Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:04

"Neçə ki, dərd var, yazacam"


Hacı Nərimanoğlunun "Məni anamın yanına aparın haaaaaaaaa......" hekayəsi «Ədəbi Azadlıq» qısa hekayə müsabiqəsinin ilk onluğuna düşüb.

- Nə vaxtdan yazırsınız?

- Birinci yazım demoqoqluqdan başlayıb.

Orta məktəbdə - 9–cu sinifdə oxuyanda sinif yoldaşımızın atası məhşur aşıq idi, O, ailəsindən ayrılıb gedib başqa rayonda evlənmişdi. Aliment vermədiyi üçün sinif yoldaşımgilin vəziyyətləri pis idi, dolana bilmirdilər.

Bu barədə rayon qəzetinə yazmışdım.

Yazmışdım ki, hörmətli redaksiya, sinif yoldaşımız yaxşı oxuyur, amma maddi vəziyyətləri ağırdır.

Çünki atası üç oğul, bir qızın anasını qoyub, gedib başqası ilə evlənib. O yazı qəzetdə çap olundu, sonra o adamı tapıb gətirdilər, ona aliment kəsdilər.

O vaxtdan sonra baxdım ki, sözün hikməti, kəsəri, dili böyükdür. Ondan əvvələ qədər şer yazırdım, Ondan sonra jurnalist, yazar olmaq fikri yarandı beynimdə. Allah da qismət etdi elə o yolla getdim.

- Müsabiqəyə necə verdiniz hekayəni?

- Yanımda kompüterdə işləyən Emil adlı oğlan var.

O mənə dedi ki, müsabiqə var, icazə verin hekayənizi göndərim. Dedim göndər. Amma sonra peşman oldum göndərdiyimə ki, mən öz dərdimi, öz ağrımı, yaşadığım hissləri yazıram, axı kimə lazımdı bu.

Hacı Nərimanoğlu 1959-cu ildə Qubadlı rayonunun Saray kəndində anadan olub. Azərbaycan Pedoqoji Universitetinin (o vaxtlı Lenin adına APİ) filologiya fakültəsini bitirib. Rayon komsomol təşkilatında, icra hakimiyyətində çalışıb, müxtəlif illərdə «AzərTAc»ın müxbiri, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi olaraq çalışıb. Hazırda “ Zəngəzur Cəmiyyətləri” birliyinin idarə heyətinin sədridir.
Bir də gördüm onluğa düşüb. Sağ olun. Azadlığın obyektivliyinə inanırıq.

- Onluqdakı digər hekayələrə münasibətiniz necədir?

- Dörd–beşini oxudum. Yaxşıları var. Bəlkə də onluğa düşməyənlərin içində də daha da yaxşıları var.

Mən bir neçəsini oxudum. Mən açığı müəlliflərə baxıb oxuyuram.

Bilirəm mənim yazımı az adam oxuyur, çünki bilirlər ki, yazıyla aram yoxdur. Həm də mən qaçqın dərdimi yazıram.

- Hekayənizə yazılan şərhlərə nə deyirsiniz?

- O şərh yazanların üç-dördünü tanıyıram. Biri mənim tələbə yoldaşımdır.

Sonra iki qaçqın tələbə zəng vurmuşdu. Gəldilər, hərəsinə bir kitab bağışladım. Onlar da deyəsən qaçqın olduqlarına görə səs vermişdilər. Kollektiv səs vermişdilər.

- Şərait, vaxt baxımından yazı imkanlarınız nə qədərdir?

- İmkan var. Kompüter gözümüzün qarşısındadır. Gözümüzü tökmüşük, eynəkdə mənfi üçü keçmişik.

Olanımız budur. Yeddi kitabım var. Şəhidlər haqqındadır. Azərbaycanın Milli qəhrəman Əlyar Əliyev haqqında bir kitabım var.

Ən sevdiyim kitab odur. “ Dağlar oğlu” kitabı. Türkiyədən o kitabı istəyiblər. Birinci sizə deyim, Türkiyədə bir gəmiyə Əlyarın adını vermək istəyirlər. başqa kitablarım da var.

- Sizcə sizi oxuyurlar?

- Vallah məni ancaq Qubadlı camaatı oxuyur. Çünki Qubadlıda bilirdilər, Komsomolda işləyəndə yazırdım. Rayonda “ Avanqard” qəzeti var idi. 1981 –ci il mayın 12–sində o qəzetdə “ Oğuz yurdum Qubadlım” adlı bir səhifəlik böyük yazım çıxdı. O vaxt türkçülük haqqında yazı kimi sensasiya yaratdı. O vaxt başlamışıq yazmağa.

Çox şeyləri müharibə yarımçıq qoydu. İndi dərddən başqa heç nə yazmırıq. On–on iki dənə hekayəmi “ Ulduz” jurnalında Elçin Hüseyinbəyli verib. Zorla verilib, mən verməzdim.

Mən hər dəfə deyirəm axı bu başqası üçün maraqlı deyil, bu mənim üçündür, qaçqın üçündür. Ona görə düşünürəm bəlkə heç lazım deyil yazmaq. Adam yazdığına da tərəddüd etməyə başlayır.

- Onluğa düşəcəyinizə inanırdınız?

- Bir o qədər onu düşünmürdüm. Göndərdim oxusunlar. Baxırdım sizdə hekayələr olur maraqlı, oxuyurdum. Dedim heç olmasa beş–altı adam oxusun. Hərənin öz zövqüdür.

Milli Kitab Müsabiqəsini də izləyirdim. Amma «Azadlıq»da bir az başqa cür qurulub.

Mən elə istərdim belə olsun. Sizdə nə münsiflər məlum olub, nə də hekayə göndərənlərin kimliyi. Mən də oxudum, ondan sonra Emilin hekayəni göndərməsinə razılaşdım. Dedim bu nədisə ağıllı fikirləşiblər. Çox maraqlıdır. Birinci müsabiqə uğurlu olub mənim üçün.

İkinci müsabiqəyə qatılmışam, səsvermədə də məni sağ olsunlar çıxardılar qabağa.

- Necə fikirləşirsiniz, onluq bəllidir artıq, digər hekayələrə baxanda birinci üç yerə düşə bilərsiniz, bunu gözləyirsiniz?

- Vallah, onu mən deyə bilmərəm. Xoşum gəlmir proqnoz vermək.

Bu zövqə bağlı olan şeydir. Mənə rəy yazanlardan biri tənqid etmişdi. Təbii qarşıladım. Hərənin bir zövqü var, ədəbiyyatda, sənətdə zövqlər əsas rol oynayır.

Əsas odur ki, kimsə oxudu. Xeyli oxudular. Qubadlı camaatından xeyli zəng vurdular ki, sənin hekayən var, o haradadı. Dedim, axtarış saytında Hacı Nərimanoğlu yazın görün haradadır, çıxacaq bir yerdən.

Özlərinə də bildirdim ki, səsvermənin əhəmiyyəti yoxdur, orada münsiflər var, əsas onlardır.

- Nə vaxtsa nəsə yazmaqdan əl çəkməyinizə səbəb ola bilər?

- Yox. Yazacam. Neçə ki, dərd var yazacam. Xeyli yazdıqlarım var üzə çıxartmıram.

Söz urvatdan düşüb. Söz kiçilib. Bəzən baxırsan ki, söz xiridarı qalıb qıraqda, amma elə adamlar çıxırlar, televizordan, radiodan, ekrandan, ədəbdən, mərifətdən nələrdən danışırlar, özüm fikirləşirəm bu mənim tanıdığım adam deyilmi, nə haqla çıxıb bu sözü deyir.

- Siz öz sözünüzün kiçik olmadığını hardan bilirsiniz?

- Mənim keçən il “Qubadlısız on iki il” kitabım çıxdı. Mənim yazdıqlarım birinci növbədə öz rayonum - qubadlılar üçündür. Balaca rayondur, hamı bir–birini tanıyır. Hamı qırıla–qırıla gedir. Həftədə bir dəfə yas yerinə getməliyəm.

Görürəm ki, camaat heç kim yazmadığı vaxtlar mənim yazdığımı indii də xatırlayır.

Deyirlər yaz, indii hamı yazır, amma sənin səsin-sorağın gəlmir. Yəni mənim oxucum öz camaatımızdır. Ürəyimdən gələni yazıram və görünür sözüm onlar üçün kiçik deyil.

- Dediniz nə qədər ki, dərd var yazacam, birdən dərd qurtardı?

- Yox, qardaş, bu dərd qurtaran deyil. Qurtaranda da başlayacam bu 20 ilə yaxın bir dövrdə nə əzab çəkirəm (bu ömürdən deyil) ondan yazmağa. Təki 20 ilə uzanmasın, o rəqəmlərə çatmasın, bu dərd, onda çəkdiyimiz ağrıları yazacağıq. “Sovet Azərbaycan” sovxozunun direktoru Vaqif Abdullayevi Qubadlıda tanımayan yox idi (onluğa düşən hekayənin qəhrəmanı- İ.R.).

Hamı bilirdi ki, niyə o Yevlax rayonunun Aran qəsəbəsindən Bakıya köçüb gəlmir. Deyirdi axı mən camaata söz vermişdim ki, erməni kəndimizi ala bilməyəcək. Mən ancaq yaşadığımı, gördüyümü yazıram. Onlar da ki, dərddir.

Mən sizə bütün dərdlərin qurtarıb, sizi şaşırdacağı günü görməyi arzulayıram. Mənim 82 yaşlı atam var, ancaq torpaq dərdi ilə yaşayır. Hər gün zəng vururam, deyir bala hələ bir şey yoxdur? Bilirəm nə demək istəyir.

Yəni torpaqlar qayıdacaq ya yox. 44 illik həyat yoldaşını dəfn edib orada.

Tək–tənha yaşayır. Camaatımızın hamısı belədir. Hər dəfə Sumqayıtda Qubadlı camaatının qəbiristanlığına gedəndə görürəm qəbirlərin sayı xeyli artıb.

Hamısı da vəsiyyət edib, əmanət qoyublar torpağa ki, qayıdanda bizi aparın yurdumuza…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG