Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:23

Yaşayışımız reallığı əks etdirirmi?


«Azərbaycanda istehlak səbətinin real səviyyəsi parlamentin müəyyən etdiyi yaşayış minimumundan 40 faiz çoxdur»
«Azərbaycanda istehlak səbətinin real səviyyəsi parlamentin müəyyən etdiyi yaşayış minimumundan 40 faiz çoxdur»
İqtisadi Tədqiqatlar Mərkəzi may ayı üçün istehlak qiymətlərinin monitorinqini aparıb. Mərkəzin hesablamalarına görə, mayda Azərbaycanda yaşayış minimumu adambaşına 122,01 manat təşkil edib.

Tədqiqatlar adambaşına minimum istehlak səbətinin dəyərinin əmək qabiliyyətli əhali üçün 119,65 manat, pensiyaçılar üçün 106,97 manat, 0-14 yaşlı uşaqlar üçün 137,96 manat olduğunu göstərib.

Mərkəzin sədr müavini Rasim Hüseynova görə, bu tədqiqatdan sonra demək mümkündür ki, yaşayış minimumu ilə bağlı hökumətin rəqəmləri reallığı əks etdirmir:

«Pensiyaçıların, iş qabiliyyətli əhalinin və uşaqların ayrı-ayılıqda səbətləri də hesablanıb və ortalama 122 manat təşkil edib. Bu da hökumətin təsdiq elədiyi 87 manatdan yüksək bir rəqəmdir, 40 faizdən çoxdur. Belə çıxır ki, hökumətin təsdiq elədiyi həmin o rəqəmlər şərti bir rəqəmlərdir və onların heç bir real əsası yoxdur. Hökumətin götürdüyü yaşayış minimumunun real həyatla heç bir əlaqəsi yoxdur».

SOSİAL YARDIM HÜQUQUNDAN MƏHRUMLAR


«Azərbaycanda istehlak səbətinin real səviyyəsi parlamentin müəyyən etdiyi yaşayış minimumundan 40 faiz çoxdur. Bu o deməkdir ki, yüz minlərlə adam sosial yardım almaq hüququndan məhrum edilib».

Bunu «Turan» informasiya agentliyinin iqtisadiyyat şöbəsinin müxbiri Hafiz Babalı deyir:

«Hökumət hər il istehlak səbətini dəyərləndirir və məqsəd ölkədə həm yoxsulluğun səviyyəsini müəyyən etmək, eyni zamanda çox aşağı olan şəxslərə ünvanlı sosial yardım verməkdir.
Hafiz Babalı
Ancaq təəssüf ki, hökumətin müəyyən etdiyi istehlak səbətində məbləğ göstəricisi reallığı əks etdirmir. Eyni zamanda hökumətin vətəndaşlarına verdiyi müəyyən müavinət və pensiyalarda belə bir uyğunsuzluq var. Məsələn, bu gün Azərbaycanda minimum yaşayış səviyyəsi hökumət tərəfindən 90 manat məbləğində qiymətləndirilsə belə, pensiyaçılara minimum 75 manat həddində pensiya verilir. Və ya elə müavinətlər var ki, bu yaşayış minimumundan çox aşağı səviyyədə olur, bəzənsə onun yarısı qədər təşkil edir».

İNDİKİ PENSİYAÇILAR SOVET DÖVRÜNDƏKİLƏRƏ HƏSƏD APARIR


Hafiz Babalı deyir ki, neft ölkəsi olan Azərbaycanda əhali ildə bir dəfə əməlli-başlı dincələ bilmir. Sovet dövründə isə pensiyaçıların sanatoriya və kurortlara getməsi adi bir hal idi. 75 manat təqaüd alan Cəmil Məmmədov isə deyir ki, o sovet dövrünün pensiyaçılarına ancaq həsəd apara bilər:

«40 il müəllim işləyəndən sonra yaşa görə pensiyaya çıxmışam. İndi cibimdə 20 qəpiyim yoxdur, gəl indi dolan. Danışanda da deyirlər ki, bu qədər gəlirimiz gəlir, iqtisadiyyatımız günü-gündən artır. Neftdən bu qədər pul gəlir, hara gedir o pullar? Gərək elə heykəllər qoyula? Heykəl bu gün var, sabah yoxdur».

EHTİYAC MEYARI SÜNİ GÖSTƏRİCİDİR


Parlamentin iqtisadi-siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimov isə deyir ki, 2010-cu il üçün yaşayış minimumu məsələsinə baxılanda bu rəqəmin 100 manat müəyyən edilməsi haqqında təklif veribmiş. Ancaq 87 manat həcmində təsdiq edilib. O deyir ki, aztəminatlılara ünvanlı sosial yardım üçün ehtiyac meyarı da sünidir. Bu yardım yaşayış minimumu səviyyəsinə
Əli Məsimov
uyğun olmalıdır:

«Hesab edirəm ki, ehtiyac meyarı süni bir göstəricidir. Bilavasitə yaşayış minimumundan aşağıdır. Ehtiyac meyarı göstəricisi aradan qalxmalıdır. Çünki bu süni bir göstəricidir. Ehtiyac meyarı ünvanlı sosial yardımı vermək üçün olan bir göstəricidir. Bu göstərici tətbiq olunan zaman artıq yaşayış minimumu göstəricisi baxmayaraq ki, Milli Məclis səviyyəsində təsdiq olunur, ancaq heç yanda işləməyən, havadan asılı bir rəqəmə çevrilir. Həm də yaşayış minimumunun özünün də hesablanma metodikasında dəyişikliklər edilməlidir. Həmin dəyişikliklər əsasında o da reallığa uyğun olmalıdır».

ƏSLİNDƏ YOXSULLUQ SƏVİYYƏSİ NECƏDİR?


İqtisadçılar deyir ki, yaşayış minimumu ölkədə yoxsulluq həddini müəyyən etmək üçündür, onun süni azaldılması isə yoxsulluğun az olması təəssüratı yaradır.

Rəsmi statistikaya görə, 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz olub. 2008-ci ildə bu 13,2 faizə, 2009-cu ildə isə 11 faizə endirilib. İqtisadçılar deyir ki, yaşayış minimumu süni olaraq azaldılmasa, yoxsulluğun real göstəricisi indiki rəqəmdən iki dəfə çox olardı.

2009-cu ilin yekununda Azərbaycanda orta aylıq pensiya 100,4 manat, minimum maaş 75 manat olub. 2009-cu ildə ünvanlı sosial yardım məqsədi ilə dövlət büdcəsindən 654 min nəfər üçün 180 milyon manat ayrılıb.
XS
SM
MD
LG