Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:21
Təhsil naziri Misir Mərdanov iyunun 22-də keçirdiyi mətbuat konfransında bildirb ki, artıq orta məktəblərdə mərkəzləşdirilmiş test imtahanlarının nəticələri açıqlanıb və ötən illə müqayisədə məzunların 10 faizi attestat almaq üçün lazımi balı yığa bilməyib. Misir Mərdanov deyir ki, əsasən rayon və kənd məktəblərinin nəticələri suallar yaradıb və onlar bunun səbəblərini araşdıracaqlar.

Təhsil naziri keçirdiyi mətbuat konfransında AzadlıqRadiosunun təhsil siyasəti ilə bağlı suallarını cavablandırıb:

QƏBUL İMTAHANI İLƏ BURAXILIŞ İMTAHANI ARASINDAKI FƏRQ AZALACAQ

- Siz bildirdiz ki, nəticəsi pis olan məktəblərlə bağlı müvafiq tədbirlər görəcəksiz. Ötən il ali məktəbə qəbul üçün ərizə verən abituriyentlərin 60 faizdən çoxu 200 bal toplayıb, attestatındakı qiymətlər yüksək olan abituriyentlərin 7 faizi «2» qiymətinə yaxın bal toplayıb. Bunu necə izah edərdiz? Səbəblərini araşdırdızmı?

- Əvvəla, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıyla bizim keçirdiyimiz imtahanların məqsədləri ayrıdır. Əvvəla, biz 8 fənndən, Tələbə Qəbulu 4 fənndən imtahan götürür. Eyni zamanda, ali məktəbə tələbə qəbulu üzrə yer hökumət tərəfindən təsdiqlənir, məsələn, bu il 25 min yer. Yəni təhsilin səviyyəsinin necə olmasından asılı olmayaraq, o yer 25 mindən artıq olmayacaq. Amma bizim imtahanda isə elə bir məhdudiyyət yoxdur. Ali məktəbdə məhdudiyyət var, yerləşdirmək məsələsində problem yaranır, ola bilsin, yüksək bal toplasın, müsabiqə böyük olsun, keçməsin. Bu imtahanlar ayrı-ayrı məqsədə xidmət edir. Biri yalnız qiymətləndirir, o biri seçir və yerləşdirir. Bunları bir-biriylə müqayisə etmək düzgün deyil.

Digər tərəfdən, ola bilsin, bu gün bu fənndən imtahan verib «5» alır, 20 gün sonra eyni fənndən, amma başqa suallardan «3» alıb. Belə hallar çox olar. Ona görə məncə, buna görə irad tutmaq düzgün deyil.

Ancaq ümumilikdə bu iki imtahanın nəticəsi arasındakı fərq getdikcə azalır, azalacaq da.

«HƏR KƏNDDƏ BİR ALİ MƏKTƏB?»

- Dünya Bankının son məlumatına görə, Azərbaycanda ali təhsillə əhatə əmsalı 17 faizdir. Gürcüstan və Ermənistanda bu rəqəm 30-35 faiz, inkişaf etmiş ölkələrdə isə 50 faizdən yuxarıdır. Azərbaycanda ali təhsillə əhatə niyə belə aşağıdır? Bəzi mütəxəssislər hesab edirlər ki, dövlət ali məktəblərində təhsilin 60 faizi pullu olduğu üçün kasıb əhalinin ali təhsilə əlçatımlılığı çətinləşib.

- Yox, mən deyim sizə. Dünya Bankının bizimlə işləyən qrupunun bir təqdimatına baxdıq. Orda da, digər mənbələrdə də belə məlumatlar var. Tamamilə doğru məlumat ola bilər. Azərbaycan əhalisinin sayı, ali məktəblə oxuyanların sayı bəllidir, bölürlər, tapırlar.

Amma mən bu fikirdəyəm ki, bundan nəticə çıxarıb kütləvi şəkildə ali təhsil alanların sayını artırmaq olmaz. Ali təhsil müəssisəsinin maddi-texniki bazasını və kadr təminatını möhkəmləndirdikdən sonra ali məktəbə tələbə qəbulunu artırmaq olar. Bu, mənim qəti fikrimdir. Yoxsa, yalandan say artır, rəqəmlər çox çıxsın, bunun nə mənası var.

Mən Gürcüstanda dəfələrlə olmuşam. Son məlumatı dedilər ki, 200 ali məktəb var. Öz aramızdır, Gürcüstanın əhalisi Azərbaycandan xeyli azdır, 200 ali məktəbmi olar? Bu, ona bənzəyir ki, 1993-1995-ci illərdə Azərbaycanda 60 özəl məktəb var idi. Hər kənddə bir ali məktəb…Axı, ali məktəb ölkənin, üzr istəyirəm, sifətini müəyyən eləyən məktəbdir.

Məsələn, Azərbaycanda bir ildə orta məktəbi 100 min nəfər qurtarırsa, bunun 60 minini ali məktəbə qəbul eləmək nə deməkdir? Mənə elə gəlir, bu, Azərbaycanın səviyyəsini aşağı salmaq deməkdir.

Əgər Azərbaycanda müvafiq ali məktəblər üçün yeni binalar tikilərsə, laboratoriya, avadanlıq və kadr təminatı indiki səviyyədən çox böyük olsa, onda ali məktəblərə tələbə qəbulunu artırmaq olar. Bu gün, hesab edirəm, 25 min qəbul elə yuxarı həddir.

Bu gün nə varsa, biz daha çox çalışmalıyıq, olanların keyfiyyətini artıraq. Əgər keyfiyyət deyək ki, sizi qane etmirsə, orda artım etməyin nə mənası var? Mən şəxsən bunu mənasız sayıram. Yenə deyirəm, hansısa beynəlxalq qurumun sözüylə iş görə bilmərik, nəzərə ala bilərik onları, amma bizim dövlətin öz siyasəti var, bunu üstün tutub işimizi aparacağıq.

«TƏHSİL SİSTEMİ İLBƏİL İNKİŞAF EDİR»

- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ali təhsillə bağlı tənqidi fikirləriylə razılaşdığınızı bildirmisiz. Təhsil sahəsinə uzun illər rəhbərlik edən bir şəxs kimi bildiyiniz problemləri aradan qaldırmağa sizə nə mane olub?

- Vəziyyət belədir ki…Hər ildə biz təhsilin ayrı-ayrı problemlərini həll edirik. Məsələn, sizə sual verirəm, siz orta məktəbi qurtaranda…gedin orta məktəbə baxın, görün onun maddi-texniki bazası, partası, yazı taxtası siz qurtaran vaxta uyğundur, ya yox? Heç getmisizmi?...Yəqin getməməsiz, hamınız elə havadan danışırsız? Yəni kim nə deyir, desin, mən bu işin içində, həyatımı bu işə həsr eləmiş bir adam kimi məsuliyyətlə deyirəm ki, Azərbaycanda təhsil sistemi, onun maddi-texniki bazası, onun məzmunu ilbəil inkişaf edir, amma təhsil elə bir sahədir ki, onun problemləri həmişə olub. Və dünyanın ən yüksək inkişaf ölkəsi olan Norveç və Finlandiyada da təhsilin problemi var. Heç zaman düşünməyin ki, bu problem öz həllini tapacaq. Azərbaycanın təhsil sistemi inkişaf edir, eləyəcək, nöqsanlarımız var, onu çox yaxşı bilirik. Ən əsası odur ki, bu nöqsanları həll etmək üçün çalışırıq və həll edəcəyik.

«CƏMİYYƏT ATTESTASİYAYA HAZIR DEYİL»

- Uzun illərdir ki, siz müəllimlərin attestasiyadan keçirilməsini gündəmə gətirirsiz, amma hələ indiyə kimi bu addım atılmayıb. Səbəbi nədir?

- Mənə belə gəlir ki, müəllimlərin attestasiyasını keçirməyə bu gün cəmiyyət hazır deyil. Şəxsən mən belə hesab edirəm. Attestasiya keçirməyə başlasaq, hərəniz bir tərəfdən bir məsələ qaldıracaqsız. Bizim müsbət işimizi mənfi tərəfə aparacaqsız. Müəllimlərin təkmilləşdirilməsini, ixtisas artırılmasını aparırıq. Müəllimləri işə götürmək qaydalarını müəyyənləşdirmişik. Elə bu attestasiya deməkdir. Müəllimlərin fəaliyyətinin keyfiyyətini biz qiymətləndiririk. O da attestasiyanın bir növüdür. Sabah gedib on müəllimdən imtahan götürüb problem çıxarmaqdansa, problemi mərhələlərlə ağıllı həll etməyə üstünlük veririk.

Şərhləri göstər

XS
SM
MD
LG