Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:47
“Yeni Azərbaycan” qəzeti xəbər verir ki, bu günlərdə filologiya elmləri doktoru, professor Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” adlı kitabı işıq üzü görüb.

Kitabda yer alan eyniadlı pyes keçmiş prezident Heydər Əliyevin "dövlətçilik, azərbaycançılıq uğrunda mübarizəsinə həsr olunub".

"Kitabda “Koroğlunun Çənlibelə qayıdışı” pyesinin yazılma tarixçəsindən danışan müəllif bildirir ki, Ulu öndərə vətəndaş sevgisi hələ 1969-cu ilin payızında ADU-nun 50 illik yubileyində Heydər Əliyevin ana dilində çıxışı zamanı yaranıb.

A.Babayev, bildirir ki, o vaxt I katibin ana dilində danışması böyük hadisə hesab olunurdu.

“Sonradan Ulu rəhbərin hər bir hərəkətində dərin məna tapdığım üçün Ona olan sevgim daha da artmağa başladı. Onun haqqında çoxlu məqalə və şeirlər yazdım.

1993-cü ildə “Koroğlunu Çənlibelə qoymurlar” adlı hekayə qələmə aldım. 1997-ci ildə isə “Koroğlunun Çənlibelə qayıdışı” pyesi ərsəyə gəldi”.

Qeyd edək ki, professor Adil Babayevin elmi fəaliyyəti ilə bədii yaradıcılığı bir-birini tamamlayır.

Onun bədii yaradıcılığında tarixilik və elmilik notlarının qabarıq nəzərə çarpması bunu bir daha təsdiq edir. Elə müəllifin adıçəkilən əsərini də tarixiliyin və müasirliyin vəhdəti adlandırsaq yanılmarıq.

Belə ki, müəllif əsərdə xalq qəhrəmanı Koroğlu ilə Ümummilli lider Heydər Əliyevin mübarizəsini və ideallarını böyük məharətlə uzlaşdırıb.

Böyük zaman məsafəsindən (2008-ci il) sonra əsər Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun dəstəyi ilə Ulu öndərin 85 illiyi münasibətilə 125 illik ənənəsi olan C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilib.

Premyeradan sonra Vasif Talıbov yaradıcı kollektivi uğurlu tamaşaya görə təbrik edərək, təəssüratlarını belə ifadə edib:

“Ötən əsrin 90-cı illərində baş verən hadisələri acı olsa da, hər birimiz yaşamışıq.

Bizim Vətənpərvər, uzaqgörən insanlarımızdan biri yazıçı-publisist professor Adil Babayev ibrət olsun deyə gənc nəsillər üçün o dövrü qələmə alıb.

Sizlər isə bugünkü ifanızla öz sənətinizə nə qədər vurğun olduğunuzu və Ümummilli liderin yoluna nə qədər sədaqətli olduğunuzu bir daha nümayiş etdirdiniz. Yalnız Ümummilli liderin yoluna ürəkdən bağlı olan insanlar bu rolları ürəkdən ifa edə bilərdilər.

Tarix yazılır, yaşanır və yaşadır. Siz isə tarixi bir daha bizə yaşatdınız".

Azərbaycan dilçiliyinin inkişafında xüsusi xidmətləri olan, öz tədqiqatları ilə onu daha da zənginləşdirən professor Adil Babayevin qələmə aldığı əsərdə cərəyan edən hadisələrin hamısı yaxın keçmişdə baş verdiyi üçün hər kəsə yaxşı tanışdır.

Əsərin qısa məzmunu isə belədir.

Öz havadarlarının dəstəyi ilə mənfur qonşumuz olan ermənilər Azərbaycan rəhbərlərinin istedadsızlığından və səriştəsizliyindən istifadə edərək vətənimizi işğal etməyə çalışır, igidlərimiz məhv olur, məmləkətimiz alovlar içərisində fəryad edir.

İllər boyu Koroğlunun süfrəsində çörək yeyən insanlar müasirləşdirilərək 1992-93-cü illərə gətirilir. Onlar ölkəni xaosda saxlamaq istəyirlər.

Bədnamların ruhuna bələd olan sovet rəhbərliyi isə dönüklərin hərəsinə bir vəd verərək Azərbaycanın xilaskarının (əsərdə Koroğlunun) əleyhinə çevirir. Elə bu vaxt Koroğlunun şaqraq səsi eşidilir:

Başsızmı sən gördün Azərbaycanı?!
Əlini kəsərəm yerini tanı!

Xalq artisti Kamran Quliyevin quruluş verdiyi “Koroğlunun Çənlibelə qayıdışı” əsərinin sonluğunda Azərbaycan Dövlət müstəqilliyi təmin edilərək, möhkəmlənir.

Nəşrdə, həmçinin, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, NDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sevindik Vəliyev, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, habelə, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Əbülfəz Quliyev və filologiya elmləri namizədi Firudun Rzayevin əsər və əsərin səhnə həlli haqqında fikirləri yer alıb.

Xatırladaq ki, 1938-ci ildə Naxçıvan MR Ordubad rayonunun Dırnıs kəndində anadan olan Adil Məhəmməd oğlu Babayev dilçilik, ədəbiyyatşünaslıq, həmçinin, bədii yaradıcılıq sahəsində 16 kitab, 12 proqramın müəllifidir.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, o cümlədən, AMEA orfoqrafiya komissiyasının üzvüdür.

Müəllif 12 elmlər namizədliyi işinin rəhbəri, 3 nəfər elmlər doktorunun məsləhətçisi, 32 nəfərin rəsmi opponenti olub".

"Yeni Azərbaycan"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG