Keçid linkləri

Təcili xəbərlər

Qurtuluş, yoxsa qurulmuş ssenari?


Stefan Sveyqin «Bəşəriyyətin ulduz saatı» silsilə yazısında fransalı marşal Qruşi haqqında maraqlı bir hekayə var. Bu marşal bir qədər cəsarətli olsa idi, özü qərar qəbul edə bilsəydi, məşhur Vaterloo döyüşünün gedişi və nəticəsi dəyişə bilərdi. Amma Qruşi hərbi intizam düşkünündən başqa bir kəs olmadığı üçün qərar qəbul edə bilmir və böyük Napoleon elə « Qruşi harada qaldı?» deyə- deyə döyüşü uduzur.

Bunu niyə xatırladıq? Hər dəfə 1993-cü ilin iyun hadisələri haqqında düşünərkən bu tarixçə yadımıza düşür. Yox, o vaxtkı siyasi komandanı şişirtmək, onları Napoleona və hətta marşal Qruşiyə bənzətmək fikrindən çox – çox uzağıq. Sadəcə, kimsə yazmışdı ki, bir nəfər cəsarətli adam artıq çoxluq deməkdir. Bəlkə də, bunu mübariz çoxluq kimi yazmaq daha düzgün olardı. Eyni qayda ilə demək olar ki, bir və bir neçə cəsarətsiz siyasətçi, vaxtında qərar qəbul edə bilməyən hakimiyyət adamı artıq məğlub çoxluq deməkdir. Bir nəfər cəsarətli insan çoxluğun iradəsini necə dəyişirsə, bir və ya bir neçə siyasətçi də öz qorxaqlığı ilə milləti, nə az, nə çox, düz 17 il səfalətə və fəlakətə düçar edir.
Qiyam qalib gəlirsə, qiyamçılar haqlı, məğlub olurlarsa, onda qiyamçılar haqsız olurlar?

Ona görə də üstündən düz 17 il keçsə də, hələ bilmirik ki, bu müdhiş iyun hadisələri qurtuluş idi, yoxsa irəlicədən hazırlanmış və detalları məşhur «səkkiz saatlıq görüş»də cızılmış ssenari?

OXŞAR HADİSƏLƏR, FƏRQLİ MÜNASİBƏT


93-cü ilin iyun hadisələri ilə 94-cü ilin mart hadisələrində bir oxşarlıq var. Hər iki halda hərbi hissə dövlətə tabe olmaq istəmirdi. Düzdür, fərqlər də çox idi, hətta bu olayların qəhramanları da fərqli insanlar idi. Amma formal oxşarlıq bütün hallarda var idi. Birinci halda qiyamı yatırmaq cəhdi hakimiyyətin devrilməsi ilə, insanların təqib edilməsi və üzücü məhkəmə proseslərində süründürülməsi ilə bitdi. İkinci qiyam hərbi yolla susduruldu, məğlub olmuş insanlar ölüdürüldü, həbs edildi. Məsələ təkcə bunda deyil. Ondadır ki, oxşar hadislərə qarşı hələ də fərqli münasibət hökm sürür – birinci halda o vaxtkı hakim komanda günahkar, ikinci halda isə hakimiyyət haqlı hesab edilir. Onda buradan belə bir nəticə hasil olur: deməli, qiyam qalib gəlirsə, qiyamçılar haqlı, məğlub olurlarsa, onda qiyamçılar haqsız olurlar? Üstündən nə az, nə çox, on ildən çox vaxt keçsə də, bu suala hələ cavab verilməyib.
Bütün millət böyük bir rəqs ansamblına, hakimiyyət isə xalq çalğı orkestrinə çevrilib. Onlar çalır, biz oynayırıq!

HƏR YAZILAN SÖZ TARİXDİRMİ?

Bu hakimiyyət belə düşünür. Ona görə də hansı abstrakt məntiq ilə təyin edib bayram halına gətirdikləri günləri bu millətə sırımaqla məşğuldurlar. Bu dəfə də «qurtuluş günü» üç günlük bayramla qeyd edildi. Olsun.

Amma bu günlər təsadüfən bizim üçün əsl bayram oldu. Niyə? Ona görə ki, məşhur CNN kanalı M.Ə.Rəsulzada haqda xüsusi veriliş yaınladı. Bu, bir çoxuna dərs olmalı idi. Qoy, Rəsulzadəni anmasınlar, abidə qoymasınlar, onu bütün dünya anır, o, tarixdədir. Bizim də qurtuluşumuz bundadır. Bu qurtuluşa həqiqətən də sevinirik.

HAKİMİYYƏTİN NEKROFİLİYA QOXULU QƏRARLARI

«Qurtuluş bayramı» ərəfəsində hakimiyyət mətbuata həm kökə, həm də qamçı göstərdi – bir tərəfdən səyyar qəzet satıcılarına qarşı hücuma keçdilər, digər tərəfdən isə milli mətbuatın yaranmasının 135 illiyinin bayram edilməsi ilə bağlı qərar qəbul etdilər. Bu hakimiyyətin qərarlarından həqiqətən də nekrofiliya qoxusu gəlir, bunlar milli mətbuatı məhv edəndən sonra onun yubileyini keçirirlər. Qorxuruq bir gün «müxalifət bayramı», bir gün də «seçki bayramı» keçirsinlər. Axı onlar da artıq yox olmaq, silinmək ərəfəsindədirlər.

Jurnalistlər isə məhbəsdə qalmaqda davam edirlər. Bəlkə, mətbuata ən böyük hədiyyə onların azad edilməsi olardı?

BAYRAMDAN BAYRAMA

Bu günü də ötürəcəyik. Sonra növbəti, daha sonra yenə də növbəti bayram gələcək. Sanki Tanrı bizi qarğıyıb. Misal var, deyirilər ki, dəli üçün hər gün bayramdır. Bəlkə doğrudan da ağlımızı itirmişik? Axı belə də olmaz! Bütün millət böyük bir rəqs ansamblına, hakimiyyət isə xalq çalğı orkestrinə çevrilib. Onlar çalır, biz oynayırıq! Oynayırıq, elə hey oynayırıq!

Ən son yazılan

XS
SM
MD
LG