Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:01

Qızmar günəş altında...


Usta Binnət İsmayılov
Usta Binnət İsmayılov
«Çox istidir. Günün altında işləyirəm. 3-4 gün əvvəl məni gün vurub. Ancaq işləməliyəm, evdə işləyən tək mənəm».

Günəşin qızmar istisindən qorunmaq istəyənlər kölgəlik axtardığı vaxt usta Binnət İsmayılov düz günün altında işləyir. Günorta saat 2-dir. Binnətin kiçik usta stolu qaynar asfaltın üstündədir. Arada alnından axan təri silib dəmir açarları düzəltməyə davam edir:

EVƏ ƏLİBOŞ GETMƏK DƏHŞƏTLİ ŞEYDİR

«Gündəlik qazancım 12-13 manatdır. Səhər saat 9-dan axşam 9-a qədər işləyirəm. Dörd gün əvvəl məni gün vurmuşdu. Birtəhər özümə gəldim. Bir gün işləməsəm, evə çörəkpulu apara bilmərəm, evə əliboş getmək dəhşətli şeydir».

Binnətdən soruşanda o, niyə bir-iki addım o tərəfdə, kölgədə işləmir, deyir, çünki yeri buradır. Bu arada polis Binnətdən ərazini tərk etməyi tələb edir:

«TƏCILI YIĞIŞDIR, TEZ-TEZ!»

Binnətin dediyinə görə, onun burda işləmək icazəsi var, amma çifayda polis onun işləməyinə tez-tez mane olur:

«Ticarət Departamentindən icazəm var. Ancaq mane olurlar».

Amma Binnətin işləməyinə qızmar günəş də mane ola bilmir. Çünki ailəsini dolandırmaq üçün hər cür şəraitdə işləməyə məcburdur.

QANUN BUNA NƏ DEYİR?

Sahib Məmmədov
Əmək qanunvericiliyinə edilən yeni dəyişikliyə görə, temperatur müsbət 41 dərəcəyə çatarsa, iş dayanmalıdır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, sahibkarlar isti havada işçilərin qayğısına qalmalıdır:

«Qanunvericilik bu məsələni tənzimləyir. Əvvəl ən yüksək hədd 45 dərəcə idi. Tənqidlərdən sonra bunu 41 dərəcəyə endirdilər. Əgər kölgədə 41 dərəcə isti varsa, işəgötürən işi dayandırmalıdır».

Sahib Məmmədov deyir ki, Binnət isə kiçik sahibkarlıqla məşğul olduğundan çətirin altında işləməli, işində qısa fasilələr verməli, tez-tez su içməlidir.

Həkim Rauf Nağıyev isə məsləhət görür ki, xüsusilə, ürək, qan-damar xəstəlikləri olanlar, yaşlılar və uşaqlar gün altında qalmamalıdırlar. İş fasilələrlə görülməli, tez-tez sərinləşdirici içkilər qəbul olunmalı, günün altında baş örtülməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yaxın 3 gündə Bakıda 37-38 dərəcə isti olacaq.
XS
SM
MD
LG