Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:31

İranda milli istəklərə görə həbslər davam edir


Heydər Kərimi
«Heydər bəy şəxsi işləri ilə əlaqədar evdən çıxmışdı, məmurlarla qayıtdı. Məmurların əlində həm həbs, həm də axtarış hökmü var idi. Heydər bəyi apardılar, haraya və niyə apardılar, xəbərimiz yoxdur. Üstündən bir həftə keçir, nədə ittiham olunmasından da xəbərimiz yoxdur, vəziyyətindən də».

«SİNA» QƏZETİ NİYƏ QAPADILIB?

Bunu, İranda Azərbaycan dili və milli kimliyi uğrunda mübarizə aparan və iyunun 8-də İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin əməkdaşları tərəfindən həbs olunan milli fəal, jurnalist, İranın Xoy şəhərində yaşayan 29 yaşlı Heydər Kəriminin qardaşı Mehrdad Kərimi deyir.

Heydər Kərimi Həmədan şəhərində farsca-türkcə nəşr olunan «Sina» qəzeti ilə əməkdaşlıq edirmiş. Qəzet iki ay əvvəl azərbaycanlıların milli haqlarından yazdığına görə qapadılıb. Hökumət hesab edib ki, qəzet İranda etniklərarası ixtilaf yaradır. Bundan əvvəlsə Heydər Kərimi farsca və türkcə nəşr olunan «İldırım» qəzetində də yazırmış. Həmin qəzet 7 il əvvəl eyni səbəbdən hökumət tərəfindən qapadılıb.

Mehrdad Kərimi deyir ki, qardaşı «Sina» qəzetində milli haqlarla bağlı dərc olunan çoxsaylı məqalələrin müəllifi olub:

«Ana dili ilə bağlı həm çıxışları olurdu, həm də yazıları. O biri milli fəallar kimi aksiyalarda da iştirak edirdi».

Mehrdad Kərimi deyir ki, ordan-burdan eşidib ki, indi qardaşını ETTELAAT-ın Təbriz şöbəsində saxlayırlar. Ancaq ailəyə bu barədə rəsmən bildirilmir.

ARA-SIRA JURNALLARDA ANA DİLİ TƏLƏB EDƏNİ TUTDULAR

Mahmud Fəzli
«Küçədə tutmuşdular, öz maşınına mindirmişdilər, gətirmişdilər qapıya. Evi axtardılar, Mahmud bəyin kitablarını, telefonunu, sənədlərini götürüb getdilər. Mahmud bəyi də özləri ilə apardılar».

Bunu deyən isə jurnalist Heydər Kərimi ilə eyni gündə həbs olunan 40 yaşlı Mahmud Fəzlinin həyat yoldaşı Fatimə Fəzlidir. Fatimə xanım deyir ki, əvvəllər Təbrizdə, son vaxtlar isə Tehranda yaşayıblar. Əvvəllər də bir neçə dəfə həbs olunan əri mühəndis işləyirmiş. Ara-sıra jurnallarda milli istəklərlə bağlı yazılarla çıxış edirmiş:

«Mahmud bəyin ana dilinə görə, milli məsələlərə görə fikirləri çox aydın idi, buna görə fəaliyyətdə idi. Ancaq son bir ildə elə də güclü fəaliyyət göstərmirdi. Mən də milliyyətçilik məsələsində Mahmud bəylə həmfikirəm».

Fatimə xanımın sözlərinə görə, ailəyə bildirilib ki, Mahmud Fəzli ETTELAAT-ın Təbriz şöbəsində saxlanılır. Lakin ona konkret hansı ittihamların irəli sürülməsindən ailə xəbərsizdir.

«TƏQİB VƏ HƏBS OLUNAN AZƏRİLƏRİN SAYI MİNLƏRLƏDİR»


İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur deyir ki, İranda azərbaycanlıların sivil savaşı gedir. Bu savaş elə bir mərhələyə çatıb ki, hökumətin bunun qarşısını almaq cəhdləri boşa çıxır:

Yaşar Həkkəkpur
«İrandakı azərbaycanlılar neçə illərdir ki, öz istəklərini ortaya qoyurlar. Baxmayaraq ki, azərbaycanlı fəallar qanun çərçivəsindən çıxmırlar, mədəni səviyyədə öz milli və insani haqlarını istəyirlər, İran hakimiyyəti bu istəklərə sərt yanaşır, fəalları həbs etdirir».

Həkkəkpur deyir ki, bu ölkədə milli istəklərə görə təqiblərə məruz qalanların və həbsə atılanların sayı minlərlədir.

İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə ana dilində təhsil hüququ tanıyır. Lakin sayı 20-35 milyon arası olduğu ehtimal edilən azərbaycanlıların ana dilində məktəbləri yoxdur. İran rəsmiləri bu ölkədə azərbaycanlıların hüquqlarının pozulmadığını iddia edirlər.

Yaşar Həkkəkpurun dediyinə görə, iyunun 14-də Təbriz Universitetinin tələbəsi, milli fəal Nəim Əhmadi Xiyavi də həbs olunub. Ailə üzvləri onun nəyə görə həbs olunmasından və harada saxlanmasından xəbərsizdir.
XS
SM
MD
LG