Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:50

Pənah Hüseyn: «Bu, parlament çevrilişidir»


Pənah Hüseyn
Pənah Hüseyn
«Bunu biz parlament çevrilişi adlandırırıq. Çünki bu, parlamentdə qüvvələr nisbəti dəyişəcəyi bir situasiyada Milli Məclisin Prezident Administrasiyasının və prezidentin mənafeyinə uyğun olmayan qərarlar qəbul etməsinin qarşısını almaq üçün nəzərdə tutulur. Əlavə olaraq ən azı bunun müzakirəyə çıxarılması, hazırlanması və Milli Məclisin planına salınmasının özü ciddi bir siyasi aktdır».

Müsavat deputat qrupundan olan millət vəkili Pənah Hüseyn parlamentin iyunun 18-də keçirilən iclasında belə deyib.

Növbədənkənar iclasında Milli Məclis «Normativ hüquqi aktlar haqqında» konstitusiya qanunu layihəsini 3-cü oxunuşda qəbul edib. Bu qanunun 42-ci maddəsində göstərilir ki, Milli Məclis və prezident qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir.

GERİYƏ DOĞRU ÇOX CİDDİ ADDIM

Pənah Hüseyn deyir ki, belə bir normanın konstitusiya qanununa gətirilməsi geriyə doğru çox ciddi bir addımdır. Bu, konstitusiya ilə təsbit olunmuş hakimiyyətin bölgüsü prinsipinə ziddir və bu bölgünü ümumiyyətlə aradan qaldırır. Deputat deyir ki, bu qanunla parlamentin və deputatların qanunvericilik təşəbbüsü məhdudlaşdırılır. Onun fikrincə, yeni konstitusiya qanunu Milli Məclisi prezidentdən asılı edir.

Əli Hüseynov
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov isə deyilənlərlə razılaşmır. O bildirir ki, burada Milli Məclisin prezidentlə razılaşdırmasından yox, qarşılıqlı razılaşdırmadan söhbət gedir. Onun fikrincə, layihədə əksini tapan bu müddəa irəliyə doğru addımdır. Belə ki, bu müddəa prezident tərəfindən təqdim edilən qanun layihələri ilə bağlı Milli Məclisin öncədən məlumatlanmasına imkan verir:

BU, İRƏLİYƏ DOĞRU ÇOX CİDDİ ADDIMDIR

«İndiyə qədər bunun proseduru bizə aydın olmurdu. İndi Mili Məclis və prezident qarşılıqlı razılaşdırılmış formada öncədən ictimaiyyət, parlament və vətəndaşlar üçün birgə iş planı tərtib edir. Bu, irəliyə doğru çox ciddi addımdır. Hər bir sənəd qarşılıqlı razılaşdırılır, heç bir üstünlük yox, buradan ancaq Azərbaycan cəmiyyəti udur. Bu qanunla bağlı Litva ekspertləri və Venesiya Komissiyası müsbət rəy verib. İctimaiyyət qanunvericilik təşəbbüsünə malik olan subyektlərin öncədən nə iş görəcəkləri ilə bağlı məlumatlandırılır».

Azərbaycanın «Normativ hüquqi aktlar haqqında» qanunu var. Amma artıq bu sahədə yeni və konstitusion sənəd hazırlanıb. Məlum olduğu kimi, konstitusiya qanunu 6 aydan sonra bir də müzakirəyə çıxarılmalıdır. Ancaq artıq çoxluq sözünü deyib və buna qarşı çıxanlar sonradan nəyinsə dəyişəcəyini düşünmürlər.

BELƏ BİR MÜDDƏADAN NARAZILIQ ANLAŞILANDIR

Erkin Qədirli
Hüquqşünas Erkin Qədirli isə deyir ki, ola bilsin hansısa ölkədə belə bir müddəa normal işləyir. Amma o zaman həmin ölkənin siyasi kontekstinin də fərqinə nəzər salmaq lazımdır. Azərbaycanda isə belə bir müddəadan narazılıq anlaşılandır. Çünki ölkədə oturuşmuş siyasi mədəniyyət yoxdur. Qanunverici hakimiyyət çox zəifdir. Onun nə təmsilçilik, nə qanunvericilik, nə də hökumətə nəzarət funksiyaları normal çalışır.

Erkin Qədirli belə bir şəraitdə qanunun tələbi kimi belə bir müddəanın salınmasını təhlükəli hesab edir:

MƏSLƏHƏTLƏŞMƏLƏR ƏSLİNDƏ NORMAL ŞEYDİR, AMMA…

«Qanunvericilik təşəbbüsü subyektləri arasında məsləhətləşmələr əslində normal bir şeydir. Ancaq bizdə bunun öncədən illik planın razılaşdırılması formatına salınmasını doğru saymıram. Çünki əvvəla Azərbaycanda qanunvericilik təşəbbüsü subyektləri bir tək Milli Məclislə prezident deyil. Başqa subyektlər də var. Amma nədənsə qanun yalnız prezidentlə illik planın razılaşdırılmasını tələb edir və buradan da bəzi şübhələr yaranır. Əgər prezident hansısa bir layihə vermək istəyirsə, o bunu parlamentlə razılaşdırmalı, parlament prezidentlə yox».

Erkin Qədirli belə bir müddəanın qanuna salınmasına nə ehtiyac olduğunu bilmir. Deyir ki, onsuz da qeyri-rəsmi olaraq hər şey prezidentlə razılaşdırılır. Bütün bunlar onu göstərir ki, sistemin inkişaf məntiqi getdikcə daha sox siyasi azadlıqları sıxmaq istiqamətində hərəkət edir.
XS
SM
MD
LG