Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:18
Bu həftənin bloqlarında yarpaq qıran jurnalistdən tutmuş qırğızlarla özbəklər arasında qanlı toqquşma, futbol, azərbaycanlı istifadəçilərin İnternetdə ən çox lüt şəkillər axtardığı barədə yazılar gedib

«MÜXALİFƏT YARPAQLARI YOLMAĞI TAPŞIRACAQ»

Əli Novruzov bu günlərdə jurnalist Natiq Ədilova hücumla bağlı kinayəli düşüncələrini bölüşür. Bloqçunun yazısının adı da belədir – «Yaşıllıqları qıran müxalifətçi jurnalist yerindəcə layiqli cavabını aldı»:

«2010-cu il Azərbaycanda ekologiya ilidir. Bu məqsədlə ölkəmizdə 3 milyon ağac əkilməsi planlaşdırılır. Hökumətin analoqu olmayan siyasəti nəticəsində cənnət olan Azərbaycan bundan sonra tamamilə yaşıllıqlar içində itəcəkdir. Lakin sən demə ölkəmizdə bu planlara qarşı olan və onları sabotaj etmək istəyən qüvvələr də var imiş və bu qüvvələrin məkrli planı sadə bir vətəndaşın sayıqlığı sayəsində ictimaiyyətə məlum olmuşdur.

Belə ki, dünən müxalifətçi jurnalist və köşə yazarı Natiq Ədilov Bakının 20-ci sahə adlanan ərazisində aktiv şəkildə yaşıllıqların məhvi ilə məşğul olurmuş…Müxalifət düşərgəsinə yaxın mənbədən aldığımız məlumata görə, bu il Azərbaycadan ekologiya ilinin sabotajı üçün tam hazırlıqlar getməkdədir. Mənbəmiz bildirir ki, müxalifət liderlərinin göstərişi ilə həlledici məqamda bütün insan resursları gözəl Bakımızın parklarına və yaşıllıqlarına göndəriləcək və onlara bütün ağacları və yarpaqları yolmaq tapşırılacaq… ».

Vəfa Cəfərova yazır:

«Bu adam Natiqi döyüb və efirdə deyirdi ki, sən vətənpərvər deyilsən ki, məni - şəhid ailəsinin üzvünü salmısan polisə! Bu millətə zaval yoxdur! Nə qədər desə də ki, sistem günahkardır xalqın günahı yoxdur! Əl çəkin xalqı qınamaqdan və s! Mən həmişə demişəm və deyəcəm də! İnsanların vicdanını sistem necə ala bilər? İnsanın ləyaqətini və şərəfini sistem necə ala bilər? Heç cürə! Kim nə deyisə desin! Gürcüləri tez-tez özümüzə misal çəkib özümüzə təsəlli veririk! Amma gürcülərdə bizdə olmayan çox gözəl bir hiss var - Milli qürur! Onlar gürcü olduqlarına görə qürur hissi keçiririlər!..Nə qədər ki, problem həll olunmayacaq naməlum şəxslərin məlum şəxslərə təcavüzü davam edəcək!».

Orhan Aip isə döyülən cəbhəçidən yazıb:

Natiq Ədilovun hücuma məruz qalması bloqçuların əsas mövzusudur
«AXCP üzvü olduğu deyilən bir gəncin naməlum şəxslər tərəfindən döyüldüyü bildirilir. Hadisə vaqe olur «28 May» metrostansiyası yaxınlığında. Əslində insanın döyülməsində qeyri-adi heç nə yoxdur. Yerli şəraiti nəzərə alsaq, buna birdən artıq səbəb var: qız üstündə adamı döymək olar, borc üstündə, məhəllədə söyüş söymək və s. Bir sözlə, aqressivliyə həddindən artıq çox səbəb var. Amma məni adi söhbətlər maraqlandırmadığı üçün, bütün bu versiyaların üzərindən səssiz-səmirsiz keçək.

AXCP üzvünə 2 nəfər yaxınlaşaraq, ondan «Cəbhəçisən?» soruşublar. «Hə» cavabını alan kimi də oğlanı döyüblər».

«GƏNCƏDƏ İNSANLARIN ÜZÜ DAHA KƏDƏRLİDİR»

Şahbaz Xuduoğlunun Gəncə səfəri yaman hüznlü keçib. Bunu postundan hiss etmək olar. Bloqçu yazır ki, Gəncədə adamların sifəti daha kədərlidir, bir yerdə dayanan, yaxud çayxanada çay içən hər kəsin damağında siqaret tüstülənir. İnsanlar Bakı adamlarına nisbətən daha başıaşağıdır:

«Bazar ətrafı küçələr miskin gündədir, çirkli, təmirsiz, tör-töküntülü…Kiçik otaqlarında hər dəqiqə əllərinin arxasıyla alınlarının tərini silərək dayanmadan çalışan dərzilər, dəlləkxanalar, Papaqçılar, Bakının artıq son binaları dağıdılmaqda olan Fizuli küçəsini xatırladır. Yolları təmirsiz, binaların kərpicləri tökülən adamların qaynadığı küçədən icra hakimiyyətinin yerləşdiyi meydana çıxıram. Başçının binası sanki ölümcül sükuta qərq olub. Az əvvəl ayrıldığım o qaynarlıqdan əsər-əlamət yoxdur bu binanın ətrafında.

Kitab dükanı axtarıram, əvvəllər icra hakimiyyətinin ətrafında səkilərdə kitablar satılardı «rəhbərlik yığışdırıb daha» dedilər. İstinin şiddətinə baxmayaraq şıdırğı iş gedir, icra hakimiyyətinin qarşısındakı küçəyə asfalt döşənir…Bir neçə adama yaxınlaşıb kitab dükanı soruşuram. Bəlli olur ki, bu ətrafda heç kitabçı yoxdur».

BİR TÜRK – MÜSƏLMAN DRAMI...

Natiq Cəfərli Qırğızıstanda özbəklərlə qırğızların qarşıdurmasında qaranlıq məqamların və bu məsələdə «böyük güclərin barmağının» olduğunu yazır:

«Çox təəssüf ki, həm Türk dünyası, həm də müsəlman dünyası bu hadisələrə susqun qaldı, görməzdən gəldi, fikir vermədi. Qəzzaya görə mitinq edən Nardaranlılar da susdu, fələstinlilərə qahmar çıxan Ərdoğan və AKP hökuməti də səssiz qaldı. Türk və müsəlman dünyası bu imtahandan üzüqara çıxdı. Belədirsə, onda mən nə AKP-nin, nə də bizim cəmiyyətdə olan müsəlman kimliklərini önə çıxardanların səmimiyyətinə inanmıram. Hamısı bir palavradır, gözdən pərdə asmaqdır, siyasi çıxarlarını önə almaqdır, amma müsəlman təəssübkeşliyi deyildir».

GOOGLE AZƏRBAYCANDA ƏN ÇOX «SEKS» AXTARILIR…


Azərbaycanlılar Google-də ən çox nə axtarırlar?
Turxan
yazır ki, Google-da axtarış zamanı təəccüblü nəticələrlə üzləşib. Sən demə azərbaycanlı istifadəçilərinin çoxu İnternetdə daha çox müğənnilərin lüt şəkillərini axtarır:

«Sözün baş hərfini yazdığım zaman Google sistemi özü axtarmaq üçün məhşur sözlər təklif edir. Yəqin çoxları bu məşhur sözləri hər gün Google Axtarış-da görürlər. Görməyənlər üçünsə həqiqəti, faktı göstərmək lazımdır. Hər zaman deyiblər ki, bizim toplum mədəni, tərbiyəli toplumdur. Unitazından, kompyuterindən, telefonundan, maşınından istifadə etdiyimiz Qərb hər zaman bizə tərbiyəsiz, əxlaqsız kimi təqdim olunub. Mən heç zaman bununla razılaşmamışam. Problem insanda ola bilər. Məncə Qərb insanında olan problemi Qərb dəyərinin üstünə yıxmaq olmaz! Tərbiyəsizlik, əxlaqsızlıq hər yerdə olub».

Veboxu day.az xəbər saytının yeniliklərini bəyənmir, səbəbini belə izah edir:

«Deyəsən saytları yeniləmək bu il dəb halını alıb. İllərdi dizaynına əl vurmayan, internetimizə yöndəmsiz banner reklamı ənənəsi gətirən Day.az da bu il yenilənmək həvəsindədir. Özləri belə deyir. Saytı təkcə yeniləməklə qalmayıb, əcaib-qəraib yeni funksiyalar da əlavə etmək istəyirlər. Deyəsən xəbər saytından çevrilib portal olmaq fikirləri var…Ən maraqlıdı isə «Moy Day» deyilən bir sosial şəbəkələri olacaqmış. Qısaca desək — «reytinq düşüb, oxuyan yoxdu, əlimizə nə gəlirsə dürtək sayta. Fikirləşək görək hansı servislər çox reytinqlidir. Mail, axtarış, sosial şəbəkə. Hamsından istifadə edək».

İndi əsas maraqlıdır bütün bunları hansı formada inteqrasiya edəcəklər? Xəbər bunun harasında olacaq? Day.az nə saytı olacaq?».

FUTBOLÇULAR İTKİN DÜŞÜB


Kənan yazır ki, Şimali Koreya yığmasının 4 futbolçusu Cənubi Afrikada oyunlar zamanı itkin düşüb. İtkin düşənlər hücumçu, qapıçı və iki yarımmüdafiəçidir.

Ehtimal olunur ki, futbolçular Cənubi Afrikadan siyasi sığınacaq almaq məqsədi ilə qaçıb. Dezertirliyin qarşısını almaq üçün Pxenyan ölkə azarkeşlərinin Afrikaya getməsini qadağa edib.
KİV-nin məlumatında isə deyilir ki, Şimali Koreya komandasının bayraq və şərfləri ilə oturanların çinli aktyorlar olduğu müəyyənləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG