Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:35

İrana qarşı yeni BMT sanskiyaları


Təhlükəsizlik Şurasının üzvü olan 15 ölkədən 12-i İrana qarşı yeni sanksiyalara səs verib.

Təhlükəsizlik Şurasının üzvü olan 15 ölkədən 12-i İrana qarşı yeni sanksiyalara səs verib.

Nüvə proqramına görə İrana qarşı BMT Təhülkəsizlik Şurasının dördüncü sanksiyası artıq qəbul edildi. Şuranın üzvü olan 15 ölkədən 12-i onun lehinə, Türkiyə və Braziliya əleyhinə səs verib. Livan isə səsvermədə iştirak etməyib.

Hələlik Tehrandan rəsmi reaksiya məlum deyil, amma səsəvermədən bir neçə gün əvvəl İranın prezidenti Mahmud Əhmədinejad bildimişdi ki, BMT-nin yeni sanksiyası qəbul edilsə, Tehran nüvə danışıqlarından çıxacaq.

Səsvermədən bir qədər əvvəl Təhlükəsizlik Şurasının daimi üzvləri olan Fransa, Rusiya və ABŞ İrana nüvə yanacağının kənardan verilməsi barədə Braziliya və Türkiyənin İranla razılaşmasını rədd ediblər.
ABŞ-ın BMT-dəki səfiri Suzan Rays (sağda) Təhülkəsizlik Şurasında səsəvermədən bir qədər əvvəl Rusiyanın BMT-dəki səfiri Vitali Çurkinlə görüşür, 9 iyun 2010


Keçən ay Tehranda imzalanmış razılaşmada İranın əlində olan yarımçıq zənginləşdirilmiş uranı Türkiyəyə verməsi, əvəzində isə Beynəlxalq Atom Enerjisi Agentliyindən hazır nüvə yanacağı alması nəzərdə tutulurdu. Bu razılaşmadan bir gün sonra ABŞ onun İranın nüvə silahı yaratması barədə beynəlxalq narahatlılqlara uyğun cavab olmadığını deyərək İrana qarşı dördüncü sanksiya mətnini BMT Təhlükəsizlik Şurasına göndərdi.

Diplomatik mənbələrin məlumatına görə, həmin ölkələr qeyd ediblər ki, Türkiyə və Braziliya ilə razılaşmadan sonra da İranın əlində nüvə silahı yaratmaq üçün kifayət qədər uran qalır.

Yeni sanksiyaların mahiyyəti haqqında hələlik detallı məlumat yoxdur. ABŞ Dövlət katibi Hillari Klinton bildirib ki, indi İran heç vaxt görmədiyi bir sanksiyalarla üz-üzə qalıb. Rusiya mənbələrinin məlumatına görə isə, orada əsasən hədəf kimi yalnız nüvə və raket proqramları göstərilir.

İRANIN İQTİSADİYYATI DA YENİ SANKSİYADAN CİDDİ ZİYAN ÇƏKƏCƏK

AzadlıqRadiosunun fars redaksiyasının daimi müəlliflərindən olan Rza Tağızadə məqaləsində yazır ki, əsas hədəf olmasa da, İranın iqtisadiyyatı da yeni sanksiyadan ciddi ziyan çəkəcək. Və artıq İran hökumətinin özü də yeni vəziyyətə hazırlaşır. Hökumət İranda builki büdcə ilinin ikinci yarısından - sentyabrın sonlarından subsidiya islahatlarının həyata keçirilməsini planlaşdırır.

Yanvar ayında İran parlamentinə təqdim edilmiş subsidiya islahatında əhaliyə müxtəlif xidmətlər və malların pulsuz verilməsi barədə hökumət qaydalarına yenidən baxılması nəzərdə tutulur. Son 32 ildə hökumət 16-dan çox gündəlik tələbat mallarını əhaliyə ucuz satmaq üçün büdcədən həmin sahələrə iri məbləğdə yardım - subsidiya ayırır. Bunların arasında neft məhsulları, təbii qaz, elektrik enerjisinin xüsusi yeri var. Bu ilin büdcəsində hökumətin ümumilikdə

Prezident Əhmədinejad yeni büdcəni parlamentə təqdim edərkən, 24 yanvar 2010

subsidiyalar üçün 90 milyard dollar pul ayırması nəzərdə tutulur.

Bir yandan da özü neft ölkəsi olan İran ölkədə yanacaq çatışmazlığına görə daxili tələbatının 40 faizini kənardan almalı olur. 2009-cu ildə İran kənardan aldığı yanacağa 11 milyard dollar pul xərcləyib.

İRANDA ENERJİ İSRAFÇILIQLA İSTİFADƏ EDİLİR

Buna baxmayaraq, subsidiya hesabına qiymətin aşağı salınması İranda enerjinin həddən artıq israfçılıqla istifadə edilməsinə gətirib çıxarıb. Rəsmi məlumatlara görə, son 30 ildə İranda daxili enerji istehlakı 500 faiz artıb. Halbuki həmin dövrdə ümumi daxili məshul istehsalı isə cəmi 1.5 faiz, əhalinin sayı isə iki dəfə artıb.

Enerji israfçılığını əyani nümayiş etdirən başqa rəqəmlər də var.

Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, İranda bir adama düşən enerji sərfiyyatı Yaponiyadan 15 dəfə, Avropa Birliyi ölkələrindən 10 dəfə, orta ümumdünya göstəricisindən isə üç dəfə yüksəkdir.

İran Parlamentinin özünün apardığı araşdırmalara görə, Əhmədinejadın təklif etdiyi və əsasən subsidiyaların ləğvini nəzərdə tutan iqtisadi islahatlar həyata keçirilsə, İranda qiymətlər 60 faiz artacaq. Amma Beynəlxalq Valyuta Fondu bu tədbirlər sayəsində cəmi 32 faiz bahalaşma olacağını gözləyir.

Bir yandan da gəlirlər azalır.

2009-cu ildə İranda gündəlik neft hasilatı 4.2 milyon barel idisə, indi istehsal 3.6 milyon barelə düşüb
İrana ölkədən kənardan gələn pulun 85 faizi xam neft satışından əldə edilən puldur. Son 18 ayda isə neftin qiyməti 50 faizə qədər aşağı düşüb.

Bir tərəfdən də neft istehsalı azalır. 2009-cu ildə İranda gündəlik neft hasilatı 4.2 milyon barel idisə, indi istehsal 3.6 milyon barelə düşüb. Ona görə bu il İranın neftdən asılı gəlirlərinin kəskin azalacağını gözləmək olar.

Ən optimist proqnozlara görə, bu il İranda iqtisadi inkişaf sıfır faiz olacaq. Son iki ildə davam etmiş iqtisadi durğunluğa görə hazırda inflyasiya 15 faizdir. Amma heç olmasa bu 15 faiz inflyasiya əvvəlki illərdə olan 25 faizlik inflyasiyadan bir qədər yaxşı göstəricidir.

Müəllifin yekun qənaətinə görə, mayın 17-də Tehranın nüvə yanacağının Beynəlxalq Atom Enerjisi Agentliyindən almağa razılaşması yeni sanksiyalarla iqtisadi vəziyyətin daha da çətinləşməsindən yaranan qorxunun nəticəsi idi. O şübhə etmir ki, yeni sanksiyaların tətbiqi hərbi müdaxilə olmadan da İranı daha geri addım atmağa, nüvə proqramı məsələsində dünya ilə dil tapmağa məcbur edərdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG