Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:44

Lion Feyxtvanger "Sədaqət" (Hekayə)


Marşal əməlli-başlı qocalmış, tarixi şəxsiyyətə çevrilmiş, şan-şöhrəti də dərs kitablarını doldurmuşdu.

İndi minlərlə küçə, meydan və bir neçə şəhər onun adını daşıyırdı.

Artıq səkkiz il idi ki, öz sakit malikanəsinə çəkilib, siyasi çəkişmələrdən uzaqda yaşayırdı.

Günlərin bir günü Vətən ağır vəziyyətə düşdü.

Məlum oldu ki, marşaldan cavan olan altmış-yetmiş yaşlı şəxsiyyətlərin heç biri onun qədər nüfuzlu deyil və vətəni bu hərc-mərclikdən, fəlakətdən qurtara bilməzlər.

Beləliklə də, ona pənah apardılar və xahiş etdilər ki, vətənin sükanını təzədən öz etibarlı, düyünlü əlinə alsın.

Ulu qoca canlı heykələ bənzəyirdi. Əvvəlki ehtirası, həvəsi sönmüşdü.

Daha heç kəsi sevmirdi. Nifrət etdiyi kin-küdurət bəslədiyi adamların sayı da xeyli azalmışdı.

Həyatın bir çox sevinclərindən də məhrum olmuşdu.

Ancaq qəlbində səkkiz il əvvəlki hakimiyyətin həzin xatirələri hələ də titrəməkdəydi.

Axı adam biləndə ki, öz imzası ilə yüzlərlə, minlərlə insanın taleyini həll edir-getdikcə cavanlaşır, qüvvətlənir,həvəslənirdi.

Elə buna görə də marşal öz ürəyində Vətənin çağırışını qəbul etməyi qərara aldı. Jurnalistlər bayırda dayanıb, onun cavabını gözləyirdilər.

Malikanə uzaqda olduğu üçün telefon xətləri yoxlanmış qaydaya salınmışdı.

Marşal bilirdi ki,bütün dünya nəfəsini içinə çəkib,onun verəcəyi cavabı gözləyir.

Ancaq bir dəfə-düz əlli üç il bundan əvvəl düşünülməmiş addım atmış və qərara almışdı ki,cavab verəndə heç vaxt tələsməsin və indiyəcən də sözünün üstündə durmuşdu.

Elə buna görə də xırıltılı səslə dedi:

— Siz məndən çox şey tələb edirsiniz. Sabah dəqiq cavab verərəm.

Marşal adət eləmişdi:dünya dağılsa da,saat onda yatağa girirdi. İyirmi beş il idi ki,beləydi.

Yalnız müharibə vaxtı həmin qanunu doqquzca dəfə pozmuşdu. Bu gün də saat on olan kimi otağına çəkildi.

Kamerdiner Peter onu soyundurub,gecə köynəyini geydirdi.

— Deməli səhər yeməyi üçün zati-alilərinə iki yumurta bişirəcəyəm, — dedi.

Marşal onun sualına sualla cavab verdi:

— Necə fikirləşirsən, Peter, tezdən saraya köçək?

— Tarix özü bunu zati-alilərindən tələb edir, — Peter yastığı çırpa-çırpa dilləndi. — Axırıncı dəfə saraya köçəndə,zati-alilərinin işləri çox avand olmuşdu.

— Qəbullarda ayaq üstə dayanmaq məni lap əldən salır, — deyə marşal fikrə getdi. — Üç həftə bundan əvvəl legiondan gəlmiş cənabları qəbul edəndən sonra gəzintinin vaxtını qısaltmalı oldum.

— Sizin yerinizə olsaydım,ayda ikicə dəfə qəbul edərdim. Özü də on beşcə dəqiqə.Radio ilə danışmaq bundan asandır. Həm də nəticəsi yaxşı alınır. Zati-aliləri dörd yüz illik yubileydə necə danışdısa,hamı-onu başa düşməyən əcnəbi ölkələrdə də çox adam riqqətə gəldi.

Peter marşalın protez dişlərini stəkandakı suyun içinə qoydu,qulaqlarına pambıq tıxadı. Sonra qələm-dəftər də hazırladı ki,marşal həmin gecə ağlına gələn ideyaları oyanan kimi qeyd etsin.

Marşal bu aralıqda sağ böyrü üstə çevrilmişdi. Peter onun ayaqlarını örtəndə,qoca soruşdu:

— Sən necə fikirləşirsən,doğrudan mənsiz keçinə bilmirlər?

— Keçinə bilməzlər,zati-aliləri, — Peter cavab verdi. Marşal köksünü ötürüb, ayaqlarını o qədər yığdı ki,ana bətnində büzüşmüş körpəyə oxşadı.

— Elədir,— dedi, — onda sabah iki yumurta bişirərsən.

***

Peter marşaldan on beş yaş kiçikdi.

Marşal hələ hauptman olan vaxtdan ona yavərlik eləmiş və ağası yüksəldikcə, o da böyüyüb kamerdiner rütbəsinə çatmışdı.

Marşal çoxdan şövqünü itirib, heykələ çevrilmişdi və həmin süvari heykəlin atı da Peter idi.

Marşalı allahdan sonra ən yaxşı tanıyan məhz Peter idi.

Kamerdiner marşalı tarixi şəxsiyyətə çevirən nüfuzun necə yarandığını yaxşı bilirdi.

Bilirdi ki, həmin nüfuzu yaradan marşalın dolu sifəti,ağayana sakitliyi,sözə xəsisliyidir.

Ağzından çıxan sözlər tunc kimi sərt idi. Heç kəs ağlına gətirə bilməzdi ki, marşal nədəsə tərəddüd eləyər.

Kimin nə həddi vardı ki,onun bir sözünü iki eləyəydi.

Uzun həyat yolunda marşalın qabağına çox adam çıxmışdı.

Ancaq qəlbində yalnız bircə nəfər olmuşdu ki, o da özü idi.

Peter onun kin-küdurət dolu qəlbinə yaxşı bələddi.

Peter bilirdi ki, bəzi anlarda ən humanist adam da marşalın yerinə olsa, yüzlərlə,minlərlə insanı ölümə göndərəməkdən çəkinməzdi. Ancaq həmin adam vicdan əzabı çəkərdi. Marşalınsa heç nə vecinə deyildi.

Yüzlərin,minlərin taleyi onu maraqlandırmırdı.

Ölüm hökmünü verəndə çox soyuqqanlı olur və belə soyuqqanlılıq göstərməyə mənəvi haqqının olub olmaması barədə düşünmürdü.

İşlər düz gətirməyəndə çiyinlərini çəkirdi. Ancaq elə ki, hər şey yaxşı oldu, Vətənin alqışlarını halal haqqı kimi qəbul edirdi.

Saat onda yatağa girir və rahatca yatırdı. Peter özü dəfələrlə bunun şahidi olmuşdu.

Marşal heç vaxt iti zəka sahibi olmamışdı. Hərbi akademiyanı bitirmişdi.

Bəzən boş qalmaqdansa,səhv bir iş tutmaq yaxşıdır.

Marşal da həmişə bunu əsas tutmuşdu. Özü fatalist idi. Vəzifəsi qərar çıxarmaqdı. Və çıxardığı qərarın nəticəsinin ona dəxli yoxdu.

Elə bu dəhşətli, fatalist təkəbbürün nəticəsi idi ki, çıxardığı qərarları

Peterlə müzakirə edirdi. O qərarları ki, ölkənin, dünyanın taleyini həll eləyirdi.

Marşal da, Peter də eyni əyalətdən, eyni kənddən idilər. Marşalın ulu babaları həmin kənddə uzun illər ağalıq, Peterin ulu babaları isə nökərçilik eləmişdilər.

Peter indi həmin torpağın bir parçası idi.

Marşal onunla danışanda sanki özü ilə söhbət edirdi.

Qocaldıqca da özü ilə daha çox söhbət edirdi.

