Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:22
Azərbaycanda seçki kampaniyasının müddətinin yenə də azaldılması gözlənir. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təklifiylə parlament komitəsi iyunun 9-da Seçki Məcəlləsinə dəyişiklikləri müzakirə edib və qərara gəlib ki, seçki kampaniyasının müddəti 15 gün azaldılsın. Yəni hazırda seçki kampaniyası dövrü 75 gündürsə, bu müddət 60 gün olsun.

Belədə müvafiq olaraq, təbliğat dövrü də 28 gündən 23 günə düşür.

Bundan başqa, namizədə verilən 200 manatlıq dövlət vəsaitinin də ləğv olunması nəzərdə tutulur.

ARTIQ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI KİFAYƏT QƏDƏR PEŞƏKAR BİR QURUMA ÇEVRİLİB

Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov deyib ki, vaxtı ilə seçki kampaniyasının müddətinin nəinki 60 günə, hətta 45 günə endirilməsi ilə bağlı təklif vardı. Lakin o vaxt seçki komissiyaları seçkini bu müddət ərzində keçirməyə hazır deyildi. Artıq Mərkəzi Seçki Komissiyası kifayət qədər peşəkar bir quruma çevrilib, seçki komissiyaları istənilən seçki prosesinə qısa müddət ərzində hazır olmağa qadirdir.

Bir qrup deputatın bu təklifi müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. Təklif müəllifləri bunu Seçki Məcəlləsində qabaqcıl dünya təcrübəsi tətbiq olunması ilə əsaslandırırlar. Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, deputat Rövşən Rzayev AzadlıqRadiosuna deyir ki, təbliğat üçün təklif olunan müddət yetərlidir, amma seçicilərlə günlərlə yox, illərlə işləmək lazımdır:

- Dörd il, beş il işləmək lazımdır seçicilərlə. Bizdə azad mətbuat var, seçicilərlə işləmək, onlarla görüşmək lazımdır.

SEÇKİYƏ QOŞULAN PARTİYA 23 GÜNƏ NECƏ BÖLGƏDƏ OLA, NEÇƏ MİTİNQ KEÇİRƏ BİLƏR?

İsa Qəmbər
Elə əks cəbhənin təmsilçiləri də məhz seçicilərlə işləməyə imkan verilməməsini, müxalifətin xüsusilə televiziyaya çıxışının məhdudlaşdırıldığını söyləyirlər. Müsavat Partiyasının başqanı İsa Qəmbərin sözlərinə görə, əgər ölkədə söz və mətbuat azadlığı olsaydı, müxalifətə öz fikrini seçiciyə çatdırmaq imkanı verilsəydi, seçki kampaniyasının müddəti məsələsi müzakirə mövzusu olmazdı:

- Hakimiyyət seçicilərlə görüşməyə, mitinqlər keçirməyə yalnız seçki kampaniyası zamanı imkan verir. Seçki kampaniyası 3-4 ay olanda bizim imkanımız var ki, daha çox adamla görüşüb mitinq keçirək. 2003-cü ilin prezident, 2005-ci ilin seçkisini yada salın, biz ölkənin əksər bölgəsinə getdik, görüş keçirdik. İndi seçkiyə qoşulan partiya 23 günə necə bölgədə ola, neçə mitinq keçirə bilər?

HAKİMİYYƏT AKTİVLİYİN QABAĞINI ALMAQ ÜÇÜN BELƏ BİR ADDIM ATIR

AXCP sədri Əli Kərimli də AzadlıqRadiosuna deyir ki, əgər müxalifətin siyasi gücü və seçici potensialı yoxdursa, məntiqlə hakimiyyəti seçki gününün müddəti narahat etməməliydi:

- Amma hakimiyyət görür ki, artıq ölkədəki ictimai-siyasi problemlər xarici dilləri bilən, ziyalı gənclərin də maraq dairəsinə daxil olur, son vaxtlar icazəsiz aksiyalar keçirilir. Ona görə də bu aktivliyin qabağını almaq üçün belə bir addım atır.

Bəzi ekspertlər də hakim partiyanın təklifini «demokratik dəyərlərdən bir az da uzaqlaşma» kimi qiymətləndirirlər. Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənovun fikrincə, Avropa Şurasının Venesiya Komissiyasının, digər beynəlxalq və yerli təşkilatların Seçki Məcəlləsinə əhəmiyyətli təklifləri olduğu halda, belə bir layihənin müdafiəsi kifayət qədər suallar doğurur:

NƏ EHTİYAC VARDI MÜDDƏTİ QISALTMAĞA?

Hafiz Həsənov
- Bu təkliflərin səsləndiyi bir məqamda birdən-birə belə bir təklifin ortaya çıxması dövlətçiliyə yaxşı nəsə vəd edir? Nə ehtiyac vardı müddəti qısaltmağa? İki il əvvəl seçki kampaniyası 120 gündən 75 günə endiriləndə, Venesiya Komissiyası bunu pisləmişdi və bildirmişdi ki, seçkiqabağı kampaniyanın müddətinin azaldılması «xoşagələn deyil».

DAHA CİDDİ, ANTİDEMOKRATİK MÜDDƏALAR ORTAYA ÇIXA BİLƏR

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyir ki, onlar müxalif partiyalarla bir araya gəlib bu təkliflərlə bağlı addımlarını müzakirə edəcəklər.

Hüquqşünas Fuad Ağayev isə hələlik məsələyə münasibət bildirmək istəmir, o narahatdır ki, əslində, YAP-ın təkliflərinin parlamentin iclasında müzakirəsi zamanı daha ciddi, antidemokratik müddəalar ortaya çıxa bilər. «Bəlkə də müddət məsələsi ictimai diqqəti yayındırmaq üçündür», - o deyir.

Millət vəkili Rövşən Rzayev isə əmin edir ki, Milli Məclisə tövsiyə olunan təkliflər yalnız bu müddəalardan ibarətdir.

ATƏT-in Bakı ofisinin nümayəndəsi Monika Martines isə deyir ki, onlar sənədin geniş müzakirəsinin tərəfdarıdırlar və hesab edirlər ki, namizədlərə öz təbliğatlarını aparmaq üçün lazım olan qədər vaxt ayrılmalıdır. O, namizədlərə verilən vəsaitin kəsilməsini də düzgün addım saymır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG