Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:57

Bu şərt ilə ki, şagirdin adının axırında “of” ola...


Molla Nəsrəddin
9 iyun 1906 Qiyməti 12 qəpik


Təzə təlim kitabı

Məlum şeydir ki, məktəblərdə təzə üsul ilə dərs vermək üçün kitablar azdır.

Bu səbəbdən millət, vətən adına qulluq etmək niyyətilə yoldaşlarım Mozalan, Hop-hop, Lağlağı və Hərdəmxəyal ilə hümmət edib və köməkləşib bir hesabkitabı cəm etmək fikrinə düşdük.

Hər bir məktəb şagirdi bu hesabların birini tapıb cavabını yazıb idarəmizə göndərsə ona həmin kitab çapdan çıxandan sonra bir cild göndəriləcək, amma bu şərt ilə ki, şagirdin adının axırında “of” ola.

Yazdığımız kitab ibarətdir hesab məsələlərindən ki, ruslar “zadaça” deyirlər.

Kitabın əvvəlinci hissəsi:

1) Bir külfətdə dörd nəfər uşaq var və hər bir uşağın ayrıca anası... Ev sahibinin neçə arvadı var?

2) Molla dərs verdiyi kitabın 42 səhifəsi var. Hər səhifəni uşaq iki günə oxuyur... Nə müddətdə uşaq uşaq həmin kitabı qurtara bilər?

3) Balaxanada Talışxanov fəhlənin hər birinə üç yumruq və 17 qəpik muzd verir... Bu hesab ilə 4 min fəhləyə gündə nə qədər muzd gərək verilə?

4) Yeri buynuzları üstündə saxlayan öküzün bir buynuzu Şamaxı zəlzələsində dibindən qırıldı... İndi haman öküzün neçə buynuzu qalır?

5) Uşaq 14 yaşına çatan kimi gündə ona 12 girvəngə xurma verirlər... Dörd ilin müddətində həmin uşaq nə qədər xurma yeyər?

6) Rusiyada camaat vəkilləri iki aydır çalışıb bir iş görə bilmirlər... Bu hesabla 12 il çalışsalar nə qədər iş görə bilərlər?

7) Molla bir uşağın ayağını falaqqaya qoyanda 11 çubuq sındırır... Yeddi uşağa nə qədər çubuq gərək hazır ola?

8) Təbriz bazarında satılan çörəyin bir hissəsi un və üç hissəsi torpaqdır... Bu hesab ilə Azərbaycan vilayətinin çölləri və dağları neçə ilin müddətində fövt ola (vəfat edə) bilər?

9) Ayda Qafqazda bir milyon müsəlman və erməni ömrünü bizə bağışlayır... Bu hesab ilə beş ildən sonra Qafqazda neçə müsəlman və erməni qalar?
(...Gerisi var...)

Qafqaz Xəbərləri

İyunun 2-sində Tiflisdə İdareyi-Ruhaniyyə tərəfindən Bakı şəhər idarəsi rəisinə belə bir teleqraf çəkilmişdi:

“Əlimərdan bəy Tobçubaşovu qosudarstvenni dumaya çlen seçmək cəmi Qafqaz mollalarının ən yaxşı, gözəl və göyçək xahişidir. Ümidimiz Allahadır ki,
- Ədə, Həsənağa bu bizim Anna Pavlovna xanım deyil? Hələ dadaşım bunu hardan tapıb?..
Əlimərdan bəy bir neçə gün əqdəm Tiflisdə ruhanilər məclisində mollaların hüzurunda göstərdiyi ədəbi Peterburqda haman ali məclisdə dəxi artıq səy ilə büruzə verə. Allah ona kömək olsun.”

Naxçıvan: Mayın 2-sində. Şəhər duması bu gün dövlət dumasının açılmağına təbrik teleqrafı göndərib qərar qoydu ki, bunun şadyanalığına binaən üç il sərasər şəhər duması bilmərrə bağlansın.

Naxçıvanda gecə bir nəfər küçə ilə gedəndə küçə fənərinin dirəyi onun başına toxunub, biçarənin başı yarıldı və çox qan axmağı səbəbinə haman saat canı təslim elədi.

Bakı: Bakıdan bir nəfər bizə yazır:

Bakı kontorlarında xozeyinlər müsəlman prikaşşikləri ilə rus və yəhudi prikaşşiklərində artıq təfavüt qoyurlar: belə ki, rus və yəhudi prikaşşikləri kontoraya səhər müsəlmanlardan gec gəlib axşam müsəlmanlardan tez azad olurlar və bundan əlavə cümə günləri də bilmərrə kontoraya gəlmirlər və halonki müsəlman prikaşşikləri cümə günləri lampa işığında işləyirlər.

Bunun səbəbini müsəlman prikaşşikləri xozeyinlərindən soruşub belə cavab alırlar: “Rus və yəhudi pirkaşşikləri başlarına şapka qoyurlar, amma siz yayın bu isti vaxtında bir dəri parçasının içinə bir kəllə qəndin kağızını doldurub keçirdibsiniz başınıza.”

Prikaşşiklər bizə yazdıqları məktubda soruşurlar ki, biz nə çarə edək?

Ana dilnidə məktub

Cənab müdiri-möhtərəm!

Piş əz vəqtdən qabaq jurnalınızın məcmuəsi xüsusunda xəbər elan vermişdiniz, belə yaxşı xeyir işinizin hüzura çıxmasından çox güldüm., az qaldım özümdən gedib və bəd qəşş eləyim və lakin bir misal var, deyərlər bu gecə yuxu vaqiəsində yatıb bir qəribə röya görmuşəm.

Bu gecə bir qədər yatıb xab etmişdim (yuxulamışdım-Abbas) gördüm ki, bir tap-tap gəlir. Dedim ay uşaq, nə xəbərdir?

Dedilər Molla Nəsrəddini döyürlər. Həman səsə yuxudan bədxab oldum (diksinib-Abbas), gördüm ki, ay işığı evi mehtab edib (işıqlandırıb). Hətta bura kimi bir məsəl var, deyərlər ki, gecə şəbkülahı başımda çıxdım səhn həyətinə.

Bir məsəl var, deyərlər, o saatda öskürmə yaxaladı qayıdıb bir qədər heyva behdanəsi götürüb ağzıma saldım. Hətta bura kimi hansı ki o qədər öskürdüm gözümün yaşı abrəvan suyu kimi tökülməyə başladı.

Onda gördüm qapı dəqqülbab olur. Dedim qapını dəqqülbab edən, kimsən? Gördüm Ağa Dadaş ibn Xələf mərhum vələdi Kərbəlayı Qulaməli oğludur. Dedim bəradərim qardaş, bu səhərin sübh çağında nə vardır, nə üçün gəlmisən?

Buyurdu səhv etmisən, gecənin nisfi-şəbidir, hənüz sübh olmayıbdır. Dedim de görüm nə var?

Dedi görüm bu günlər Molla Nəsrəddinə kağız yazacaqsan, ya yox? Ərz etdim ki, yazacağam. Dedi yazgilən, a rəhmətliyin oğlu, sən bilmirsən ki, çox yatmış adamı birdən ayıldanda sərasimə və bəlkə cinni olar?

Əvvəlinci nömrənizdə milləti ayıldanda filankəsin sol tərəfində yatan bizim oğlana bir təpik vurmusan, cinni olub, indi saxlamaq olmur. Gah tumanını çıxarıb atır, gah qurşağını açır, gah da ayaqlarını yerə çalır.

Hər tərəfdən əlac axtarıram deyirlər gah filan keşişdə, gah filan qərəçidədir.

Axırda bir pir olmuş övrət deyir ki, onun əlacı Molla Nəsrəddinin özündədir. Əlbəttə baxıb dəvasını göndərəsiniz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG