Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:00
“Öləngi”, “Yad dildə” kimi Azərbaycanın ədəbi dairələrində maraqla qarşılanmış romanların müəllifi Pərviz Cəbrayıl yeni əsər üzərində işləyir.

Roman demokratik hərəkatda iştirak etmiş, işgəncələrə məruz qalmış bir qadının Avropada oturum almaq cəhdlərindən bəhs edir.

AzadlıqRadiosunun “Oxu zalı”na açıqlamasında yazıçı bildirib ki, əsərin qəhrəmanı olan qadının Azərbaycanı tərk edib Avropada məskunlaşmaq istəyi qarşısında maneələr ortaya çıxır.

Onun təmsil etdiyi xalqın dəyərləri, mədəniyyəti ilə Avropanın mədəni, dini dəyərləri arasında ziddiyyətlər meydana çıxır.

Əsərin verdiyi əsas sual budur: Avropa bizi öz ailəsinə qəbul etmək istəyirmi?

P.Cəbrayıl deyir ki, romanın adı ilkin variantda “Avropa qanadlarımıza inanmır”dır, amma bu ad sonradan dəyişə də bilər.

Yazıçının sözlərinə görə, romanın ideyası onda hələ “Yad dildə” əsərini yazan zaman – təxminən il yarım qabaq meydana gəlib.

O hətta bunu “Yad dildə”nin süjetinə daxil etmək istəyib, amma sonradan qərara gəlib ki, ayrıca əsər yazsın.

Yazıçı “Yad dildə”dən sonra təxminən bir il dincəldiyini və bu yaxınlarda yeni əsərin ilk – kiçik parçalarını yazmağa başladığını deyib.

Amma əsərin yazılması qarşısında yetərincə böyük problem də var.

İdeyaya görə, əsərin qəhrəmanı İsveçrədə oturum almağa çalışır. Yazıçı isə heç vaxt həmin ölkədə olmayıb.

“Azərbaycan yazıçısının ən böyük dərdlərindən biri də maddi imkansızlıqdır.

Mən məcburam ki, hələ ki İsveçrə haqqında İnternetdən məlumatlar əldə edim.

Amma əgər imkan düşərsə özüm də həmin ölkəyə səfər etməyə çalışacam”.

Yazıçı deyir ki, əgər “Yad dildə” əsərində sırf Azərbaycandaxili siyasi problemlərdən bəhs edilirdisə, yeni romanın problematikası Azərbaycan sərhədlərindən kənara çıxır, bir növ qlobal səciyyə alır.

Həmçinin oxu
Yad Dildə Ədəbi Hadisə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG