Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:26

300-dən çox işçi bir ildir əməkhaqqı almır


Gəncədə işçilər maaşlarını ala bilmirlər

Gəncədə işçilər maaşlarını ala bilmirlər

Gəncə Su Kanal Törəmə Cəmiyyətinin 300-dən çox işçisi bir ilə yaxındır maaşsız işləyir. İşçilər deyirlər ki, idarə rəhbərliyi maaşları verməmək üçün bəhanələr gətirir, gecikməni əhalinin su pulunu verməməsi ilə bağlayır. Müəssisədə 8 il iqtisadçı və təftiş komissiyasında sədr işləyən Asəf Məmmədəliyev deyir ki, maaşların verilməməsinə səbəb rəhbər işçilərin maliyyə fırıldaqlıqlarıdır:

- Mən 13 aydır əməkhaqqımı ala bilmirəm. Deyirlər ki, yığım yoxdur. Mən 8 ildir burda işləyirəm, bildirişlərə keçəndən sonra 2 ildir yığım 40 faiz artıb. Təftiş komissiyasının sədriyəm, əraziyə gedirəm, 100 qapını döyürəm, 90-ı çek göstərir ki, ödəyir. Maliyyə fırıldaqlarıdır. Necə olur ki, təsərrüfat xərclərinə pul götürürlər, əməkhaqqına pul götürmürlər?

İdarədə söhbət etdiyim digər işçilər də bildirdilər ki, mühasib və direktor əməkhaqlarını verməməyə əsas kimi əhalinin suya görə pul ödəməməsini göstərir:

12 AYDIR MAAŞIMIZI ALMIRIQ

- Mən Gəncə Su Kanal İdarəsində texniki şöbədə mühəndis işləyirəm. Çox çətin vəziyyətdəyik. Təxminən 6-7 aydır ki, maaş ala bilmirik. Eləsi var 9 aydır almır. 170 manatdır maaşım. Uşağım ali məktəbdə oxuyur.

- 8 aydır vermirlər, deyirlər ki, hesab bağlıdır, işığa veririk, vergiyə veririk. Bu ki, banka köçürülür. Deməli, verilməlidir.

- 12 aydır maaşımızı almırıq. Uşağın da yanında yalançı oluruq. Deyirlər vergiyə verilir. Vergi hara verilir? Əməkhaqqını vermirlərsə vergini nəyə ödəyirlər?

ƏGƏR PUL YIĞILSA ƏMƏKHAQLARINI VERƏRİK

Gəncə Su Kanal Törəmə Cəmiyyətinin baş mühəndisi Məhəmməd Hüseynov deyir ki, idarə təsərrüfat hesablıdır, əhali suyun pulunu versə, onlar da maaşları ödəyərlər.

Məhəmməd Hüseynov deyir ki, yığım heç 55 faizə çatmır. Əldə olunan vəsaitlərlə ancaq enerjiyə görə olan borc ödənilir:

- Əhali suyun pulunu ödəməkdən imtina edib. Ödəniş 46-52 faizdi, bundan çox olmur. Bir ayda əhalinin bizə olan borcu təxminən 100-150 min manat təşkil edir. Əhali gərək pulu ödəyə ki, avadanlıqlar alaq. Elə olub ki, ayda 400-500 abonentin suyu fərdi qaydada kəsilib, yenə xeyri yoxdur, ödəmirlər. İşçilərin əməkhaqqında 6 ayadək gecikmə var. Əgər pul yığılsa əməkhaqlarını verərik.

Su Kanal Törəmə Cəmiyyətinin mühəndisi Məhəmməd Hüseynov deyir ki, hər ay istehlak olunan suya görə əhali idarəyə 150 min manatadək borclu qalır. İdarə isə Gəncə Elektrikşəbəkəsinə enerjiyə görə 15 milyon manatadək borcludur. Nəticədə, idarədə işləyən 300-dən çox işçi bir ildir əməkhaqqı ala bilmir.

EKSPERT ÇIXIŞ YOLLARI TƏKLİF EDİR

Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, işəgötürən bütün hallarda işçinin əməkhaqqını verməlidir. Vaxtında verilməyən əməkhaqqına görə işəgötürən ən azı hər itirilmiş gün üçün 1 faiz miqdarında işçilərə pul ödəməlidir. Bu cərimə şəklində əməkhaqqına əlavə olunmalıdır. Sahib Məmmədov digər çıxış yollarından da danışır:

- Heç bir hal əsas vermir ki, işəgötürən əməkhaqqını verməkdən imtina etsin. Hətta belə olan halda müəssisənin əmlakı satışa çıxarıla bilər. Müəssisənin aktivləri və sair əmək haqqına yönəldilə bilər.

Sahib Məmmədov deyir ki, ən yaxşı hal məhkəməyə müraciət etmək və cərimənin də əlavə olunması ilə iddia irəli sürməkdir.

Şərhləri göstər

XS
SM
MD
LG