Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:32

«Bizi Qarabağda sülh və ya Azərbaycanın enerjisi maraqlandırmır»


«Bizi səmimi olaraq insan haqları və demokratiya quruculuğu, o cümlədən İsrail və Türkiyə, Qarabağda və Gürcüstanda sülh və ya Azərbaycanın enerjisi maraqlandırmır. Bizi hazırda narahat edən yeganə məsələ Əfqanıstandır». Vaşinqtonda dərc olunan «Foreign Policy» jurnalında Tomas Qoltz yazır ki, bunu ona Amerikalı kəşfiyyatçı deyib. Müəllifin yazdıqlarını olduğu kimi diqqətinizə çatdırırıq.

Mən hələ də jurnalist olsaydım, ötən şənbə Amerikanın müdafiə naziri Robert Geytsin Azərbaycana elan olunmamış səfərini öyrənəndə sensasiyalı xəbər əldə etmiş olardım. Geytsə Vaşinqtonun Bakı ilə problemli münasibətlərini yoluna qoymaq tapşırılmışdı.

Mən bu fövqəladə səfər haqqında yaşlı dostumdan xəbər aldım, o, məni çağırmışdı desin ki, Azərbaycanın paytaxtında olduğumu bilir və onun keçmiş rəhbəri – ABŞ kəşfiyyatçı məmuru mənimlə pivə içib, təxminən 20 ilimi keçirdiyim Azərbaycanda keçi içalatı və çay dəmləmək kimi hobbim barədə söhbət etmək istəyir.

«BİZİ HAZIRDA YALNIZ ƏFQANISTAN NARAHAT EDİR»

«Amerikalı diplomat mənə sizinlə danışmamağı tapşırıb, amma o, Dövlət Departamentindəndir, mənsə yox» – kəşfiyyatçı məmur belə dedi. Onun dediklərini yaddaşımda qaldığı kimi çatdırıram:

«Mən Qeytsin sabahkı səfəri ilə bağlı burdayam. Biz, nəhayət ki, Azərbaycana nəsə vermək qərarına gəldik, nə qədər ki iş daha da pisləşməyib…»

Sonra süni gülüşlə əlavə etdi:

«Bizi səmimi olaraq insan haqları və demokratiya quruculuğu, o cümlədən İsrail və Türkiyə, Qarabağda və Gürcüstanda sülh və ya Azərbaycanın enerjisi maraqlandırmır. Bizi hazırda narahat edən yeganə məsələ Əfqanıstandır».

Mən deyilənlərdən təəccüblənmədim, amma yenə də dəqiqləşdirdim, o isə təkrarən Əfqanıstan dedi.

AZƏRBAYCANIN ƏSAS TÖHFƏSİ ONUN COĞRAFİ MÖVQEYİDİR


Azərbaycanın bu müharibədə rolu kifayət qədər aydındır: Bu ölkə Əfqanıstana simvolik sayda – 90 əsgər göndərib (bu günədək heç bir itki verməyib) və Birləşmiş Ştatlarla məlumat bölüşdürür. Amma Amerikanın apardığı müharibədə Azərbaycanın əsas töhfəsi onun coğrafi mövqeyidir: ölkə Qafqazda elə yerdə yerləşir ki, o, Avropa, Orta Şərq və Mərkəzi Asiya arasında qapıdır və Bakı NATO-ya hava, dəmir və dəniz yolunu açmaqla çox vacib alternativ daşınmanı təmin edib.

Azərbaycan dəhlizinin bağlanması və ya məhdudlaşdırılması təhlükəsinin olması ilə bağlı hər hansı söz-söhbət yoxdur, amma cüzi də olsa, bunun mümkünlüyü, göründüyü kimi, Pentaqonu narahat edir və bu da kifayətdir ki, Bakıya müəyyən qədər hörmət göstərilsin, məsələn, prezident Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevə şəxsi məktub göndərməsi formasında. Məktubu çatdırmaq Qeytsin səfərinin məqsədi idi və tezliklə bu məktub faktiki olaraq bütün Amerika qəzetlərinin səhifələrində dərc olundu.

AZƏRBAYCAN ƏVVƏLKİ AZƏRBAYCAN DEYİL

Azərbaycanın regionda və beynəlxalq təhlükəsizlikdə, enerji məsələlərində vacib rol oynaması və Qarabağ konfliktinin sülh həll yolunun axtarılmasına ehtiyacın olması kimi ənənəvi deyimlərdən sonra Obama, nəhayət ki, əsas mahiyyətə varır:

«Mən bizim münasibətlərdə ciddi problemlərin olması faktından agaham, amma inanıram ki, biz onları həll edə bilərik».

Amma bu məktubun getdikcə pisləşən münasibətlərə dayaq verə bilib-bilməyəcəyi hələ ki, açıq sual olaraq qalır, xüsusən də, nəzərə alsaq ki, Azərbaycan liderlərinə Amerikanın bu ölkədə marağının demək olar ki, Kabul bataqlığı ilə məhdudlaşdığı büsbütün aydındır.

Amerika siyasətçilərinin başa düşmək istəmədiyi (və ya bu, mənə elə görünür) odur ki, bugünkü Azərbaycan müstəqilliyinin ilk illərindəki qarmaqarışıq, müharibənin parçaladığı dövründən xeyli fərqlənir. O vaxt - 1993-cü ildə hakimiyyətini qaytaran ata Əliyev Azərbaycanı özünüməhv astanasından döndərdi. O vaxt Azərbaycanın təbii sərvəti hesabına varlanmaq istəyən bəzi beynəlxalq neft kompaniyaları istisna olmaqla demək olar ki, dostu yox idi və Heydər Əliyev məcbur idi ki, hər növ etinasızlığa dözsün.

Tərcümə: Ülkər Akifqızı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG