Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:27
Sevinc Pərvanə Saatlı rayonunda anadan olub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. İxtisasca kinoşünasdır. «Salavat»hkkayəsi «Ədəbi Azadlıq» kiçik hekayə müsabiqəsində ilk onluğa düşüb.

- Nə vaxtdan yazırsınız?

- Çoxdan, lap çoxdan. Tarixi qədimdir. Demək olar ki, uşaqlıqdan yazıram. Amma təbii ki, uşaqlıq yazıları - o, öyrənmək üçün olan cızmaqaralar idi. Əlbəttə ki, o vaxt öyrəndiyimi bilmirdim.

Sadəcə, həvəs idi yazdıran. İncəsənət Universitetinə qəbul olunmağım məni yaradıcılığa daha çox meylləndirdi. Özümü yaradıcı adamlar sırasında görmək istədim. O zaman daha ciddi yazmağa başladım.

- O özünüzü sırasında görmək istədiyiniz adamların özləri nə dərəcədə yaradıcıdılar?

- Bizdə yaradıcı adamlar, istedadlı qələm sahibləri var.

Düşünürəm ki, Azərbaycan ədəbiyyatı, xüsusən poeziyamız – yəni nəsrdə deyə bilmərəm, amma poeziyamız heç vaxt olmadığı tərzdə, çox yaxşı inkişaf edir. Çox uğurlu imzalar var.

- Bəs niyə nəsrdə inkişafın olduğunu deyə bilmirsiniz?

- Nəsdə mənə elə gəlir ki, dünya səviyyəsinə çıxarılası, böyük əsərlər yazmağa hələ çox var. Amma Rafiq Tağıya ümidliyəm.

- Yaxşı bəs dünya səviyyəsinə çıxa bilməyən əsərlər niyə yazılır, və yazılmalıdırmı?

- Yaradıcılıq yaşamaq üçün çörəyə, suya olan ehtiyac kimi bir ehtiyacdır. Yaradıcılıqla məşğul olan adamlara mənim hörmətim var və heç kimə demək olmaz ki, sən niyə yazırsan. Bunu kimsəyə qadağan eləmək olmaz.

Bu gün biz Azərbaycanda elə durumda yazırıq ki, bu yazdığımız bizi nəinki maddi cəhətdən, hətta mənəvi cəhətdən də müsbət şeylər vermir. Baxmayaraq ki, mənəvi cəhətdən az çox nəsə var. Amma sovetlər dönəmindəki sayğı yoxdur yazıçıya.

Bəlkə də elə belə olmalıdır. Amma biz bu durumda yazırıqsa, çox şeydən keçirik.

Yəni bizim aramızda elə yazıçılar var ki, onlar yazıçılıqla öz həyatlarını təmin edə bilmirlər.

Murad Köhnəqalanın həyatı hamının gözünün qabağındadır. Halbuki o başqa sənətin arxasınca getsə, ailəsini çox gözəl dolandıra bilər.

- Bəlkə o başqa sənətin arxasınca gedə bilmədiyi üçün yazır? Ola bilər?

- Yox, elə deyil. Sadəcə yazmaya bilmədiyi üçün yazır.

- Siz də yazmaya bilmədiyiniz üçün yazırsınız?

- Təbii, yazmaya bilmədiyim üçün yazıram.

- Nə verir bu yazdığınız sizə həm də? Tanışlıqmı, tanınmaqmı, bəlkə təşəkkür gətirir?

- Həm də haradasa mənəvi tərəfləri var. Amma mənim tanınmağım, bilirsiniz, mənə qarşı münasibət birmənalı deyil. Hətta bir çox yerlərdə istəyirəm ki, mənim Sevinc Pərvanə olduğumu bilməsinlər.

Məsələn bir çox rəsmi yerlərdə, universitetdə Sevinc Pərvanə olduğum üçün böyük problemlərim yaranıb.

Mənim kimi başqaları da var. Bəzi məqamlarda kim olduğumuzu gizlətmək məcburiyyətindəyik.

- Niyə, ətraf pisdir, yoxsa sizin yaradıcılığınız qüsurludur?

- Ətraf pisdir də demək olmaz. Sadəcə ətraf bizi qəbul etməyə hazırlıqlı deyil. Halbuki, azlıq oxuyur bizi. Kütləvi yazıçı deyilik biz, heç olmağı da istəməzdik. O azlıqla da mən əslində çox xoşbəxtəm.

Ona görə də istəməzdim ki, Sevinc Pərvanə kütləvi sürətdə tanınsın. Heç lazım da deyil.

- Amma o kütləviliyə lazımdırmı ümumiyyətlə Sevinc Pərvanə?

- Bu kütlənin öz seçimidir. Kütləyə demək olmaz sən kimisə oxu.

Kütlə ümumiyyətlə niyə hamını oxumalıdır ki. Sevinc Pərvanənin öz oxucusu var, başqasının da öz oxucusu. Bir nəfər oxucu üçün də yazmaq məncə böyük fədakarlıqdır.

- Müsabiqəyə neçə hekayə vermişdiniz.

- İki hekayə vermişdim. Birini gizli imza ilə vermişdim. Məhz gizli imza ilə verdiyim keçdi.

- Siz əslində hansından onluğa düşməyi gözləyirdiniz?

- Təbii o biri hekayədən gözləyirdim. “ Süd” adlı hekayə idi o. Mən daha çox qadın mövzuları yazmaqla tanınmışam. Qadın mövzusu, kiminsə problemləri. O səpkidə yazılmış hekayə idi, ona güvənirdim.

- Onluğa düşəcəyinizi necə, güman edirdiniz yoxsa yox?

- Təbii güman edirdim. Özümə inanmasaydım göndərməzdim hekayələri.

- Adətən müsabiqəyə də inanmayanlar olur.


- Mən inandım sizin müsabiqəyə. Ümumiyyətlə AzadlıqRadiosuna, onun işçilərinə, qoyduğu mövqeyə böyük hörmətim var. Ona görə inandım ki, hər şey dürüst olacaq.

- Bəs birdən üçlüyə düşmədiniz, onda necə?

- Canımız sağ olsun. Yəni həyatın sonu deyil ki.

Ümumiyyətlə müsabiqələr belədir ki, orada əsərlər münsiflərin zövqü ilə seçilir. Təbii ki, dünyada bütün oxucular beş-on nəfərdən ibarət deyil. Sadəcə ola bilər ki, on münsifin xoşuna gələn hekayələr, deyək ki, mənim on münsif tərəfindən bəyənilən hekayəm başqa bir müsabiqədə bəyənilməsin.

Bu təbii bir şeydir, dünyanın sonu deyil.

- Şərhlər gəlir hekayələrə, onlara münasibətiniz.

- Normaldır əslində. Oxucuların fikirlərinə çox aqressiv yanaşmaq da olmaz.

Bəzən qərəzli şərhlər də gəlir. Mən dedim axı, imzam birmənalı qarşılanmır. Bəzən mənim hekayəmi oxumadan şərh bildirənlər də olub. Mən bunun şahidi olmuşam.

- Nə vaxta qədər yazmağı planlaşdırırsınız?

- Nə vaxta qədər yaza biləcəm o vaxta qədər. Yəni mənim gücüm nə qədər çatacaq o qədər təbii ki. Nə qədər istəyirdim o qədər.

- Necə fikirləşirsiniz, yazmağa dəyər yoxsa yox?

- Hərdən düşünürəm dəyər, hərdən düşünürəm dəyməz.

- Hansı halda dəyər düşüncəsi olur, hansı halda dəyməz?

- Az oxucularım var mənim. Bəzən hamımız oxucularımızı adla tanıyırıq.

O oxucuların xoşuna gələn nə isə yazanda, hansısa şeir (daha çox şeirdə uğur qazanmışam və şerlərimə daha çox güvənmişəm həmişə) öz oxucusunu tapanda fikirləşirəm dəyər.

Amma bəzi hallarda haradasa Sevinc Pərvanə olduğunu gizlətməyə çalışırsansa, məsələn qohumların arasında, bilməsinlər ki, sən Sevinc Pərvanəsən, onda dəymir.

Mən çox suallar alıram. Deyirlər, sən yazıçısansa niyə filan şeyin yoxdur, niyə belədir.

Əskilərə aparıb çıxarırlar hər şeyi. Niyə Yazıçılar Birliyinin üzvü deyilsən. Bu münasibəti görəndə fikirləşirəm ki, dəymir. Amma keçib gedir, mən situasiya adamıyam, həm də.

- Amma yaradıcı adam üçün ətraf fikirlər, ətraf münasibətlər haradasa xırda şeylər deyilmi?

- Kim deyirsə ki, mənim üçün deyil, inanmıram. Səmimi deyil o adamlar. Hamı həm də ətraf üçün yazır. Ətrafın fikirləri maraqlıdır hər kəs üçün.

- Bu ətraf üçün yazmağa dəyər yoxsa yox?

- Bilmirəm, çətin sualdır. Axı təkcə ətrafdan ötrü yazmırsan, mən həmişə deyirəm ki, sənin oxucun, yazdığının oxucusu 50 il sonra da gələ bilmir. Təkcə bu gün üçün yazmır yaradıcı adam.

- Birdən elə olar yazmayasınız?

- Ola bilər. Dünyanın sonu deyil. Əlimizdən nə gəlir onu edirik. Ümumiyyətlə insanın əlindən bir şey gəlmirsə özünü öldürməyə dəyməz. Həyat səni hara aparır ora da getməlisən.

- Hansı yazınız sizi daha çox sevindirib?

- Əsasən şeirlərim haqqında deyə bilərəm. Məni sevindirən şeirlərim olub. Yeni kitab hazırlamışam, çıxacaq yaxınlarda. İnanıram ki, o kitab məni sevindirəcək. Romanım da pis deyil.

O gender problemlərini qabartmaq məqsədilə yazılmış romandır. Düşünürəm Azərbaycan qadınları üçün az şey etməmişəm.

- Bəs Azərbaycan qadını olaraq nə qazanmısınız Azərbaycanda?

- Mübarizədə daha çox bərkimişəm. Biz təzə başlayanda ətrafımızda bizimlə bir düşünən insanlar çox az idi. Artıq bu gün bizim kimi düşünən insanların sayı yüzlərlədir, hətta bəlkə minlərlədir.

Gənclər bizdən daha yaxşı düşünmək qabiliyyətinə malikdirlər. Daha yeniliyə, öz həyatlarında nəsə dəyişmək iqtidarına malik gənclər görürəm. Onları görəndə çox sevinirəm.

Şəxsən mən yazdığım kimi yaşamıram. Əskidən necə yaşayırdılarsa o cür yaşayıram. Amma baxıram ki, bizim gənclər yazdığımız əsərlərdəki qəhrəmanlar kimi yaşayırlar.

- Günlərin bir günü anlasanız ki, bu mübarizlik, qiymətləndirdiyiniz gənclər, yazılarınız, hamısı boş şeylərmiş, nə edərsiniz?

- Elə düşünmərəm heç vaxt. Yazdığım bir əsər bir insanın həyatına müsbət təsir edibsə, ümumiyyətlə mənə elə gəlib, edir, edəcək, ona boş demək olmaz.

- Sizi kim qoymadı həyatınızı dəyişməyə?

- 80 doğumluyam mən. Mənim yaşıdlarım daha qətiyyətsiz oldular. Bizdən sonrakı gənclər daha başqadılar.

Kimsə qoydu ya qoymadı deyil. Bizim içimizdən gələn komplekslər vardı. Biz o komplekslərlə böyümüşük. Biz o kompleksləri ancaq yazılarımızda aşmışıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG