Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:06

Obama xalqa müraciətində ziyanı kimin ödəyəcəyini deyə bilər


Barak Obama Meksika Körfəzində, 14 iyun 2010
Barak Obama Meksika Körfəzində, 14 iyun 2010
PREZİDENT OBAMA XALQA MÜRACİƏT EDİR

ABŞ prezidenti Barak Obama iyunun 16-sı Bakı vaxtilə gecə saatlarında Meksika Körfəzindəki neft axıntısına görə xalqa müraciət etməyi planlaşdırır. Prezident dünəndən Meksika Körfəzindədir və Vaşinqtona dönən kimi xalqa müraciət etməsi gözlənir.

Aprelin 20-də həmin Körfəzdə neft platformasında 11 nəfərin ölümü ilə nəticələnmiş qəzadan sonra dənizə axan neft və qaza görə ABŞ-ın Luiziana, Missisipi, Alabama və Florida ştatlarının sahillərində ətraf mühitə və sənayeyə çox böyük miqyasda ziyan dəyib. Bunu ABŞ tarixində neft çirklənməsindən yaranan ən böyük fəlakət adlandıranlar da var.

Dənizə axan neft və qazın kəsilməsi üçün həmin platformada neft çıxaran Britaniyanın neft nəhəngi BP şirkətinin cəhdləri hələlik tam nəticə vermir. BP hələlik dənizə neft və qaz axmasının qarşısını yalnız qismən ala bilib.

BP şirkətinin cəhdləri hələlik tam nəticə vermir
İndi ABŞ administrasiyası ilə BP şirkəti arasında ən böyük mübahisə mövzusu isə ətraf mühitə və insanlara dəyən ziyanı kimin ödəyəcəyi üstündədir. BP rəsmiləri bildirirlər ki, hələlik neft axıntısının qarşısını almağa və qəzanın səbəblərini araşdırmağa çalışırlar. Yalnız bu prosesin sonunda dəyən ziyanı kimin ödəyəcəyi barədə müzakirə aparmaq olar. Bu fikrilər isə ABŞ prezidentinin kəskin etirazı ilə nəticələnib. Prezident Obama ən kəskin ifadələrlə bildirir ki, ziyanı kimin ödəyəcəyini bəri başdan bilmək istəyir.

PREZİDENT ZİYANI ÖDƏYƏSİ ADAMI ÖZÜ MÜƏYYƏN ETMƏYƏ SƏLAHİYYƏTLİDİR

ABŞ prezidentinin sözçüsü Robert Qibbs iyunun 15-də CBS telekanalına müsahibəsində bildirib ki, BP neft axıntısının vurduğu ziyanın aradan qaldırılmasına cavabdeh kimsəni müəyyən edə bilməsə, ABŞ hökuməti özü bu işi boynuna götürə bilər. O bildirib ki, BP-nin «indi bu istiqamətdə proses gedir» deməsi kifayət deyil.

Qibbs qeyd edir ki, Barak Obama bu cavabdehi şəxsən özünün müəyyən etməsi üçün qanuni səlahiyyətlərə sahibdir: «İndi ya, prezident məcburən bu ziyanı ödəməli tərəfi müəyyən edəcək, ya da BP-nin özü həmin tərəfi elan etməyə razılaşacaq».

Neftə bulaşmış qutan
ABŞ prezidentinin yaxınlarda gözlənən xalqa müraciətinin də həmin cavabdehliyə dair olacağı gözlənir.

Prezident Obama iyunun 10-da Konqres liderləri ilə müzakirədən sonra bildirib ki, Meksika Körfəzində yaşayanların gələcəkdə də bu cür qəzalardan qorunması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir:

- Burada baş verən hadisələrin dərin təhlili, nələrin səhv edildiyi, faktlar təhlil edilməklə qanunvericilikdə də bəzi dəyişikliklər olunmalıdır. Qanunvericiliyi dəyişməklə elə etmək lazımdır ki, dolanışığı Körfəzdən çıxanlar – balıqçılar, otel, təsərrüfat sahibləri gələcəkdə belə böhranlı vəziyyətlərdə daha sığortalı olsunlar.

BP QUYUNU QAZANDA QƏNAƏT ÜÇÜN NƏYİSƏ İSTİFADƏ ETMƏYİB?

BP şirkətinin baş direktoru Toni Heyvord da Vaşinqtona çağırılıb. O, bu günlərdə prezident Obama ilə görüşəcək və Konqresdə dinləmələrdə iştirak edəcək. Agentliklər yazır ki, BP rəhbərliyini çox sərt suallar gözləyir. Hətta, dinləmələr ərəfəsində BP-nin neft platformalarının qazıntısında səhvlərə yol verməsi barədə ittihamlar da səslənir.

Luiziana, Missisipi, Alabama və Florida ştatlarının sahillərində ətraf mühitə böyük miqyasda ziyan dəyib
Nümayəndələr Palatasındakı Enerji və Kommersiya Komitəsinin Demokrat Partiyasından olan nümayəndələri Henri Uoksman və Bart Stupak dinləmələr ərəfəsində göndərdikləri məktubda yazırlar ki, «BP davamlı olaraq xərcləri azaltmaq və vaxtı qısaltmaq üçün qazıntı işlərində çox riskli proseduralar həyata keçirir. Risklərin qarşısının alınmasına da minimum cəhdlər edir».

Onlar iddia edirlər ki, BP qəzaya uğramış platformada neft quyusunun qazıntısı zamanı qənaət xatirinə hansısa avadanlıqlardan istifadə etməyiblər. O da bu cür fəlakətli nəticələrə gətirib. Hələlik bu iddialara BP-dən rəsmi izahat yoxdur. Amma Vaşinqtonda jurnalistlər onu da qeyd edirlər ki, dinləmələr nümayəndələrin populist çıxışları üçün həm də çox əlverişli şans kimi istifadə edilir.

BP-NİN SƏHMLƏRİ 45 FAİZ UCUZLAŞIB

Meksika Körfəzindəki platformadakı bu qəza və ABŞ rəsmilərinin dəyən ziyana görə milyardla dollar kompensasiya ödənməsini tələb etməsi BP-nin səhmlərinin də kəskin dəyər itirməsinə səbəb olub. Təkcə iyunun 14-də BP Nyu-York bazarında doqquz faiz dəyər itirib. «Associated Press» agentliyinin məlumatına görə isə aprelin 20-dən Meksika Körfəzində qəza baş verəndən bu yana BP-nin qiyməti 45 faizə yaxın düşüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG