Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:06

Sürücülük vəsiqələri üçün minimum yaş həddi dəyişdirildi


Azərbaycanda sürücülük vəsiqələri üçün minimum yaş həddi dəyişdirilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında «Yol hərəkəti haqqında» qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı danışıb.

APA-nın məlumatına görə, Əli Hüseynov deyib ki, «A», «B», «C» kateqoriyasına daxil edilən nəqliyyat vasitələrini idarə etmə hüququnun 18 yaşdan, «BE» kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnun 19 yaşdan, tramvayları, trolleybusları və «CE», «D» kateqoriyasına daxil edilən nəqliyyat vasitələrini idarəetmə hüququnun 21 yaşdan, «DE» kateqoriyasına daxil edilən nəqliyyat vasitələrini idarə etmə hüququnun isə 24 yaşdan verilməsi təklif olunur.

Təklif olunan digər dəyişikliyə əsasən, avtomobil və avtobuslarda hər iki tərəfdən arxanı göstərən xarici güzgülər olduqda, pəncərələrdən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Hərəkət sürətində də dəyişikliklər nəzərdə tutulur:

«Qanuna təklif olunan dəyişikliyə əsasən, yaşayış zonalarında və həyət ərazilərində sürət saatda 20 kilometrdən çox olmamalıdır».

Əli Hüseynov, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklərin təklif edildiyini deyib. Qeyd olunub ki, bir sıra hallarda yol hərəkəti ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.

Müzakirələr zamanı çıxış edən deputat Nazim Məmmədov Milli Məclisin deputatlarının avtomobillərinə fərqləndirici nişanların verilməsi təklifi ilə çıxış edib.

Deputat Pənah Hüseyn isə bu əlavə və dəyişikliklərin korrupsiyaya yol açacağını deyib.
Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

İndiyədək sürücülük vəsiqələri üçün minimum yaş həddi, əsasən 18 götürülüb. Tramvay sürücüləri üçün bu rəqəm 20, trolleybus sürücüləri üçün isə 21 olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG