Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Müxalifətin 10 minlik mitinqinə icazə verilmədi


Müsavat partiyası və Demokratiya Uğrunda İttifaqın iyunun 12-də mitinq keçirmək müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verib. Meriya müxalifət partiyalarına yenə də onların istədiyi meydanları yox, şəhər kənarındakı meydanları təklif edib.

Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu AzadlıqRadiosuna deyib ki, onlar mitinqi təxirə salmaq və ya meriyanın təklif etdiyi ünvanlarda keçirmək fikrində deyillər:

«Mitinqin təxirə salınması gündəlikdə yoxdur. Bu gün məsələlər partiyaların rayon və şəhər komitələrinin rəhbərləri ilə detallarına qədər müzakirə olunacaq».

Müsavat partiyası və Demokratiya Uğrunda İttifaqına daxil olan partiyalar bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə şəhərin mərkəzindəki bir neçə ünvanda on min nəfərlik mitinq keçirməklə bağlı müraciət ünvanlayıb. Mitinq keçirmək istəyən siyasi qurumlar istəyirlər ki, ölkədə demokratik seçki şəraiti yaradılsın, seçki komissiyaları bərabər şəkildə təşkil edilsin və rüşvətə, korrupsiyaya qarşı mübarizə aparılsın.

İndiyə qədər Bakı Şəhər İcra Hakimiyyəti «Azadlıq» blokuna daxil olan siyasi partiyaların müraciətlərinə də eyni cavabları verib. Bloka daxil olan siyasi qurumlar meriyanın cavabını qanunsuz sayaraq, şəhərin mərkəzi meydanlarında razılaşdırılmamış aksiyalara cəhdlər göstəriblər. Amma hər dəfə də polis aksiyaların qarşısını alıb.
XS
SM
MD
LG