Peterlə marşalın xasiyyətləri, fikirləri bir-birindən çox fərqlənirdi. Peterə elə gəlirdi,bəzən boş qalmaqdansa,nəsə səhv bir iş tutmaq yaxşıdır.

Ancaq o, öz ölkəsini sevirdi.

Ölümə gedən yüzlərə,minlərə biganə qala bilmirdi. Peter fatalist deyildi.

İnanırdı ki, ağılın köməyilə şəri boğmaq,xeyirə qol-qanad vermək olar.

Marşal tarixi şəxsiyyət, Petersə ağıllı vətənpərvər bir adamdı.

Marşalın hökmü, Peterinsə zəkası vardı.

Əlbəttə, Peter başındakı ağıllı fikirləri marşaldan gizlədirdi. Özünü çox sadəlövh aparırdı. Ağzından çıxan sözlər sadə xalq müdrikliyi kimi əslənirdi.

Danışarkən çoxlu atalar sözü işlədir, olmuş əhvalatlar söyləyir, atası, babası ilə bağlı xatirələr danışırdı.

Məqsədi də bu olurdu ki, xalqına biganə olan marşalın çıxardığı qərarlar xalqına biganə olmayan Peterin istədiyi kimi alınsın.

Peterin atası da, babası da yavaş-yavaş marşal üçün el müdrikliyinə bələnmiş obrazlara, xalqın nümayəndələrinə, əfsanəvi qəhramanlara, patriarxlara çevrilirdilər.

Peter onların vasitəsilə marşalı da, ölkəni də idarə edirdi.

Marşal səhər-səhər oyanarkən qeyd etdiyi ideyalar

Petrin atasının, babasının müdrikliyindən yaranır, Peterin ideyaları olurdu.

***
Qoca marşal sükan arxasına keçən zaman ölkə çox dəhşətli təhlükələr qarşısında aciz qalmışdı.

Camaatın boynuna sanki məhrumiyyət, çətinlik vergisi qoyulmuşdu.

Marşalın ilk həftələr, ilk aylar Peterin atasının,babasının köməyi ilə ölkəni belə təhlükələr arasında necə məharətlə idarə etməsi hamını hamını heyran qoydu.

Hətta onun siyasətinə qarçı şıxan rəqiblərinə də hərdən elə gəlirdi ki,onlara böyüklük eyləyən adam doğrudan da, xalqın bütün çətinliklərini duyur,dar ayaqda özünü itirmir.

Marşalın əsəbləri polad kimi möhkəmdi, ölkənin düşdüyü çətinliklərə, hökmdar olmağın dəhşətli gərginliyinə mətanətlə dözür, saat on olan kimi yatağına girir və rahatca yatırdı.

Ancaq Peterin yuxusu ərşə çəkilmişdi.

Yerinə yetirdiyi vəzifə onu yavaş-yavaş əridirdi. Sarayın çıxardığı qəraralar onu için-için yeyirdi. Peter marşaldan on beş yaş kiçik olsa da ağası kimi qocalmışdı.

Düzdür, saraya yenicə köçmüşdülər, ancaq o, günlərin birində,səhər-səhər marşala yemək aparmaq əvəzinə, atasının, babasının yanına köçdü.

Marşal nəsə razılığa bənzər bir hiss keçirdi.

Eh,bu Peterdən ömrü boyu xırda-para qulluqlardan başqa heç nə görməmişdi!

Ancaq marşal belə böyük ölkənin yükünü çiynində tək daşıyırdı.

Öz kamerdinerindən on beş yaş böyük olsa da hələ sağ-salamatdı.

Lakin bu zəfər təntənəsi çox çəkmədi.

Təzə kamerdineri Frans öz vəzifəsini, əslində çox vicdanla yerinə yetirirdi.

Bu ulu qocaya elə qayğıkeşliklə, elə nəvazişlə qulluq edirdi ki, sanki onun quruyub kötüyə dönmüş cəsədi müqəddəs bir varlıq idi.

Amma təzə kamerdinerin bu hərəkətləri marşala çox səfeh görünür və tez-tez onun qarasınca deyinirdi.

Yenicə başa düşmüşdü ki, Peter onun kisəsindən gedib.

Sadəlövh oğlan olsa da, ağzından çıxan hər söz xalq müdrikliyindən xəbər verir və hökmdarı ruhlandırırdı.

Marşal təzə kamerdinerinin adına da öyrəşə bilmirdi, ona tez-tez Frans əvəzinə Peter deyirdi.

Bəhanəsi də bu olurdu ki,təzə kamerdiner gecə ağlına gələn ideyaları yazmaq üçün onun yanına qələm-dəftər qoymurdu.

Marşal bilirdi ki, xoşbəxtliklə bədbəxtlik əkiz doğulub.

Əvəllər bunun o qədər fərqinə varmasa da,indi daha kəskin şəkildə duyurdu.

Peterin ölümündən sonra xoşbəxt günlərin sayı xeyli azalmışdı.

Marşalın çıxardığı qərarlar əvvəlki kimi xalqın ürəyincə olmurdu. Zidiyyətlər dərinləşir,radiodakı çıxışların təsiri zəifləyir, ünvanına yağdırılan təriflərin sayı azalırdı.

Bir axşam da o biri üzünə çevriləndən sonra Frans çıxıb getdi. Marşal,adəti üzrə,dişsiz damaqlarını bir-birinə sürtə-sürtə mızıldamağa başladı:

Sən nə fikirdəsən, Peter deyə əvvəlki kimi soruşdu.

Peterin səsi eşidildi: ”Bir dəfə babamın yanına...” — başına gələn hadisələrdən birini danışmağa başladı.

Marşal təəccübləndi:çoxdan ölmüş Peter yenə də çarpayısı önündə dimdik dayanıb başına gələn hadisəni təvazökarlıqla nəql edirdi.

Ancaq, marşal, əslində çox da təəccüblənmədi.

Çünki ölmüş adamlarla söhbət etməsi birinci dəfə deyildi və həmin anlarda da heç bilmirdi ki, yatıb,yoxsa oyaqdır...

Düzünə qalsa, Peterin ona hələ də qulluq eləməsi təbii idi,çünki marşal öz kamerdinerinə böyük yaxşılıq eləyib,uzun müddət yanında saxlamışdı.

Sədaqət ən böyük ehtiramdır və bir sədaqət ki,ölümün qarşısında aciz qalır,deməli əsl sədaqət deyil!

Həmin gündən sonra marşal hər axşam öz sədaqətli Peterilə söhbət etməyə başladı.

Yatağa girən kimi gizli bir səbirsizliklə Fransın getməsini gözləyirdi.

Doğrudan da, Frans aralanan kimi Peter onun yerində peyda olur, atasının,babasının o sadə,müdrik kəlamlarını söyləyir və səhər açılanda da marşal həmin gecə ağlına gələn ideyaları iri, yöndəmsiz hərflərlə qeyd dəftərçəsinə yazırdı.

Ancaq bunula belə, indi çıxardığı qərarlar Petersiz günlərində verdiyi hökmlərdən o qədər də fərqlənmirdi.

Peter sağ olarkən tökdüyü tədbirləri xalq həmişə razılıqla qarşılayırdı.

***
Günlərin bir günü şər qüvvələrə elə gəldi ki,marşal çox tərsləşib, daha heç kəslə hesablaşmır.

Tələb etdilər ki, əllərində oyuncağa çevirdikləri bir adamı kansler vəzifəsinə qoysun.

Marşal özünə yaxın bildiyi bir neçə adamla məsləhətləşdi. Ancaq heç kəs cəsarət eləyib öz fikrini açıq söyləmədi.

Marşal ağıllı adam olmasa da başa düşdü ki, onu real hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər.

Çox güman ki,belə fikirləşirdilər:qoca dövlətin başında dayanıb,ona caladıqları kanslerin bu əməllərini təsdiq etsə,daha yaxşı,daha şərəfli olar.

Çox ehtiyatla irəli sürülən bu təklif marşalın xoşuna gəlmədi.

Özünün qalan günlərini təzə kamerdineri Fransla malikanədə keçirmək də istəmirdi. Onsuz da çox yaşamayacaqdı və qalan günlər də ləzzət dolu vəzifəsiz heç nə olardı.

Şər qüvvələrin işə keçirmək istədiyi həmin qoçağı çox həvəssiz qarşıladı. Öz malikanəsinə də həvəssiz köçdü.

Həmin axşam marşal Fransın getməsini həmişəkindən də səbirsizliklə gözləyirdi. Axır ki,zəhlətökən kamerdiner içəridən çıxdı və Peter də həmin dəqiqə peyda oldu.

— Sən nə fikirdəsən?, Peter, — deyə soruşdu,— o kişini vəzifəyə qoyum? Axı,çox şübhəli adama oxşayır.

Peter babası haqqında bir lətifə danışdı. Həmin lətifədə söhbət evdən,quduz itdən gedirdi.

Evə sahib olmaq üçün həmin quduz iti də saxlamaq lazımdı. Lətifənin axırı dumanlı qurtardı.

Belə çıxırdı ki, Peterin babası itdən uzaq olmaq üçün evdən imtina edib. Sonluq marşalın xoşuna gəlmədiyi üçün səbirsizliklə soruşdu:

— Neylədi? Bir az aydın danış. Elə mızıldayırsan ki, heç nə başa düşmək olmur. Deyəsən əməlli-başlı qocalırsan.

Peter yenə də mızıldadı və marşal lətifəni istədiyi kimi başa düşdü: Peterin babası quduz itə baxmayıb,evi götürür...

Marşal şübhəli adamı həmin vəzifəyə qoydu və özü də hakimiyyətdə qaldı. Bütün ölkə qəzəbləndi. Peter o axşam gəlmədi.

Marşal nankor, etibarsız xalqın qarasınca deyindi.

Səhəri gün ayılıb,qeydlərini köçürmək istəyəndə gördü ki, vərəq doludur.

O biri səhifəni çevirdi...Sonra ikincisini...və belə-belə axıra çatdı.

Son səhifə də dolu idi. Hamısını da başqası yazmışdı. Peterin xətti idi. Oxudu: ,,Köhnənin kin-küdurətli axmağı olmaq nə böyük dərd imiş...”

Marşal diksindi.Əlbəttə, bilirdi ki, ölmüş Peterlə indiyəcən xəyalən söhbət etmişdi.

Ancaq ölmüş bir adamın yaza da bilməsionu yerindən oynatdı.,,Bundakı cəsarətə bax! — deyə acı-acı düşündü. — Qorxağın biri qorxaq!

Öləndən sonra ürəklənir.”Lakin orda oxuduğu sözlər iliyinə işləmişdi və saraya köçən gündən ilk dəfə səhər-səhər yerindən durmadı.

Həmin günün tədbirləri başqa vaxta keçirildi.

Sonra özü-özünə dedi ki, bunun hardan gəldiyini yaxşı bilir.

Sırtıq Peter öz miskin kölə qəlbini hələ sağlığında bu vərəqlərə boşaldıbmış,vəssalam.

Qoçağım elə bilib ki,onları vaxtında cırıb atacaq. Ancaq çatdırmayıb. Yaxşı ki,marşal da xeyli yaşayıb və o etibarsızın fırıldağının üstünü açdı...

Amma bunula da təsəlli tapa bilmədi.

Hələ heç bir hadisə onu qəbirdən xortdamış bəduğur Peterin sözləri qədər sarsıtmamışdı.

Qocanın bütün inamı qırıldı və onunla bərabər həyat eşqi də sönüb getdi...

Marşal hakimiyyətdə qalsa da, vəzifəyə qoyduğu həmin şübhəli adam onun səsini həmişəlik aldı, əl-qol açmağa qoymadı.

Quruca kölgə kimi sarayda oturub qaldı və bütün dünyada bildi ki, həmin tarixi şəxsiyyət orden-medallarla bəzədilmiş hərbi mundirdən başqa heç nə deyil...

Tərcümə edəni Müşfiq Rəsulov

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG