ərazidə yerləşən kəndlərin gələcəkdə təhlükəsizliyini təmin etmək üçün isə təhlükəli yerlərdə bəndlərin möhkəmləndirilməsi və yeni bəndlərin tikilməsi məsələsi müzakirə olundu. Yəqin ki, bu məsələ yaxın vaxtlarda layihələr təqdim olunandan sonra həllini tapacaq”.

Nazir müşavirədə təbii fəlakətdən zərər çəkmiş əhaliyə kompensasiyaların ödənilməsi məsələsinin də müzakirə olunduğunu bildirib: “Amma hələlik tam qərar verilməyib. Elə yerlər var ki, hələ də suyun altındadır, orada dəymiş ziyanı hesablaya bilmirik. Cənab prezident həm Bakıda, həm Şirvanda keçirilən müşavirədə, eləcə də əhali ilə görüş zamanı bütün əhaliyə dəyən ziyanın dövlət tərəfindən ödəniləcəyini bildirib. Dövlət komissiyanın tərkibindəki alt komissiyalar, demək olar ki, işlərini yekunlaşdırıb. Əhalinin təsərrüfatına, mal-qarasına, məişətinə dəyən ziyanlar da hesablanır, onlara hansı həcmdə kompensasiyaların ödəniləcəyi müəyyənləşdirilir. Dəqiq qərar çıxarmaq istəyirik ki, əhali yeni evlərinə köçəndən sonra məişət baxımından heç bir problemlə üzləşməsin. Bu həftənin sonuna qədər artıq yekun qərarımızı verəcəyik. Yay fəslində evlərindən köçmüş insanlar bu bəladan ləyaqətlə, dözümlə çıxıblar. Qısa müddətdə cənab prezidentin tapşırığı ilə bütün insanları öz evlərinə qaytaracağıq. Aidiyyəti orqanların nümayəndələri bugünkü müşavirədə iştirak edirdilər. Kimin öhdəsinə nə düşürsə, yerinə yetirəcək”.

/APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG