Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:43

Əhməd Şahidov "Düşmənə Ehtiram" (Hekayə)


Yağışlı bir gün idi. Göydən yerə yağış lap tut kimi yağırdı.

Onsuz da ən ağrılı problemi nəqliyyatla bağlı olan Qax rayonunun ən dağlıq kəndində yağışların yağmasıyla problemlər birə iki artmışdı.

İşıqlar sönüb, qaz isə ümumiyyətlə yoxdur, əhali isinmək üçün dağlardakı çürüyüb sıradan çıxmış, bəzi hallarda isə cavan və sağlam ağacları da kəsib odun kimi istifadə etmək məcburiyyətində qalırdılar.

Yağışların yağması isə kənddəki bütün həyatı iflic etmişdi.

Sona hamiləliyinin doqquzuncu ayında idi. İkinci uşağı dünyaya gələcəkdi. Bu dəfə də oğlan olacaqdı.

Qız övladının arzusunda olan Sona və Eldar bəlkə də nə vaxtsa, Vətənə necə oğul dünyaya gətirəcəklərinin fərqində deyildilər.

Onları bugün konkret olaraq, işıq və odun qayğıları maraqlandırırdı.

Gecənin bu soyuq vaxtında çöldə güclü yağışın yağdığı bir məqamda Eldar tövlədə qoyun-quzunun yerini təmizləyir, Sona isə ailələrinin ilk beşiyi olan iki yaşlı Mətləbi yatırtmağa çalışırdı. Ancaq ağrıları onu rahat buraxmırdı.

Qax rayon xəstəxanasının ginekoloq həkimi təqribən 15 gündən sonra xəstəxanaya gəlmələrini məsləhət bilmişdi. 15 gündən sonra bir oğul da dünyaya gələcəkdi.

Sona güc-bəla ilə Mətləbi yatırda bilir. Yağışdan üstü islanmış Eldar isə qaçaraq qaloşlarla evin dəhlizinə daxil olur və qurulanmaq üçün Sonadan təcili bir dəsmal istəyir. Asta-asta yeriyən Sona stuldan qalxıb taxta qapının arxasından asılmış dəsmala tərəf yeriyir.

- Ay qız, bir az tez ol. İslanıb öldüm. – deyə qışqırır Eldar.

Onsuz da halı olmayan Sona isə heç cavab verməyə özündə hal tapa bilmir və dəsmalı Eldara tərəf uzadır. Başını, üzünü qurulayan Eldar otağa daxil olur və Mətləbin yatıb-yatmadığını soruşur.

- Hə. Birtəhər yatırdım. Amma yaman başım ağrıyır, ürəyim də bulanır bayaqdan. – Sona cavab verir.

- Narahat olma, 15 gündən sonra rahatlayarsan. – deyən Eldar corablarını çıxardır və paltarlı-paltarlı çarpayıya uzanır. Artıq 5 dəqiqədən sonra yuxuya gedən Eldarın xasiyyətinə yaxşı bələd olan

Sona o biri otaqdan yorğanı gətirib Eldarın üstünə sərir. Özü isə o biri otaqda mışıl-mışıl yatan Mətləbə bir göz gəzdirir və öz çarpayısına uzanır.

Artıq gecə saat 03:15 olardı. Bayırda da güclü leysan yağırdı.

Birdən Sonanın dəhşət ağrıları tutur, yerində uzanaraq qışqırmağa başlayan Sonanın səsinə hay verən olmur. Eldar isə xoruldaya-xoruldaya yatırdı.

Sonanın çığırtısına balaca Mətləb də oyanır və ağlamağa başlayır. Səs səsə qarışır. Bu dəfə Eldar yuxudan ayılır və yoldaşının və körpəsinin səslərini eşidir.

Əvvəlcə nəyin baş verdiyini tam olaraq anlamayan Eldar ilk öncə Mətləbin yatdığı otağa sarı qaçır, sonra Sonanın yanına yürüyür.

- Tez ol, ölürəm. Tez ol. – qışqıran Sonanın artıq qanaxması açılmışdı.

Tez pencəyini geyinib yola çıxan Eldar çox həyəcanlı idi. Günün-günorta çağı Qaxın bu dağlıq kəndinə avtomobil işləməyən halda gecənin bu zülmət və yağışlı vaxtında haradan bir maşın tapacağını bilmirdi. Yağışdan üstü-başı islanmış Eldar həyəcanlı şəkildə:

- Ay aman, ay camaat həkim çağırın, həkim çağırın. – deyə-deyə ora-bura qaçırdı.

Bu zaman qonşu darvazadan Kərəm adlı qonşu bu səs-küyə çıxır:

- Noolub, ay Eldar, Sonaya bir şey olub? – Kərəm qışqıraraq soruşdu.

- Hə, tez ol, Kərəm, traktoru xodda, gedək Qaxa. – Eldar yarı ağlaya, yarı qışqıra cavab verdi.

Kərəm tez evə qayıdıb, yoldaşını yuxudan oyatdı və Sonagilə getməsini tapşırdı. Özü isə pencəyinin cibindən açarları götürüb traktora tərəf qaçdı. Traktoru işə salıb yola çıxan Kərəmin yoldaşı isə Sonanın qolundan tutub yavaş-yavaş yola sarı aparırdı.

Yoldan qaça-qaça həyətə girən Eldar:

- Əşşi, bir az tez olun, bir az tez olun. – deyib Sonanın qolundan tutmaq istədi.

- Dayan, ay Eldar, uşaq düşər. – deyən Fatmanın sözləri Eldarı bir anlıq ildırım kimi vurdu.

Birtəhər traktora əyləşən Sona, Eldar və Fatma Qaxın Mərkəzi Xəstəxanasına tərəf yola düşdülər.

Kərəm sükan arxasında idi. On illik sürücülük təcrübəsi olan Kərəm çox həyəcanlı idi. Sanki Sonanın vaxtında xəstəxanaya çatdırılmayacağı təqdirdə uşağın itiriləcəyini və bunun günahının da məhz özünün boynunda qalacağını düşünürdü Kərəm.

Kələ-kötürlü, çala-çuxurlu kənd yollarından keçərək rayona tərəf gedən traktor yolda bir-neçə dəfə sönürdü.

- Zəhrimara qalasan səni, oğraşın malı. – deyə-deyə öz-özünə deyinən Kərəm bir tərəfdən Eldarın:

- A kişi, tez ol da. – sözlərini, digər tərəfdən də Sonanın qışqıraraq, bağıraraq:

- Ay ana, öldüm. – kəlmələrini eşidəndə bir az da özünü itirirdi.

Tərqibən 30 dəqiqə yol qət etdikdən sonra traktor axır ki, Qax rayon xəstəxanasının həyətinə daxil olur.

Gecə vaxtı növbətçi qalan qapıçı qadını Eldarın qışqırtısı yuxudan oyadır:

- Açın qapıları, tez olun bir az. – deyə qışqıran Eldarın səsinə bütün xəstəxana ayağa qalxır.

Dörd nəfər ağ xalatlı həkim Sonanı yavaşca traktordan düşürdüb xəndəyə uzadırlar.

Əməliyyat çox sürmür.

İçəridə Sonanın çığırtı səslərini eşidən Eldar tütünü qəzetə büküb siqaret düzəldə-düzəldə:

- Kərəm, çox gec qalmadıq ki, görəsən. – sözlərini soruşa-soruşa dururdu.

- Narahat olma, hər şey yaxşı olacaq. – deyə təsəlli verən Kərəmin özü də qorxu və həyəcan içində idi.

Çünki, 3 il əvvəl dostlarıyla yeyib-içən və evə sərxoş halda gələn Kərəmin yoldaşı Fatmanın elə həmin gün sancıları tutmuşdu.

Sərxoş halda traktora əyləşən və Fatmanı da kobud şəkildə traktora otuzdurub xəstəxanaya aparan Kərəmin uşağı yolda aldığı zədələrdən ölü çıxmışdı. Eldarın da körpəsinin bucür aqibəti yaşayacağından qorxan Kərəm ikiqat həyəcan keçirirdi.

Tezliklə üzündə gülüş bayıra çıxan mamaça qadın:

- Uşağın atası kimdirsə, gəlsin bura görüm. – deyərək Eldarı səslədi.

- Mənəm, həkim, noolub ki? – deyə həyəcanla həkimə sarı yürüyən Eldarın artıq dözməyə səbri çatmırdı.

- Muştulluğumu verin, oğlunuz olub. – deyə həkim gülümsündü.

- Ay Allah, çox sağ ol, şükürlər olsun sənə. – qışqıran Eldar qaçıb Kərəmi qucaqladı… – Çox sağ ol, Kərəm. Halaldı sənə. Bir qonaqlıq məndən. – dedi.
Həmin gün Fatma da gecəni Sonanın yanında qaldı.

Eldar isə Kərəmi də götürüb yaxınlıqdakı avtovağzalın gecələr də işləyən kafesinə getdilər. Elə süfrəyə göy-göyərti, pendir, çörək, açiko, turşu gəlmişdi ki, Eldarın yadına evdə tək qalan oğlu düşdü. Tez ayağa qalxdı:

- Kərəm, bəs Mətləb?! Evdə tək qaldı yazıq uşaq. – dedi.

Kərəm isə gülümsəyərək:

- Əşşi, otur aşağı, narahat olma, evdən çıxanda qayınanama dedim Mətləbi götürüb evimizə aparsın. İndi bizdədirlər. – dedi.

Eldar dərindən nəfəs ötürərək rahat şəkildə yerinə oturdu və gülə-gülə:

- Kərəm, vallah sən bir dənəsən də, bibi oğlu. – dedi.

Bir azdan ofisiant axşamdan qalmış kababları tavada qızdırıb, yanına da 1 litrlik Zaqatala arağını qoyub süfrəyə gətirdi. Eldarla Kərəm yavaş-yavaş rumkalara süzərək kənddəki dedi-qodulardan söhbət edərək bir-birinin sağlığına içirdilər.

Saat artıq səhər 07:00 idi. Eldar və Kərəm artıq ikinci arağı da qurtarmışdılar. Eldar sərxoş halda gəlib xəstəxananın pəncərəsini tıqqıldadırdı. Qoca qapıçı isə:

- Əşşi, bunlar da lap bezdirdilər ee. Bir qəpik də verməyiblər, amma bayaqdan adamı narahat edirlər. – deyə-deyə özü-özünə donquldanır və qapıya sarı gəlirdi.

Qapının balaca pəncərəsindən başını çıxardan Eldar isə sərxoş halda:

- Mənim arvadım necədir? Baxın haa, ona bir şey olsa, hamıvızı qırıb bitirərəm. – deyirdi.

- Sənin arvadın yatır, qoy biz də yataq da. Artıq səhər açılır, get evə, a bala. Bir azdan baş həkim gələcək işə. Görsə ki, səni həyətə belə sərxoş vəziyyətdə buraxmışam, sənə görə məni danlayacaq. Get evə daha. – deyə qapıçı arvad pəncərəni Eldarın üzünə bağladı.

Eldar isə əli ilə ağzının kənarlarını təmizləyərək Kərəmə tərəf gəldi. Kərəm artıq başını stola qoyub yatmışdı.

- Dur, ay Kərəm, bizimkilər yaxşıdır, yatırlar. Həkim dedi ki, biz daha lazım deyilik. Dur a kişi, dur gedək kəndə. – deyə-deyə Kərəmi yumruqlayan Eldarın özü də yatmaq istəyirdi.

Bu anda ofisinat onlara yaxınlaşıb:

- Dayı, sizdən 32 manat elədi. – dedi.

Eldar cibindən iki dənə iyirmilik çıxardıb ofisianta uzatdı:

- Zdaçı qalsın.

Kərəm də başını stoldan qaldırıb:

- Eldar, deyirsən gedək?

Kərəmlə Eldar traktora əyləşib kəndə sarı yollandılar. Kəndə çatha-çatda artıq kənd camaatının yarısı yolun kənarındakı nəhəng qoz ağacının altına yığışmışdlar.

Səhər 08:10 olardı. Hamı Eldarı gözləyirdi. Kərəmin traktorunu uzaqdan görən kənd camaatı narazı şəkildə:

- Budur da, avara Eldar da traktordadır. Mal-qara qalıb yolun ortasında, bunlar hansı cəhənnəmdən gəlirlər, Allah bilir. – deyirdilər.

Sən demə, bugün kəndin mal-qarasını sığıra aparmaq cədvəlində Eldarın növbəsi idi. Kənd camaatının isə Eldarın oğlu olmasından hələ xəbərləri yox idi.
Camaat içindən 3-4 nəfər traktorun qarşısına keçib:

- Ay Eldar, a balam, yekə kişisən, bizim növbəmiz olanda, az qalsın ki, basıb gözümüzü çıxardasan. Amma öz növbəndə bizim mal-qaramızı yollara səpələmisən. Qoşulmusan bu Kərəmə, gününüz sərxoşluqla keçir bütün günü. – deyərək qışqırdılar.

Eldar isə gülə-gülə:

- Ay camaat, bugün ata oldum. – dedi.

Camaatın bayaqdan bəri üzlərində yığılıb qalan qəzəb dolu cizgilər sanki boşaldı və hamı gülməyə başladı. Eldarın dayısı oğlu Mahyəddin qayıdıb:
- Ə, yaxşı görək. Bəs deyirdin, hələ 15 gün var. – dedi.

Eldar gülümsəyərək:

- Nə bilim ee. İşdi də, oldu! – dedi.

Bütün kənd camaatı Eldarın başına toplaşdı. Hamı öz sualını verirdi:

- Sona necədir?, Uşaq kimə oxşayır?, Həkimlər nə deyirlər?, Nə vaxt evə gələcəklər?

Eldar da yarı sərxoş olsa da, bütün sualları cavablandırmağa çalışırdı:

- Sona yaxşıdır, yatır indi. Kimə oxşayacaq, əlbəttə atasına. Həkimlər deyir ki, hər şey yaxşdıır. Hələ bilmirəm, həkim nə vaxt buraxsa, götürüb gətirəcəm evə.

Qoz ağacının altı yavaş-yavaş kənd camaatıyla dolurdu. Səhər məktəbə gedən uşaqlar da dayanıb böyüklərin danışığına qulaq asırdılar. Mal-qaralar isə tamam yaddan çıxmışdı.

Bəziləri yol qırağındakı hasardan boylanıb həyətlərdəki ağacların yarpaqlarını yeyir, bəzi camışlar isə elə yolun ortasındaca uzanmışdılar.

Birdən kəndin ağsaqqalı Zakir kişi gülərək:

- Yaxşı, bugün Eldarın günahından keçmək olar. Bəs sığıra kim gedəcək?

- Sabah İsmayıl kişinin oğlu Bəhruzun növbəsidir. Qoy o bugün getsin mal-qaranın arxasınca. – Kərəm qışqırdı.

Zakir kişi üzünü Eldara tutub:

- Eldar, bala sən bugün get dincəl. Axşamüstü də get Sonaya baş çək. Bugün naxıra Bəhruz gedər. Amma bütün kəndə qonaqlıq verməyi yaddan çıxarma haa. Yoxsa, səni bax, bu qoz ağacından asıb daş-qalaq edərik.

Eldar isə gülərək:

- Ay Zakir dayı, nə vaxt söz verib üstündə durmamışam. Mədəniyyət klubunun həyətində yaxşı bir süfrə açmaq məndən.

Eldar və Kərəm kənd camaatıyla sağollaşıb evlərinə sarı getdilər. Yorğunluqdan və sərxoşluqdan ikisinin də gözləri süzülürdü. Darvazaya yaxınlaşanda Kərəm Eldarı evlərinə dəvət etdi:

- Ay Eldar, onsuz da Mətləb də bizdədir. Gəlsənə, bugün bizdə qalasan. İkimiz də it kimi yorulmuşuq.

Bir tikə çörək yeyib uzanarıq, axşamüstü də yenə xəstəxanaya gedərik. Həm uşağa baş çəkərik, həm də qaynanam Sonagilə əski-üskü hazırlayıb, onları çatdırarıq.

Eldar razılaşdı və öz darvazalarının kəndarından dönüb Kərəmgilə getdi. Əl-üzünü yuyub süfrəyə oturdular. Gözləri süzülə-süzülə bir stəkan çay içib yatmağa getdilər.

Kərəmin qaynanası Eldar üçün içəri otaqda çarpayı hazırlamışdı. Kərəm isə elə qonaq otağındakı divanda paltarlı-paltarlı uzandı.

Üstündən 4-5 saat keçmişdi ki, Kərəm yuxudan oyandı, Eldar isə hələ də yatırdı. Əl-üzünü yuyub qurtarandan sonra Kərəm qaynanasından Eldarı soruşdu:
- Bizimki hələ durmayıb, ay arvad?

- Yox. Qoy hələ yatsın, yazıq əldən-ayaqdan düşüb. – qaynanası cavab verdi.

Eldarın yatdığı otağa daxil olan Kərəm onu oyandırmaq üçün bir-iki dəfə ucadan öskürür. Kərəmin səsinə oyanan Eldar saatı soruşur:

- Saat axşam beşdir. Bəsdir, yatdıq. Dur, gedək Sonagilə baş çəkək.

Eldar əzgin halda çarpayıdan qalxır, əl-üz yuyan yeri soruşur. Süfrəyə otururlar, bir tikə çörək yedikdən sonra Kərəm yerindən qalxaraq:

- Eldar, sən hələ ye, mən çıxım bir traktora əl gəzdirim.

Bir azdan Eldar da çıxır bayıra. Eldar həyətin darvazasını açır, Kərəm traktoru sürüb həyətdən çıxır. İkisi də traktora əyləşib yola çıxırlar. Artıq bütün kənd camaatının Eldarın oğlu olmasından xəbərləri var idi. Yol boyu hamı bir ağızdan:

- Ay Eldar qardaş, mübarək olsun, xeyirli olsun. Atalı-analı böyüsün, başadək varsın. – deyə qışqırırdılar.

Kəndin çala-çuxurlu yollarını keçərək gəlib Qax rayon xəstəxanasına çatırlar. Eldar xəstəxananın növbətçi həkiminə yaxınlaşıb:

- Həkim, mən Sonanın əriyəm. Necədir Sona? Onu və uşağı görmək istəyirəm. – dedi.

Gözündə eynək rayonun “Şəlalə” qəzetini oxuyan həkim isə heç başını qaldırmadan:

- Olmaz, icazə yoxdur. Xəstələri narahat etmək olmaz. – dedi.

Bu vaxt Eldar cibindən beş manat çıxarıb həkimin cibinə qoydu. Həkim tez gözündə eynəyi çıxarıb ayağa qalxdı:

- Yaxşı, amma bir az tez elə. Mənim ixtiyarım yoxdur, əslində. Baş həkim bilsə, məni işdən it kimi qovacaq. – dedi.

Eldar əlində əski-üskü və Sonanın xalatı olan çanta ilə içəri daxil oldu və pilləkənlərlə ikinci mərtəbəyə qalxdı. Artıq birinci gündür ki, dünyaya göz açan oğlunu yanına alan Sona Eldarı görəndə həyəcandan:

- Eldar, baaax, gör necə pompuşdur. – dedi.

Eldar tez əlindəki çantanı yerə buraxıb uşağa sarı yürüdü. Oğlunu əlinə götürmək istədi. Sona isə buna imkan vermədi:

- Yox, olmaz, salarsan uşağı. Həm də əllərin çirklidir, mikrob zad keçər.

Eldar o qədər sevincli idi ki, oğlunu qucağına götürməsə də, sadəcə kənardan ona baxmaqdan zövq alırdı və çox sevinirdi.

