Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:38
«Səyyar qəzet satışına məhdudiyyət qoyulması medianın məhdudlaşmasıdır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev deyib. O bildirib ki, satışın məhdudlaşdırılması qəzetlərin büdcəsinə ağır zərbə vuracaq:

«5 gündür «Bizim yol» qəzetinin satışı 10 faiz aşağı düşüb».

Qəflətən belə bir qərarın verilməsini anlamadığını deyən redaktor bildirib ki, maraqlısı budur ki, problem niyə birdən-birə yaranıb.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bildirib ki, belə problemin ortaya çıxması birinci dəfə deyil. Onun sözlərinə görə, qəfil gələn və səbəbi məlum olmayan qərar onların da büdcəsinə zərərini göstərib:

«Bakı şəhərində gündə həmişəkindən 540 nüsxə az satılır qəzetimiz».

Rauf Arifoğlu deyib ki, bu qərar təkcə mətbuat orqanlarına deyil, yayım firmalarına da problemlər yaradacaq:

Bəxtiyar Sadıqov
«Yayım firmaları sıradan çıxa bilər».

Mətbuat Şurasının üzvü, deputat, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da baş verənləri xoşagəlməz hal adlandırıb. Hazırda məsələnin səbəbini və məqsədini bilmədiklərini deyən B.Sadıqov bildirib ki, problemin kökünü araşdırmaq üçün Mətbuat Şurasının üzvlərindən ibarət xüsusi komissiya yaradılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyib ki, bu işdə polisin əli yoxdur. Polis ticarətə qadağa qoyan deyil. Zahidov deyib ki, bu addım küçə ticarətinin qarşısını almaq üçündür:

«Bəzi qurumlar müraciət ediblər. Müəyyən olunmamış yerlərdə küçə ticarətinə icazə verilmir. Yaxşı olar ki, bunu şəhər və ya rayon icra hakimiyyəti orqanlarından öyrənəsiniz».

Bakı Şəhər İcra Hakimiyyətinin ticarət departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov isə deyib ki, bu məsələdə onlar iştirak etməyib.


/Hazırladı: Kamran Mahmudov/

Şərhləri göstər

XS
SM
MD
LG