Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:09

Tualet - dünyada sağlamlıq məsələlərinin sadə həlli


Tualet bir tərəfdən sağlamlıq olduğu halda, digər tərəfdən milyardlarla dollarlıq biznes ola bilər
Tualet bir tərəfdən sağlamlıq olduğu halda, digər tərəfdən milyardlarla dollarlıq biznes ola bilər
Dünya Səhiyyə Təşkilatı və UNİCEF-in məlumatına görə, təbii ehtiyacın açıq havada ödənilməsi müxtəlif xəstəliklərə yol açır. Tualet çatışmazlığına görə, hər il qarşısı alına biləcək səbəblərdən 2 milyon insan ölür. Əsasən uşaqlarda müşahidə olunan bu problemlər nəcisin orqanizmə keçməsi və daha sonra bağırsaq dezinteriyasının yaranması ilə nəticələnir.

«Los Ancels Times» qəzeti yazır ki, çoxlu sayda insan öz ehtiyacını havada ödədiyinə görə ifrazat maddəsinin udulmasından qaçmaq çətin məsələdir. İfrazat maddələri qida və ya su ehtiyatına daxil olaraq, yaxud da milçək və tozla birgə insan orqanizmində fəsadlar törədə bilir.

TUALETİN OLMAMASINI MÜZAKİRƏ ETMƏK TABU HESAB OLUNUR

Bununla belə, bu problem digər məsələlərlə yanaşı bir o qədər qabardılmır. Pis qidalanma və malyariya ilə müqayisədə ayaqyolu probleminin həlli bahalı deyil. Problemin həlli isə onun müzakirəsindən başlayır. Hərçənd buna başlanılmır. Müəyyən mənada tualetin olmamasını müzakirə etmək tabu hesab olunur.

Yazının müəllifi Mitçell Koss qeyd edir ki, mart ayında sənədli film çəkmək üçün Hindistanda olarkən bu ölkədə ucsuz-bucaqsız açıq hava tualetlərinin şahidi olub. Jurnalist hesab edir ki, insanlar problemi görməyəndə onun həllinə də maraq göstərmir. Nəticədə hökumət də xüsusi kollektor sistemi və septik tullantıların toplanması üçün sistemin qurulmasına can atmır, insanlar da həyətlərində tualet qazmağı düşünmür.

HİNDİSTANDA İNSANLARIN TUALETDƏN ÇOX MOBİL TELEFONU VAR

Pis qidalanma və malyariya ilə müqayisədə ayaqyolu probleminin həlli bahalı deyil
Hindistanda insanların tualetdən çox mobil telefonu var. Dünya Bankı uzaq kəndləri tualetlə təmin etsə də, əhali arasında tualetdən istifadə etmək ənənəsi formalaşmayıb.

Məsələn, Mitçell Koss yazır ki, Nyu-Dehlidən şimalda olarkən 2 mərtəbəli kərpic evə baş çəkiblər. Ev sahibəsinin paltaryuyan maşını, sobası və televizoru olduğu halda, tualeti olmayıb, qadın hər gün sübh tezdən və günəşin qürub etdiyi zaman yeniyetmə qızı ilə birgə təbii ehtiyaclarını ödəmək üçün bir milə yaxın yol qət etdiklərini deyib.

Dünya üzrə səhiyyə təşkilatları problemin həllini tualetlərə tələbat yaratmaqda görür. Məqsəd tualet çatışmazlığını sağlamlıq problemləri ilə əlaqələndirməkdir. Hindistanın Haryana ştatında «Tualetin yoxdursa, gəlin də yoxdur» kampaniyası uğurlu ailə həyatı üçün tualetin vacibliyini vurğulamaq üçün keçirilir.

DÜNYA TUALET TƏŞKİLATI

Sinqapurlu biznesmen Cek Sim tualet məsələsində mövcud tabunu sındırmaq və problemi müzakirə etmək üçün Dünya Tualet Təşkilatı təsis edib. Biznesmen deyir ki, indi tualetlər barədə danışan «Ancelina Colina» axtarır.

Digər milyardlarla pul tələb edən səhiyyə məsələlərindən fərqli olaraq, Cek Sim inanır ki, əgər tələbat yaransa, insanlar tualet almaq istəyəcək. Tualet bir tərəfdən sağlamlıq olduğu halda, digər tərəfdən milyardlarla dollarlıq biznes ola bilər.
XS
SM
MD
LG