Birdən növbətçi həkim qaça-qaça Sona yatan otağa daxil oldu:

- Hə, qardaş, di bəsdir. Bir azdan həkim gələcək. Səni burada görsə, aləm bir-birinə dəyəcək.

Sona da həkimin sözünə dəstək verərək:

- Düzdür, Eldar, sən get. Narahat olma. Mən də yaxşıyam, Ehtiram da.

- Ehtiram kimdir? – bir anlıq Eldar donub qaldı. Həyəcanlı və maraqlı baxışlarla Sonanın nə cavab verəcəyini gözləyirdi.

- Uşağa istəyirəm sənin babanın adını qoyaq. Ehtiram olsun adı. – Sona gülərək dedi.

Eldarın sevincinin həddi-hüdudu yox idi. Sağollaşıb tez bayıra çıxdı.

Kərəm traktorda əyləşib tütün çəkirdi. Qaça-qaça Kərəmə yaxınlaşıb uca bir səslə:

- Kərəm, Vətənə Ehtiram gəlir, düşmənə Ehtiramımız var bizim, düşmənə Ehtiram. – qışqırdı.

Kərəm təəccübdən nə deyəcəyini bilmədi. Yaxınlıqdakı çayxanada xeyli rayon sakini oturub çay içirdilər. İçərilərindən biri bu sözü eşitmişdi ki, tez ayağa durub çayxanadan uzaqlaşdı və Qax rayon Polis İdarəsi tərəfə getdi. Elə polis idarəsinin qapısına çatmışdı ki, əlində avtomat tutan növbətçiyə kişi-kişi dedi:

- Rəis yerindədir?

- Neynirsən rəisi? – cavab gəldi.

- Denən ki, Şamil gəlib, onunla çox mühüm söhbəti var. – dedi.

Növbətçi daxili telefonu götürüb kiməsə zəng elədi. Cavab gəldi ki, həmin şəxsi içəri buraxsınlar. Növbətçiyə özünü mühüm şəxs kimi göstərən Şamil polis rəisi polkovnik Məmməd Sultanovun kabinetinə daxil olmuşdu ki, əsl qaloşlu adam sifəti aldı:

- Rəis, qadan alım, necəsiz? Başınıza dönüm, balalar necədir? Qurban olaram onlara, onların başından bir tük əskik olsa, mən dözə bilmərəm.
- Nədir, noolub yenə? Bir az konkret elə, bir azdan obedə gedəcəm. – rəis zəhmlə cavab verdi.

- Rəis, məndə informasiya var ki, kənddən gələn Eldarın və Kərəmin düşmənlərlə əlaqəsi var. – Şamil dedi.

- Hansı düşmənlə, əməlli-başlı denən görüm. – rəis bir az da əsəbiləşdi.

- Elə hamısıyla. Bayaqdan xəstəxanadan çıxanda Eldar Kərəmi qucaqlayıb “Düşmənə ehtiramımız var” qışqırdı. Deyəsən sərxoş idi. Elə adam da düz sözü sərxoş olanda deyər də. – Şamil cavab verdi.

Məmməd Sultanov tez rayonun baş əməliyyat müvəkkilinə zəng vurub Eldar və Kərəmi həbs edib yanına gətirməyi tapşırdı.

Eldar və Kərəm isə elə xəstəxananın yanında yerləşən dünənki kafedə yeyib-içirdilər. Qəflətən iki polis maşını onların oturduğu kafeyə yaxınlaşdı. 6 polis maşından düşərək Kərəmgilə yaxınlaşdı. Polislərin komaniri əsəbi-əsəbi:

- Durun ə, satqın köpəy uşağı. Elə Qarabağı da sizin kimilər verib də. – dedi.

Əllərindəki araq rumkasını stola buraxan Eldar və Kərəm çaşqın və təəccüblü halda polis maşınına oturdular. Yol boyu Kərəm soruşa-soruşa dururdu:
- Noolub axı, ay rəis? Neyləmişik ki, biz?

- Canına dərd eləmisən. Millət Qarabağda qan tökür, şəhid olur, sizsə rayonda oturub düşmən puluna yeyib-içirsiz. – polis kapitanı cavab verdi.

Eldargili polis idarəsinə gətirib birbaşa rəisin otağına qaldırdılar. Hələ ömründə bucür yüksək səviyyəli düşmənlərlə əlaqəsi olan “cinayətkar” yaxalamadığını düşünən Məmməd Sultanov tarixə düşəcəyini düşünürdü və ona görə özü birbaşa sorğu-sual etməyə qərar vermişdi:

- Adınız, familiyanız, kimsiz, nəçisiz, kimlərə işləyirsiz, hansı tapşırıqlar alıbsız, nə qədər pul alıbsız düşmən tərəfdən?

Elar və Kərəm təəccübdən donub qalmışdılar. Nə deyəcəklərini heç bilmirdilər:

- Nə düşmən, nə işləmək, ay rəis?

- Bəs xəstəxanadan çıxanda qışqırmısız ki, “Düşmənə ehtiram, düşmənə ehtiram”. Özünüzü tülkülüyə qoymayın, tez olun, istintaqın gedişinə mane olmayın.
Elə rəis Məmməd Sultanov bunu demişdi ki, Eldar ürəkdən qəh-qəhqəhə çəkib gülməyə başladı. Kərəm də ona qoşulub gülürdü.

Rəis əsəbiləşib ayağa qalxdı və uca səslı qışqırdı:

- Ə, qudurmusuz siz, mənim sözlərimə gülürsüz?

- Yox, rəis, valla sizə gülmürük. Mən xəstəxanadan çıxanda “Düşmənə Ehtiram” deyə qışqırdım, düzdür.

Çünki, dünən mənim oğlum dünyaya gəlib, adını da Ehtiram qoymuşuq.

Kərəm mənə demişdi ki, oğlun olsa, Vətənə əsgər olacaq. Mən də onu ağlımda tutub qışqırdım ki, “ay Kərəm Vətənə Ehtiram, düşmənə Ehtiram gəlir. Mənim qardaşım Elxan Qarabağda döyüşlərdə vuruşub, Daşaltı əməliyyatında qolundan yaralanıb. Mən düşmənləri məhv etmək üçün Ehtiram böyüdəcəyimi nəzərdə tutub belə demişdim”.

- Başa düşmədim, nə xəstəxana, nə oğul, nə ehtiram, a kişi? – rəis donuxub qaldı.

Tez polis kapitanı Fərrux rəisin qulağına pıçıldadı:

- Rəis, dünən bu Eldarın arvadı Sonanın oğlu olub. Deyəsən adını Ehtiram qoyublar.

Rəis aldanmış bir hala düşüb yenidən kreslosuna əyləşdi:

- Əşşi, aparın bunları, buraxın getsinlər evlərinə-eşiklərinə. Vaxtımı boş-boş şeylərlə almayın, siz Allah. Obedə də gecikdim.

Eldar və Kərəm rəisin otağından çıxdılar. Dəhlizdə addımlayarkən rəisin ucadan səslərini eşidirdilər:

- O oğraş Şamili tutub payını verin, harada bir səs eşidir, gətirib bizə çatdırır.

Bu sözləri eşidən Eldar gülümsəyərək:

- Qaloşlu Şamilin işləridir. Köpey oğlu, onu tutsam, dilini kəsəcəm.

Elə polis idarəsindən çıxmışdılar ki, Kərəm və Eldar ağacın altında oturmuş Şamili görürlər.

Şamil isə Eldargili görcək özünü ağazın gövdəsi arxasında gizlətməyə çalışır. Eldar yerdən daş götürüb Şamilin üstünə cummağa cəhd edir. Tez Eldarın əlindən tutan Kərəm:

- Ay Eldar, bəs düşmənə ehtiram harada qaldı?!- deyir və gülməyə başlayır. Eldar da başını yelləyir və Kərəmlə birlikdə gülə-gülə gedirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG