Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:14

«Vəzifə ilə cəsarətlənənlər əsl cəsarətliləri sevmirlər»


Sirus Təbrizli
Sirus Təbrizli
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, sabiq nazir Sirus Təbrizli deyib. Qurtuluş tarixindən danışan Təbrizli deyib ki, meydan hərəkatından, AXC–nin bəzi üzvlərini tanıdıqdan sonra Əbülfəz Elçibəyə hakimiyyətə gəlməməyi tövsiyə edib:

«Mən deyirdim ki, Xalq Cəbhəsi özünü doğrultmayacaq».

Sirus Təbrizli deyib ki, sonradan şair Xəlil Rza da ona deyib ki, Heydər Əliyev hakimiyyətə gəlməsə, respublika düzəlməyəcək. Heydər Əliyevin hakimiyyətə gəlişini xalqın əsl azadlığı adlandıran keçmiş nazir deyib ki, xalqın lideri iradəli olmalıdır:

«O vaxt hərc-mərclik baş alıb gedirdi. Çörək qıtlığı, partiya bolluğu var idi».

Müsavat deputat qrupundan deputat Pənah Hüseyn isə deyib ki, Sirus Təbrizlinin və onun kimi insanların zehniyyətinin nəticəsidir ki, xalq bu günə düşüb:

«Sirus bəy 88-89-cu ildəki halına, maddi vəziyyətinə, sonra qurtuluşdan sonrakı vəziyyətinə baxsın. Onda məlum olur ki, kimlər xalqın qəzəbindən qurtulub özlərinə şərait yaradıblar. Bir azdan havanı da xalqa satacaqlar».

Dünyanın heç bir yerində belə bayram yoxdur deyən Pənah Hüseyn bildirib ki, Heydər Əliyev Xalq Cəbhəsinin və ovaxtkı «Demblok»un üzvləri tərəfindən hakimiyyətə gətirilib:

«Bizim günahımız odur ki, verdik xalqı bunların əlinə. Tarix öz hökmünü verəcək».

Əli Kərimli
Sirus Təbrizli isə deyib ki, xalqın iradəsi olmasaydı, Heydər Əliyev heç vaxt hakimiyyətə gələ bilməzdi. Azərbaycanda hakimiyyətin hesablaşdığı müxalifət yoxdur deyən Sirus Təbrizli bildirib ki, bugünki proseslərdə bir günah iqtidardadırsa, bir günah da müxalifətdədir.

AXCP-nin rəhbəri Əli Kərimli isə Heydər Əliyevin hakimiyyətə gəlişini dövlət çevrilişi adlandırıb:

«Bu addımı atan adamlar bilirdilər ki, dövlət çevrilişində iştirak ediblər. Həmin günü unutdurmaq üçün Qurtuluş Günü elan etdilər».

Heydər Əliyevin qiyamdan istifadə edib hakimiyyəti ələ aldığını bildirən Əli Kərimli deyib ki, Azərbaycan xalqı həmin gün azad seçkilərdən, demokratik proseslərdən qurtulub.

Sirus Təbrizli sonda deyib ki, əgər biz istəyiriksə ağıllıların, cəsarətlilərin sayı artsın, həmin insanlara hörmət etməliyik:

«Amma vəzifə ilə cəsarətlənənlər əsl cəsarətliləri sevmirlər».


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG