Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:08

"Dünyanın bu hissəsinə Azərbaycandan gələn az olur"


"Ədəbi Azadlıq" müsabiqəsinin finalçısı Aydın Səlimov Avstraliyada təhsil alan tələbədir. Onluğa onun "Dovşan qəfəsi" hekayəsi düşüb. Aydın Səlimov 1985-ci ildə Bakıda anadan olub. Maliyyə üzrə magistr dərəcəsinə sahibdir.

- Avstraliyaya necə gedib çıxmısınız?

- Elm axtarışında. Dünyanın bu hissəsinə Azərbaycandan gələn az olur, ona görə təhsilimi davam etdirmək üçün mənim üçün qlobusda “ağ ləkə” olan bu ölkəni seçdim.

- Nə vaxtdan yazırsınız?

- Ümumiyyətlə nə vaxtdan yazmağa başladığım yadıma gəlmir.

Yəqin ki, uşaqlıqdan. İntensiv yazmağa 6-cı sinifdən başlamışam. 6-cı sinifdə Leyla adlı bir ədəbiyyat müəlliməmiz var idi. Bizə gündəlik tutdurmuşdu, hər gün yazıb-yazmadığımızı yoxlayırdı, bir də hər dərs evə “xatirə”, “gülməli hadisə”, “məhəllənizin təsviri” kimi mövzularda 1-2 səhifə yazmağı tapşırırdı.

Mən də, bilmirəm niyə, amma hər dəfə bu “gündəliklərə”, “xatirələrə” yaşadıqlarımı yazmaq yerinə fantaziyamı işə salırdım.

Nəticədə də mini-hekayələr ortaya çıxırdı. Müəllimə ilin sonuna qədər bu yazıların gerçək olmadığını anlamadı, anladısa da, üzə vurmadı. Mən də, yəqin, bundan həvəsləndim (gülür - İ.R.)

- Daha çox nədən (kimdən) yazmağı xoşlayırsınız?

- İnsanlardan. Əsasən onları daxili aləmindən və bir-biri ilə münasibətlərindən. Başqa mövzularda da yazanda bir varlıq kimi insanı başa düşməyi qarşıma məqsəd qoymuşam.

- Sizcə yazıçı mütləq konkret nələrdənsə yazmalıdır, ya necə?

- Məncə, sənətə məhdudiyyət qoyulmamalıdır. Çünki, hər mövzunun, hər üslubun öz auditoriyası var.

- «Dovşan qəfəsi»ni okeanın o tayında yazdınız, ya bu tayında?

- Burada, Avstraliyada.

- İdeya haradan gəldi?

- Bura gələndən sonra arxada qoyduqlarımı çox düşünürəm.

İdeya da elə bu düşündüklərimdən gəldi – dövlət müəssisələrində və özəl şirkətlərdə çalışan, pro-hazırki iqtidar təşkilatları və müxalif qurumlarına üzv olub aktiv rol alan, kiməsə işləyən və öz işini quran, evli və evlilik “düşməni”, inqilabçı, konservator, liberal, sosialist kimi müxtəlif və təzadlı həyat yaşayan bir neçə yaxın dostum var.

Onların həyatlarının hansı istiqamətdə getdiyini, hansının düz, hansının dolaylı yolda olduğunu (həqiqətə müxtəlif yollarla gedilə bildiyinə inanıram) özüm üçün analiz edərkən gözümün qabağında Qorxmaz obrazı əmələ gəldi.

- Nə demək istəyirsiniz bu hekayədə?

- Qorxmaz obrazı – müxtəlif insanların həyatlarının müxtəlif tərəfinin təsvirindən yaranıb. Heç bir yazımda hansısa ideyanı oxucuya yükləməyi qarşıma məqsəd qoymuram - adətən ya nəyisə təsvir etməyə çalışıram, ya da ortaya sual çıxarmağı. Nəticəni hərə özü üçün çıxarsın.

- Necə oldu ki, müsabiqədə iştirak etdiniz?

- Vətən haqqında xəbər tutmaq üçün sanballı mənbə o qədər də çox deyil, Azadlıq Radiosu da onlardan biridir. Ona görə, saytı mütəmadi izləyirəm. Elanı da orada gördüm, axırıncı hekayəmi göndərmək qərarına gəldim.

- İlk onluğa düşməyiniz nə dərəcədə gözlənilən idi?

- Düzünü desəm, gözləmirdim. Ən yeni olsa da, “Dovşan qəfəsi” ən yaxşı yazdığım hekayə deyil, hətta məncə çox “xam”, yəni dərindən işlənməmiş yazıdır. Amma bəyənildiyinə sevindim. Yəqin ki, ideya daha çox bəyənilib, nəinki onu ifadə tərzi.

- Hekayənizə yazılan şərhlərə necə baxırsınız.

- İngilislər demiş, neçə insan varsa, o qədər fikir var. Hamısına hörmət edirəm. Hekayəni başa düşməyə səy göstərmədən yazılanlara da.

- İlk üçlüyə düşməsəniz necə olacaq?

- Hər şeyə rəğmən həyat davam edir. Özümü inkişaf etdirməyə çalışacağam.

- Sizi kimlər oxuyur daha çox?

- Tanışlarım. Yazılarımı adətən qapalı dairədən kənara çıxarmıram, ona görə oxuyanların hamısı tanıdığım insanlar olur. Demək olar ki, hamısı gənc və ya orta yaşlı insanlardır.

- Niyə yazırsınız?

- Əvvəllər yazdıqca rahatlaşırdım. Daha sonra gördüm ki, özümü yazı ilə daha yaxşı ifadə edə bilirəm.

- Dəyər yazmağa?

- Sözsüz. Məncə yaxşı yazan əvvəlcə özünü kağızdan oxuyur, sonra özünü tənqid edir, tənqidin nəticəsində səhvlərini görür və beləliklə, səhvlərini düzəltmək imkanı əldə edir. Bir insanın inkişafı üçün daha yaxşı imkan..?

- Yazmağı sizə qadağan eləsələr nə baş verər?

- Yəqin ki, “istehlak etmək - işləmək - ölmək” (употреблять-работать-сдохнуть) prinsipi üzrə yaşayan canlılardan biri də artar. Məncə insan belə yaşamaq üçün həddən artıq ali varlıqdır.

- Uğurlar!!!

- Təşəkkürlər

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG