Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:27

«Problemlər var, demokratiyanın inkişafı üçün perspektivlər də var»


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross Uilson

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross Uilson

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross Uilson Azərbaycan-Amerika münasibətlərində bir müddət davam edən durğunluğu böhran kimi qiymətləndirmir.

O, bunu Turan agentliyinin sualını cavablandırarkən deyib.

Keçmiş səfir iyunun 13-15-də Bakıda səfərdədir.

ABŞ müdafiə naziri Robert Geytsin bu yaxınlarda Bakıya səfərini xatırladan Uilson qeyd edib ki, dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri gözlənildiyi barədə xəbər onu yaxşı mənada təəccübləndirib:

«Bu, son 18 ildə ABŞ dövlət katibinin Azərbaycana ilk səfəridir. Bu, yaxşı addımdır. Bu şəkildə münasibətləri inkişaf etdirmək olar. Bu, indiki - Azərbaycanda ABŞ səfirinin olmadığı bir şəraitdə çox vacibdir», deyə Uilson qeyd edib.

O, Azərbaycanda demokratiya sahəsində vəziyyətlə bağlı şərh verməkdən imtina edərək, qısamüddətli səfər zamanı «demokratiyanı qiymətləndirməyin çətin olduğunu» əsas gətirib. Eyni zamanda, o, «regionda və bütün dünyada olduğu kimi, bəzi problemlərin» mövcud olduğunu etiraf edib. Onun fikrincə, demokratiya hansısa bir səviyyəyə çatmaq deyil, «daim məqsədə doğru hərəkətdə olmaq - irəliləməkdir».

Müxtəlif insanlarla görüşlər nəticəsində Azərbaycanda demokratiyanın vəziyyəti haqqında yaranmış ümumi təəssüratı Uilson «problemlər var, demokratiyanın inkişafı üçün perspektivlər də var» deyə ifadə edib.

Diplomatik missiyasını başa vurduqdan sonra keçən son 7 ildə Azərbaycanda nəzərəçarpan iqtisadi inkişaf da Uilsona xoş təəssürat bağışlayıb. Onun fikrincə, bir çox binalar tikilib, bahalı maşınların sayı çoxalıb, yollar xeyli yaxşılaşıb, insanlar daha yaxşı geyinməyə başlayıb, ümumiyyətlə, əhali daha zəngin yaşamağa başlayıb.

Bununla belə, Uilson qeyd edib ki, bu, onun qısa səfər ərzində vizual müşahidələridir və ölkədə iqtisadi vəziyyəti daha dərindən qiymətləndirmək istəməzdi.

ABŞ-ın Azərbaycanda demokratiya məsələlərini strateji maraqlarına qurban verməsi haqqında fikrə münasibət bildirmək xahişinə cavab verən Uilson bu nəzər nöqtəsi ilə razılaşmadığını deyib.

Uilsonun sözlərinə görə, ölkə resurslarının, energetikanın və Avropa ilə münasibətlərin inkişafı ilə yanaşı, demokratiya və insan hüquqları ABŞ-ın bütün səfirlərinin fəaliyyəti zamanı həmişə prioritet olaraq qalıb.

Qarabağ nizamlanması məsələsinə toxunan Uilson bu münaqişənin indiyədək həll edilmədiyinə təəssüf etdiyini bildirib. Lakin, onun sözlərinə görə, bunun üçün həm Azərbaycan və Ermənistanın, həm də vasitəçi ölkələrin - ABŞ, Fransa və Rusiyanın istəyi var və hamı nizamlanmaya nail olmaq üçün daha da israrlı olmalıdır.

5 il Ankarada səfir işləmiş Uilson Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin təşəbbüskarının Vaşinqton olması haqqında fikirləri təkzib edib. Səfirin fikrincə, indi proses «bir qədər dayandırılıb, amma tamamilə kənara atılmayıb».

Uilson hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Qarabağ nizamlanmasına müsbət təsir edə bilər.

Keçmiş səfir Bakıda XİN rəhbəri Elmar Məmmədyarov və Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla danışıqlar aparıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG