Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18
Geniş oxucu kütləsi Natiq Rəsulzadəni rusdilli yazıçı kimi tanıyır.

40 ildən artıq bədii yaradıcılıqla məşğul olan yazıçı əsərlərini rus dilində yazmasına baxmayaraq, fikirlərini doğma Azərbaycan dilində də səlis ifadə edir.

Onunla bədii yaradıcılığı, kinossenariləri və rusdilli yazarların ədəbiyyatımızdakı yeri barədə söhbət etdik:


Tənbəl yazıçı

- Natiq müəllim, sizcə, əsl yazıçı olmaq nə deməkdir? Yaradıcılığı boyu cild-cild kitablar dərc etdirən, ömründə bircə roman yazıb onunla məşhurlaşan və ya ən çox kitabı satılan yazıçı?

- Mənim aləmimdə əsl yazıçı yazmaya bilməz. Kitab yazmaq onun həyat tərzidir.

Necə ki, adam nəfəs alır, çörək yeyir, su içir - onun üçün də elədir. Lev Tolstoyun gənclərə tövsiyəsi yadıma düşür:

"Yazmaq onda lazımdır ki, görürsən ki, yazmaya bilmirsən". İstedad elə şeydir ki, sanki üzərindəki daşdır, səni sıxır. Yazıçı da gərək həmin məqamdan istifadə edib əsərlərini yazsın.

Əsl yazıçı o adamdır ki, onda belə ideyalar, fikirlər çox yaranır.

Hər gün də olmasa, o, vaxtaşırı belə əsərləri ortaya çıxarır. İndi cəmiyyət çox dəyişib.

Hamı informasiya istəyir ki, ondan istifadə edə bilsin. Amma ola bilsin ki, bədii ədəbiyyatda beyin üçün informasiya o qədər yoxdur, ancaq qəlb üçün var.

Tirajlara gəlincə, bizim zamanda böyük tirajların vaxtı keçib.

Vaxtilə mənim kitablarım Bakıda 40-50 min, Moskvada isə 100 min tirajla çıxırdı. Sovet dövründə hökumət sənətə təbliğat kimi baxırdı.

Ona görə də yazıçıların kitabları yüksək tirajla buraxılırdı. Ancaq onların arasında 5-6 yazıçı öz istədiyini yazırdı.

- Siz həmin 5-6 nəfərin sırasına daxil idiniz, yoxsa hamı kimi təbliğata işləyirdiniz?

- Baxmayaraq ki, yazıçılığa 70-ci illərdən başlamışdım, mən nə kolxozdan, nə zavoddan, nə də Kommunist Partiyasından yazırdım.

Mən təbliğata işləmirdim. 80-ci illərin əvvəllərində "Gecə süvarisi" adlı kitabım çıxdı. 30 min tirajla çıxan kitab əldən-ələ gəzdi.

O əsər işıq üzü görəndən sonra görüşlərdə mənə verilən əsas sual belə olurdu: "Necə etdiniz ki, bu kitabı çıxara bildiniz?" Kütlə senzuraya o qədər öyrəşmişdi ki, belə bir kitabın işıq üzü görməsi onlara təəccüblü görünürdü.

Sovet dövründə çətinlik onda idi ki, ilk növbədə təbliğata işləyən yazıçının kitabını çap edir, plana salırdılar. Mənim kitabımı isə kənara qoyurdular. Ən böyük nöqsan senzuranın mövcudluğu idi. Mən həmişə deyirəm:

"Senzura vacibdir, ancaq bu, yazıçının içində olmalıdır". İstər yazıçı, istər bəstəkar, istərsə də rəssam olsun, onda müəyyən ölçü, meyar hissi olmalıdır ki, yaratdığı sənət əsəri olsun. Bunsuz yaradıcı şəxsiyyət yoxdur.

Müəllif də daxili senzuranı, ölçü hissini daima nəzərdə saxlamalıdır ki, yazdığı gözəl erotik roman pornoqrafiyaya, yaxud gözəl bir savaş filmi dəhşət filminə dönməsin.

- Necə düşünürsünüz, yazdığınız bütün əsərlər istedadın sizi sıxdığı anların məhsuludur?

- Məncə, hə... Bir yazıçı kimi mən özümü tənbəl adlandırardım. Baxmayaraq ki, 30-dan artıq kitabım işıq üzü görüb, 15-dən çox filmin ssenari müəllifiyəm. Əgər 40 yaşım olsaydı, bunları sadalayıb fəxr edərdim.

İndi isə 60-ı haqlamışam və mənə elə gəlir ki, vaxtımın çoxunu boşa vermişəm. Nə zaman ki, özümdə ağırlıq, nəyinsə yetişdiyini hiss edirəm, onda oturub yazıram. Elə də olub ki, içimdəki ideya çürüyüb.

Demək o, layiqli ideya olmayıb. Maraqlı ideya olanda sənə təzyiq göstərir, gecə yarısı durub yazırsan.

Rusdilli yazıçılar haqqında

- Bu gün kitablarınızın böyük tirajlarla çap olunmaması və ümumilikdə bədii ədəbiyyatın az oxunması yazmaq ilhamınızı küsdürürmü?

- Əlbəttə, adamı həvəsdən salır. Çünki biz böyük tirajlara öyrəşmişik. Yaradıcı ömrümün böyük bir hissəsi sovet dövrünə təsadüf edib. O dövrdə yazıçının kitabı çıxanda böyük qonorar verilirdi.

Keçid dövrü başlayanda - kitabların sayı sürətlə aşağı düşəndə çətinlik yarandı. İndi kitaba heç kim qonorar vermir. Maddi tərəfi problemlidir.

Bu problem təkcə bizdə deyil, bütün dünyada belədir. Ciddi, dərin ədəbiyyatın pərəstişkarı çox azdır. Əksəriyyəti erotika və ya başqa şeylər oxuyurlar. Bu isə ədəbiyyat deyil.

- Bu gün çap olunan ədəbi məhsulların böyük bir hissəsinin maklaturaya çevrilməsi faktdır. Sizcə, burada ədəbi tənqidin zəif olması, əsərlərin yetərincə təbliğ edilməməsi nə dərəcədə rol oynayır?

- Əgər əsərlərin oxucusu yoxdursa, tənqid nə edə bilər? Əlbəttə, Azərbaycan oxucusu var. Mənsə rus dilində yazıram. Mənim oxucularımın əksəriyyəti ölkədən köçüb gedib.

Rusiyada, İsraildə, Avropa ölkələrində, hətta Amerikada yaşayırlar. Mən onlardan həmişə məktub alıram. "Təzə kitabınız nə vaxt çıxacaq?" - deyə maraqlanırlar.

- Rus dilində yazan yazıçılarımıza birmənalı münasibət yoxdur. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanda Yazıçılar Birliyinin üzvləri 1200 nəfərə yaxındır. Onlardan 5-6 nəfəri rusca yazır. Amma bu 5-6 nəfəri bütün dünya tanıyır. Düzdür, 1200 nəfərin içində Anar kimi tanınan yazıçılar da var.

Çingiz Abdullayevin kitabları dünyanın bir çox ölkəsində çıxır. Rüstəm İbrahimbəyov çox məşhur insandır. Onlar Azərbaycanı dünyada tanıdırlar.

Mən çox istərdim ki, 1200 nəfərin içərisində 5-6 nəfər rusca yazan öz yerində, heç olmasa, bir nəfər fransızca, ingiliscə, ispan və ya alman dilində yazan olsun.

Amma bu şərtlə ki, ingilis, fransız və ya alman yazıçılarından pis yazmasın. Rus dilində elə-belə yox, rus yazıçılarından fərqlənməklə yazmaq lazımdır.

Qoy desinlər ki, Qırğızıstanda rus dilində yazan Çingiz Aytmatov, Qazaxıstanda Oljas Süleymenov, Azərbaycanda Çingiz Abdullayev, Natiq Rəsulzadə var. Bununla fəxr eləmək lazımdır. 15 il bundan qabaq mən Rusiyada Ostrovski adına mükafata layiq görülmüşəm.

Rusiyanın tanınmış yazıçısı Valentin Katayev mənə ünvanladığı məktubunda "Siz rus dilində bizim yazıçılardan qat-qat yaxşı yazırsınız və bu dili onlardan yaxşı bilirsiniz" - deyə yazmışdı.

Əgər ermənilərin Çingiz Abdullayev kimi yazıçısı olsaydı, onu qaldırıb dağın başına qoyardılar.

Çingiz təzə-təzə yazmağa başlayanda: "Rus dilində yazır və ya bizim xalqa detektiv lazımdırmı?" - deyə az qala ona hücum çəkirdilər.

O xalqa nəyin lazım olduğunu gözəl bilir. Yazıçı məşhurlaşa-məşhurlaşa ölkəsini də tanıdır.

“Hər yazıçı ssenarist ola bilməz”

- Adətən, ssenarini ədəbiyyatın bir janrı sayırlar. Amma Tarkovskiyə görə, ssenarinin ədəbiyyata qətiyyən dəxli yoxdur. Onun fikrincə, ssenarist peşəsi yerli-dibli mövcud deyil: o, ya kinonu yaxşı bilən yazıçı, ya da yazmaq qabiliyyətinə malik rejissordur.

- Bu fikirlərdə həqiqət var. Hər yazıçı ssenarist ola bilməz. Kino tamam başqa aləmdir.

Ekranın dilini bilmək lazımdır. Bəzən görürsən, tanınmış bir yazıçıdır, fikirlərini anlayırsan, ancaq ekranda heç nə görmürsən. Ssenarini ancaq görüntülərlə yazmalısan.

Oxucu hər sətri oxuyanda gözünün qabağında canlandırmalıdır.

Elə yazıçı var ki, nəsri, ssenarini, pyesi də eyni səviyyədə və çox maraqlı yazır.

Elə yazıçılar da var ki, onlarda nəsr əsərləri gözəl alınır, ancaq ssenari, dramaturji əsərlər yox. Ssenaridə dramaturji xətt peşəkar səviyyədə düzülməlidir.

Son 30-40 ildə zəngin və maraqlı kinosu olan ölkələrdə nəsr yazan yazıçılar kino üslubunda yazırlar.

Demək olar ki, onlar ssenari yazırlar. İstəyirlər ki, əsərləri nə vaxtsa ssenariyə çevrilsin və ekran həllini tapsın. Bu tendensiya son illər bir çox dünya yazıçılarının, o cümlədən rus yazıçılarının yaradıcılığında açıq-aşkar görünür.

- Tarkovskinin belə bir fikri də var: «Yaxşı film rejissorla ssenaristin uğurlu tandemi nəticəsində yaranır”. Bu baxımdan ssenari yazan rejissorlar haqqında fikriniz nədir?

- Əlbəttə, tandemdən çox şey asılıdır. Rejissor və ssenarist film üzərində işləyəndə onlar bir-birilərini bir işarədən başa düşməli, bir istiqamətdə fikirləşməlidirlər.

Mən həmişə deyirəm: ssenarist üçün öz rejissorunu və ya rejissor üçün öz ssenaristini tapmaq ailə qurmaq kimidir. Rejissorların ssenari yazmağına gəlincə, bu da çox fərqlidir.

Məsələn, Rusiyanın görkəmli yazıçısı, rejissoru və aktyoru Vasili Şukşin maraqlı müəllif filmləri çəkirdi. Onun «Qırmızı kalina» filmi bir çox ölkələrdə mükafatlar qazandı.

Elə ssenaristlər var ki, «Bu ssenarini məndən yaxşı heç kəs görə bilməz”, - deyə rejissorluq iddiasında olur. Ancaq unudur ki, rejissorluq tamam başqa sənətdir.

Bəzən əksinə də olur: rejissorlar özləri ssenari yazmaq fikrinə düşürlər. Bunlar yanlış iddialardır və nəticələri də acınacaqlı olur. Bizdə də elə insanlar az deyil.

Elə rejissorlar var ki, 3-5 film çəkiblər və filmlərinin premyerası da keçirilib.

Hay-küyə baxmayaraq 3-5 aydan sonra həmin filmi unudublar. Hay-küyü də öz filmləri ətrafında müəlliflər özləri yaradıb deyirlər ki, filan film Hollivud filmləri ilə rəqabətə çıxa bilər. Bu, gülünc bir şeydir. Hollivudda yüz il öyrənəndən sonra film çəkməyə başlayıblar.

Biz isə 20 ildir ki, müstəqilik. Hələ də sovet dövründən qalma fikirlər, köhnə üslub kinomuzu tam tərk etməyib. Düzdür, istisnalar var. Ancaq mən müasir Azərbaycan kinosunda həm rejissor, həm də ssenarist olacaq müəllifləri görmürəm. Buna baxmayaraq, bu eksperimentləri edirlər və nəticələr peşəkar səviyyədə alınmır. Hollivudda Mel Gibson rejissorluq edərək «Apokalipsis» kimi sanballı film çəkdi. Belə adamlar yüz nəfərdən bir olur.

- Hazırda hansı kinossenari üzərində işləyirsiniz?

- Mədəniyyət və Turizm Nazirliyinə üç ssenari təqdim eləmişəm. Hələ ki, onlardan heç bir xəbər yoxdur. Buna baxmayaraq mən həmişə işləyirəm.

"Kaspi" qəzeti

Həmçinin oxu
Natiq Rəsulzadə "Fikir oxuyan" (Hekayə)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG