Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:44
Partiya kuluarlarında çürüyən gənclərə ithaf olunur

…Yuxusu yenə ərşə çəkilmişdi. Yerinə girəli düz yeddi saat olsa da, yata bilmirdi.

Sübh tezdən durub birinci sinfə gedən körpəsini məktəbə aparmalı, sonra da redaktə üçün götürdüyü kitabı günortayadək tamamlayıb təhvil verməli olduğundan, zorla da olsa, yuxulamaq istəyirdi.

Elə hey o tərəf-bu tərəfə çevrilib, başını yastığının altına soxsa da, yuxu ondan qaçaq düşmüşdü…

Son vaxtlar tez-tez belə olurdu və bu hal onu hədsiz dərəcədə əsəbiləşdirirdi.

Elə bil kimsə qəsdən hər şeyi gecəyə, o yatana saxlayırdı - yerinə girən kimi, bir tərəfdən keçmişi, gələcək taleyi, o biri tərəfdən də ailə üzvlərinin sıxıntısı, kasıbçılığın gətirdiyi dözülməz həyat tərzi, xirtdəyə çıxmış borcları yadına düşür, beyni ölçüyəgəlməz sürətlə çıxış yolu axtarırdı.

…Çıxış yolunu isə tapa bilmirdi. Hər şey hərlənib-fırlanıb yekunda bir nöqtədə dirənirdi: «Partiyadan gedim, ya getməyim?». O neçə gecə idi bu suala cavab tapa bilmirdi ki, bilmirdi…

…Düz 15 il idi o, bu partiyada fəaliyyət göstərirdi. Bütün ümidlərini, xəyallarını bu partiyaya bağlamışdı.

Qurulmasında, bugünkü günə çatmasında o qədər əziyyət çəkmişdi ki, indi birdən-birə bu 15 illik əziyyətinin üstündən bircə anda xətt çəkməsini qətiyyən ağlına sığışdıra bilmirdi. Axı bu partiyada o, təkcə ömrünün ən yaxşı illərini – gəncliyini yox, həm də gələcəyini itirmişdi…

Hakimiyyəti həmişə sərt tənqid etdiyinə görə indi nəinki onu heç yerdə işə götürmürdülər, hətta dost-tanışları, doğma qohum-əqrəbası da ondan üz çevirmişdi.

El-obasında tanınan, hörmətli bir nəsildən çıxmasına baxmayaraq, məhz müxalifətçi olması səbəbindən, artıq onu heç doğulduğu kəndin xeyir-şər məclislərində də görmək istəmirdilər…

…Son illərdə o özü də daha belə məclislərdə iştiraka meyl göstərmirdi.

Həm əynindəki nimdaş paltarla – uzun illədir geydiyi və yuyulmaqdan bozaran qara kostyumu, rəngi solmuş, boyunluğu süzülmüş mavi köynəyi və sarı narın xallı qalstuku ilə camaat arasına çıxanda çox sıxılırdı, həm də əksəriyyətin belə məclislərdə vəzifə sahiblərinə, pullu, yekəqarın kəndçilərinə necə yalmandığını, yaltaqlandığını görüb əsəbiləşirdi. İyrənirdi bu mühitdən…

***

Bütün bunları bir daha fikirləşə-fikirləşə o, yenidən sağ böyrü üstə çevrildi: «Görəsən, gedim, getməyim?»

Həmişə qətiyyəti ilə seçilsə də, neçə vaxt idi ki, qərar verə bilmirdi: «Getsəm, nə deyərlər? Elə birinci öz kəndçilərim, - deməzlərmi ki, 15 il itirəndən sonra başı daşa dəydi, ağıllandı, gəlib axırda biz deyəni elədi… Yox, yaxşısı budu, getməyim, bir az da gözləyim».

Daha bir müddət gözləmək isə onun yeni əzablarının başlanğıcı idi… Yenə öz içinlə, vicdanınla çarpışma, yenə borc, yenə ucuz kirayə axtarışları, yenə körpələrinə ümidverici yalanlar…

Sonuncunu düşünəndə gülümsədi də: «Lənət şeytana, böyüyüblər, daha heç onları aldatmaq da olmur».

…«Gedim, getməyim?» - bir qədər də fikirləşdi və yenidən sol böyrü üstə çevrildi… Beyni isə işıq sürətindən də iti işləyirdi…

***

Düz 15 il idi ki, o, partiyasının hakimiyyətə gəlməsi üçün çalışırdı və bu yolda bütün məhrumiyyətlərdən keçmişdi: döyülmüş, təhqir olunmuş, həbsxana görmüş, ancaq yenə də yolundan dönməmişdi.

Hətta onu dəfələrlə ölümlə hədələmişdilər.

O isə bunu heç yerdə açıb-ağartmamış, «mübarizədə olan şeydir» deyərək, bütün bunlara «təbii proses» kimi baxmışdı. Onu susdurmaq, seçdiyi yoldan döndərmək üçün hakimiyyətdəki tanışları, keçmiş tələbə yoldaşları bir neçə dəfə əlaltdan ona yaxşı təkliflər də gətirmişdilər: «Aralan ordan, sənə hər şəraiti yaradaq».

O isə bu təklifləri təhqir kimi qiymətləndirərək, gələnlərə anındaca «mən sizin kimi quldurlarla bir yerdə ola bilmərəm» deyərək, hətta onları qovmuşdu da…

Ardınca hakimiyyətdən onunla təmasa keçə biləcək hər kəslə bütün körpüləri bilərəkdən yandırmışdı ki, olduğu yerdə ondan şübhələnməsinlər, mübarizəsinin səmimiliyinə inansınlar…

…Ancaq axırıncı parlament seçkilərindən sonra hər şey ona aydın olmuş, illər uzunu qoşulduğu partiya vasitəsi ilə mübarizə aparmağın sadəcə «siyasi oyun» olduğunu görmüş və bununla da bütün ümidləri bircə andaca alt-üst olmuşdu…

Çox sevdiyi, nəinki öz gözündə, hətta ailə üzvləri, dostları arasında belə ideallaşdırdığı, əsl xalq adamı kimi tanıtdırdığı, yolunda ölümə getməyə hazır olduğu liderinin gözlənilməz davranışları onu yamanca sarsıtmışdı: onun lideri hakimiyyətlə bazarlığa getmiş, ona təklif edilən bircə deputat yeri ilə razılaşmış, prezidentlik iddiasından əl götürərək, dünənə qədər hər addımda əleyhinə çıxdığı hakimiyyətin alovlu müdafiəçisinə çevrilmişdi…

Onu daha çox məyus edən, ağrıdan isə hakimiyyətin partiya üçün yaratdığı bütün imtiyazları liderinin ondan gizlətməyə cəhd göstərməsi, onu bu imtiyazlardan kənarda saxlaması idi.

Cəmi ikicə il içərisində liderinin və liderin qohumlarının həyatı büsbütün dəyişmişdi: şəhərin ən yaxşı yerində çoxotaqlı mənzil, şəhərkənarı ətrafda bağ evi, hektarlarla torpaq sahəsi, lüks avtomobil, hər gün bahalı restoranlarda verilən ziyafətlər və s.

…Bu partiyada dəyişməyən təkcə onun həyatı idi…

Yenə kirayə qalır, yenə köhnə qara, yuyulmaqdan bozaran kostyumunu, boynu süzülmüş mavi köynəyini, sarı xallı qalstukunu geyir, yenə hər ayın axırı sıxıla-sıxıla dostlarının yanına borca qaçırdı…

Bu qədər məhrumiyyət içərisində olsa da, o, indiyədək bir dəfə də olsun ehtiyacını liderinə bildirməmiş, ona ağız açmamışdı, həmişə özünü gözü-könlü tox adam kimi göstərmişdi…

Həm də onun aləmində əsl lider özündən çox ətrafını, ona güc verən çevrəsini düşünməli, tabeçiliyindəkilərin ona ağız açmasını gözləmədən qayğılarına qalmalı idi… Lideri isə onun amansız ehtiyac içərisində olduğunu bilə-bilə özünü bilməzliyə, görməzliyə vururdu…

Sanki bir vaxtlar sözüylə, özüylə hakimiyyətin hücumundan onu zireh kimi qoruyan bu gənc adamın liderinə heç dəxli, aidiyyəti yox idi…

Nə qədər inanmaq istəməsə də, ona artıq hər şey gün kimi aydın idi: liderinin davası xalq davası deyilmiş! İndi lideri nəinki xalqı, heç xalqın bir zərrəciyi olan onu da düşünmürdü, onun qayğısı ilə qətiyyən yüklənmək niyyətində deyildi.

Əksinə, son vaxtlar açıq-aydınca görürdü ki, o, artıq lideri üçün ciddi bir yükə, başağrısına çevrilir. Partiyanın yeni kursuna uyğun olmayan yazıları, partiyadaxili fəaliyyəti ilə o, get-gedə problemə çevrilirdi.

Çoxları ondan çəkindiyindən üzünə çıxıb açıq şəkildə «bəsdi, hakimiyyət əleyhinə yazıları dayandır» deməsə də, lideri hər vasitə ilə çalışırdı ki, o, daha yazmasın, sussun, hətta mümkünsə, özü üzüsulu çıxıb getsin…

O artıq bilirdi – aldanmış, inamında, ideallarında yanılmışdı.

Onu yandıran, içindən göynədən həm də o idi ki, bu 15 ildə o, liderinə hədsiz dərəcədə sədaqətli olmuşdu, bir dəfə də olsun ona xəyanət etməmiş, liderinin adına, nüfuzuna kölgə sala biləcək bircə addım belə atmamışdı…

Üzü maskalılar onu oğurlayıb, qaranlıq bir zirzəmidə alnına tapançanın soyuq lüləsini dirəyib, belinə dəyənəklə çırparaq ondan liderinin əleyhinə ifadə almaq istəyəndə belə, o, liderini satmamış, məğrurluğu ilə ölüm qorxusuna qalib gələrək, dəmir iradəsinin hesabına ona işgəncə verənləri də heyrətləndirmişdi…

…Lideri isə indi bircə deputat yerinəcə onu satmış və susmuşdu…

Bununla da onun arzularını, ümidlərini dağıtmış, puç etmişdi.

O elə bunu həzm edə bilmirdi. Aldanmağını, yanılmağını özünə bağışlaya bilmirdi… Yuxusunu gecələr ərşə çəkən də elə bu idi…

…Bir istəyirdi ki, tüpürüb hər şeyə, ailəsini də götürüb ölkədən çıxıb getsin… O biri tərəfdən də itirdiyi illərə, çəkdiyi zəhmətə heyfsilənir, el qınağına tuş gələcəyindən, gedəcəyi yerdə uğursuzluğa düçar ola biləcəyindən ehtiyatlanırdı…

…Yataqda ha eşələnsə də, qərar verə bilmirdi: «Gedim, getməyim?».

***

Fırlanıb üzüstə çevrilmək istəyirdi ki, uşaqlarının yatdığı köhnə taxta beşik növbəti dəfə cırıldadı. Başını qaldırıb baxdı… Tez də çox sevdiyi, ancaq onu sevdiyini bir dəfə də özünə deyə bilmədiyi xanımının dünən səhər-səhər ürkə-ürkə söylədikləri yadına düşdü:

«Uşaqlar artıq böyüyüb. Bu qız daha o beşiyə yerləşmir. Ona bir «kravat» almaq lazımdır. Oğlan beşikdə yatar.

Başqa evə köçəndə də, özümüzlə apararıq…»

…Hə, xanımı düz deyirdi, uşaqlar xeyli böyümüşdü. Daha beşiyə də yerləşmirdilər…

Deyingən olmayan, onu çox sevdiyindən prinsiplərini də həmişə anlayışla qarşılayan bu xanımla evlilik son on ildə onun ən böyük qazanclarından biri, yeganə təsəlli mənbəyi idi. Onu da mübarizə ilə əldə etmişdi.

Qızın anasının «uzaq eldən olan lüt birisi»nə qız verməmək istəyinə, eləcə də öz valideynlərinin açıq etirazlarına baxmayaraq, onu götürüb qaçmış, heç toyları da olmamışdı… Ancaq o, seçimində qətiyyən yanılmamışdı.

Nə qədər kasıb yaşasalar da, iki körpə övladlarıyla özlərini dünyanın ən varlı, ən zəngin və ən xoşbəxt ailəsi kimi hiss etmişdilər…

Nə toylarının olmaması sıxmışdı onları, nə evsizlik, nə də kasıblıq…

Artıq indi - illər uzunu bu dözülməz xarakterli adama dözmüş, bircə dəfə də olsun öz şəxsi ehtiyacını dilə gətirməmiş xanımı da nəyinsə alınmasının lazım olduğunu ona xatırladırdısa, deməli, həqiqətən də, o, qərar qəbul etməliydi: «Partiyadan getsin, getməsin?»

Qərarısa verə bilmir və buna görə özünə yaman əsəbiləşir, get-gedə qəzəb hissi, qisas hissi ruhuna, qəlbinə hakim kəsilirdi: «Yox, belə olmaz, sabah girəcəm yanına, hər şeyi deyəcəm, ürəyimi boşaldıb, sonra da çıxıb gedəcəm…

Cəhənnəmə, kim nə fikirləşir, fikirləşsin. Kənara çəkilib, hər şeyi yenidən başlaram».

…Ürəyi möhkəm döyünməyə başladı… Qalxıb yerində oturdu… O, bir dəfə də belə olmuşdu. Orduda – minalanmış sahədən düşmən arxasına keçib müdafiə zolağı yaratmağa girəndə ürəyinin guppultusu az qala qulaqlarını deşirdi.

Onda çoxları ön xətti keçməkdən imtina etmiş, qorxudan hərəsi bir bəhanə ilə aradan çıxmışdı. İnsan iradəsinin sınandığı bu qanlı meydanda o, məsuliyyəti öz üzərinə götürən, ağıllı və cəsarətli qərarı ilə bütöv bir taboru xilas edən yeganə zabit olmuşdu…

O vaxt Allaha yalvarmışdı ki, təki içindəki bu dəhşətli qorxu hissini yox etsin və ona ləyaqətli ölüm bəxş etsin…

Çünki o, «ölüm zonası»ndan sağ çıxacağına qətiyyən ümidli deyildi…

Ancaq qüdrətli Allah ölüm qorxusunun nə olduğunu, bu dəhşətli hissi ona yaşatdıqdan, anlatdıqdan sonra onun duasını qəbul etmiş, qəlbinə qəribə bir sakitlik bəxş etmiş, ölümünə isə hələ ki icazə verməmişdi.

Üstəlik, cəsarətləndirərək, onu bütün əsgər və zabit heyətinin gözündə qəhrəmana çevirmişdi…

…O, ordudakı həyatını xatırladıqca qeyri-ixtiyari olaraq başını birotaqlı darısqal mənzilin uzaq küncünə sarı çevirdi. Uzun müddət gözlərini həmin küncə zilləyib saxladı… Ürəyinin döyüntüsü get-gedə artırdı…

Qulaqlarının pərdəsi yenə az qalırdı cırılsın… Qəfildən yorğanını bir tərəfə atıb bayaqdan gözünü zillədiyi küncə cumdu. Zabit çantası divardan asılı idi. Ehmalca onu endirdi, çantanın cırt-cırtlı qapağını dartdı… Səsə bu dəfə körpə oğlu diksindi… Gözlərini açıb baxsa da, bir şey anlamayıb, yenidən kirpi kimi yumalanıb yatdı…

…O isə çantasında büküb gizlətdiyi sellofanı yavaş-yavaş açmağa başladı.

Yağlı əskiyə bükdüyü dəmir parçalarını bircə-bircə çıxarıb yan-yana düzdü…

Hə, hər şey yerində idi. Aramla dəmirləri quraşdırmağa başladı. Təxminən bir dəqiqədən sonra hər şey yerbəyer oldu – vaxtilə əsgərlərinin səngər qazarkən tapıb, pasını təmizləyib ona verdikləri «Makarov» pistoleti artıq hədəfi vurmağa tam hazır idi…

…O, elə pistoleti yığa-yığa neçə vaxtdır onun beynini didən məsələyə bu bir dəqiqə içərisində cavab tapmış və qərarını da vermişdi: sabah partiyaya gedəcək, pistoleti liderinin başına dayayacaq və ondan bütün bunların hesabını soracaq!!!

Yox, onu öldürməyəcək! Ona olan sevgisi, rəğbəti, keçmiş münasibətləri onu öldürməyinə imkan verməz, ona qıymaz!!!

Sadəcə, liderinin hər şeyi etiraf etməsinə çalışacaq, sonra da onu məcbur edəcək ki, tutduğu vəzifədən istefa versin!

O, daxilən qərarını vermişdi: bu ölkəni qurtaracaq yeni, xalqıyla səmimi bir lider tapılana, ortaya çıxanadək, o, saxta liderlərin onun kimi yüzlərlə gənci aldatmasına imkan verməyəcək!!! O, təkcə elə buna görə hələ ki siyasətdə qalacaq!!!

***

… Ancaq o bilmirdi ki, bu gecə onun taleyi ilə bağlı daha iki yerdə də qərar verilmişdi: biri hakimiyyətin hamını qorxuya salan vahiməli binasında, o biri isə Allah dərgahında! Bu qərarlarla onun öz qərarı arasında yerlə göy arasındakı qədər fərq vardı!

O bilmirdi ki, elə məhz həmin gecə onun liderinin razılığı ilə hökumətin məxfi qurumlarından birində bu ipə-sapa yatmaz, qurulan ssenariləri bircə anda çözəcək, dağıdacaq gəncin qətlinə fərman verilib, onun ölüm planı cızılıb!

Heç onu da bilmirdi ki, hər şeyi görən və bilən Allahın qərarı nədir: Uca Yaradan kimə kömək olacaq?!

***

…Dan yeri artıq sökülürdü. O, əynini geyinmişdi. Xeyli vaxtdır ki, Şeytana uyub, namaz da qılmırdı…

Nədənsə bu dəfə Şeytan ona mane olmaq istəmirdi. Rahatca dəstəmazını alıb, sübh namazını qıldı, Allahdan kömək istəyib, ayağa qalxdı.

Çox yüksək əhval-ruhiyyə yaranmışdı onda… Əvvəl xanımını durğuzdu. Sonra məktəbə gedəcək qızcığazını…

Adətinə uyğun olaraq, tələsik bir stəkan çay içməklə kifayətləndi. Hələ də bükülüb yatan oğlunu öpüb, qızının çantasını da götürüb həyətə çıxdılar. Məktəb lap yaxınlıqda idi. Saat 7:50 dəqiqəni göstərirdi.

Uşağı məktəbə qoyub, geri döndü. Elə yolu keçməyə çalışırdı ki, yaxınlıqda dayanmış qara «plyonka»lı nömrəsiz maşın qəfildən sürətlə onun üstünə şığıdı.

Qaçmağa, kənara sıçramağa vaxt olmadı. Maşının sağ tərəfi zərblə düz ombasına dəyib, onu kənardakı beton lövhəyə çırpdı… Zərbə o qədər ani və güclü oldu ki, o, ağrı hiss etmədi…

…Ağzından qan axırdı… Ha çalışsa da, bədəni sözünə baxmırdı. Bircə beyni yenə gecəki sürətlə işləməyə başlamışdı. Gözləri yumulu olsa da, hələ fikirləşə bilirdi: «Yaxşı ki, qızım yanımda yox idi. Yaxşı ki, uşaq mənim bu cür ölümümü görmədi…»

O, ölümdən qorxmurdu. Çünki bir dəfə bu hissi yaşamışdı. O, sadəcə heyfsilənirdi.

Heyfsilənirdi ki, tez ölür, bütün ömrü boyu arzuladığı ədalətli cəmiyyəti qura bilməyəcək! Onun uşaqlıq arzusu idi ki, o, hamının firavan yaşadığı, kasıbçılığın, yoxsulluğun olmadığı azad bir cəmiyyətin qurucusu olsun…

O, buna heyfsilənə-heyfsilənə ölürdü… Kirpiyindən süzülən bir damla göz yaşı süzülüb ağzından axan qana qarışmağa qaçırdı…

Ölə-ölə bircə ona təsəlli tapırdı ki, onun qanından olan özü xarakterli iki övladı, ailəsinə baxacaq qardaşları və bir də bütün sınaqlardan üzüağ çıxmış üç sadiq, əqidəli dostu vardı… O əmin idi ki, ölsə də, onun qisası alınacaq, mütləq alınacaq!

…Ancaq o bilmirdi ki, həmişə inandığı Allah onun qədərinə bu cür ölümü yazıb, ya yox.

"Mediaforum"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG