Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:25
«İspaniyanın qol vuran ayaqları İsveçrə müdafiəçiləri qarşısında aciz görünürlər».

Futbol üzrə dünya çempionatını yayımlayan Azərbaycanın yerli televiziyasında şərhçi bu ifadələri deyəndə artıq İsveçrə İspaniyanın qapısından bir top keçirmişdi.

İyunun 16-da futbol üzrə dünya çempionatının birinci turunda İspaniyanın İsveçrəyə 1:0 hesabı ilə uduzması Bakıda İspaniya yığmasına azarkeşlik edən Asif Muxtarovu çox məyus edib:

ADAM HEÇ FUTBOLA BAXMAQ İSTƏMİR


«İspaniyanın fanatıyam, belə olmamalı idi. İspaniyanın İsveçrəyə uduzmasından sonra adam heç futbola baxmaq istəmir. Avropa çempionu İsveçrəyə uduzmamalı idi».

Amma Asif Muxtarov yenə də ümidini üzmür, hesab edir ki, azarkeşlik elədiyi komanda çempion olmaq şansını hələ itirməyib:

«Mən İspaniyanı yenə də çempion görürəm».

Asif Muxtarovun narahatlığını digər azarkeşlər də bölüşürlər və çempionatın sürpizlərlə dolu olacağını düşünürlər:

«Çünki İspaniya kimi komandanı İsveçrə uddusa, bu dəfə nə isə sürprizlər olacaq».

AZƏRBAYCANDA HANSI KOMANDALAR MƏŞHURDUR?

Azərbaycanlı fanatların azarkeşlik etdiyi yığmalar arasında Argentina millisi də var
Azərbaycanda Almaniya, Braziliya, Argentina və İspaniya komandalarına azarkeşlik edənlər üstünlük təşkil edir. Bu da təsadüf deyil. Bu dəfə Azərbaycan azarkeşlərinin də yaxından izlədiyi Türkiyə millisi dünya çempionatından kənarda qalıb.

Azarkeşlərin çoxu ötən çempionatla müqayisədə builki çempionatın zəif keçdiyini bildirirlər:

«Hələ ki Almaniyadan başqa normal oyun göstərən komanda yoxdur. Braziliya çox zəif oynadı. Bundan əvvəlki çempionatı nəzərə alsaq, yaxşı oyun getmir, oyun tərzi çox zəifdir».

Braziliya və Argentina komandalarına azarkeşlik edən Hüseynağa Həşimov isə çempionatın zəif getməsi fikrilə razılaşmır. Hesab edir ki, əsas oyunlar hələ qabaqdadır və qızğın qarşılaşmalar da bundan sonra olacaq:

«Mən deməzdim ki, oyunlar sönük gedir, oyunlar hələ təzə başlayıb, komandalar əsas gücünü göstərməyiblər. Elə komandalar var ki, ən yaxşı oyunçularını hələ meydançaya çıxarmayıblar, çünki qabaqda güclü oyunlar var. Yəni, komandalar belə taktikaya üstünlük verirlər».

Almaniya komandasının birinci turda yaxşı oyun göstərdiyini bildirən həmsöhbətlərimin bir çoxu elə bu komandanın da çempion olacağını düşünür.

BİRİNCİ TUR BAKIDAKI AZARKEŞLƏRİN ÜMİDİNİ DOĞRULTMADI

«Futbol +» qəzetinin baş redaktoru Mahir Rüstəmli hesab edir ki, futbol üzrə dünya çempionatının başa çatan birinci turu azarkeşlərin ümidlərini doğrultmayıb. Bu səbəbdən də o, azarkeşlərin iradlarını haqlı sayır:

«Təsəvvür edin ki, üç-dörd oyunu fərqləndirmək olar. İngiltərə-ABŞ, Almaniya –Avstraliya, İtaliya-Paraqvay və İsveçrə-İspaniya. Bundan başqa, oyunlarda məhsuldarlıq çox aşağıdır. Yəni birinci turun 16 oyununda cəmi 25 qol vurulub. Futbolun bəzəyi qoldur, azarkeşləri də qol maraqlandırır. Ayrı-ayrı ulduz komandalar var ki, biz onların ifasında lazımı səviyyədə oyun görmürük. Bütün bunları üst-üstə gələndə təbii ki, dünya çempionatı azarkeşlərin ümidini doğrultmayıb».

Mahir Rüstəmli
Çempionatın birinci turundan fərqli olaraq Mahir Rüstəmli növbəti turun oyunlarının yaxşılığa doğru dəyişəcəyini düşünür. İlk turda Almaniya yığmasının daha yaxşı oyun nümayiş etdirdiyini deyən baş redaktor, sonda kimin çempion olacağı ilə bağlı proqnoz verməyə ehtiyatlanır.

Azərbaycanda dünya çempionatına kafelərdə, fan-klublarda baxanlar o qədər də çox deyil. Adamlar çempionatı əsasən öz evlərində seyr edirlər.

EVDƏ BU RƏNGARƏNGLİK OLMUR


Çempionat başlayan gündən oyunları Bakıdakı «Cim-bom» fanklubunda izləyən Asif Muxtarov bunun başqa ləzzəti olduğunu deyir:

«Orda mən otururam və başqası da, hərə bir komandaya azarkeşlik edir, mənim azarkeşlik etdiyim komanda qol vuranda sevinirəm, o biri adam üzülür, yəni futboldan həzz alırsan, futbol həyəcanını yaşayırsan. Amma evdə bu rəngarənglik olmur».

Bu il Azərbaycan Futbol Federasiyasının xətti ilə dünya çempionatına ayrılan 100 biletin hamısı satılıb. Oyunların keçiriləcəyi yerlərdən asılı olaraq bu il biletlərin qiymətləri 80-700 avro civarında olub. Federasiyanın mətbuat xidmətindən deyirlər ki, futbol üzrə ötən dünya çempionatına da elə bu qədər bilet satılıbmış.

Şərhləri göstər

XS
SM
MD
LG