Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:44
«Əgər hərbi bazaların yerləşdirilməsi Azərbaycanın maraqlarına, təhlükəsizliyinin təminatına, torpaqlarının işğaldan azad edilməsinə xidmət edəcəksə niyə də olmasın».

Deputat Aydın Mirzəzadə Milli Məclisdə Hərbi Doktrina layihəsinin müzakirəsi zamanı belə deyib. İyunun 8-də keçirilən növbədənkənar sessiyada nəhayət ki, parlament uzun illər haqqında danışılan Hərbi Doktrinanı qəbul etdi.

Müzakirələr zamanı bəzi deputatların üzərində daha çox dayandığı məsələ 29-cu maddə oldu. Bu maddədə sənəddə xarici hərbi bazaların Azərbaycanda yerləşdirilməsi məsələsinə aydınlıq gətirilir. Əlbəttə ki, əgər gətirilirsə. Çünki bəzi deputatlar hesab edirlər ki, Hərbi Doktrinada Azərbaycanın hansı hərbi blokun yanında olduğu aydınlaşmadığı üçün xarici bazalar deyəndə kimin nəzərdə tutulduğu da qaranlıq qalır.

«BURADA AYDIN OLMAYAN NƏ VAR Kİ?!»

Spiker Oqtay Əsədov isə deyir ki, layihədə hər şey aydın göstərilib:

«Burada qeyd olunur ki, Azərbaycan qoşulduğu beynəlxalq müqavilələr istisna olmaqla, öz ərazisində xarici bazaların yerləşdirilməsinə icazə vermir. Gələcəkdə şəraitlə əlaqədar olaraq Azərbaycan ərazisində xarici
Oqtay Əsədov
bazaların yerləşdirilməsinə icazə hüququnu da özündə saxlayır. Burada aydın olmayan nə var ki?!».

Deputat Zahid Oruc isə hesab edir ki, sənəd pis hazırlanmayıb. Amma bura Azərbaycanın ən yaxın strateji müttəfiqi olan Türkiyənin də adı salınsaydı, daha yaxşı olardı.

Hərbi Doktrinanı deputatların diqqətinə çatdıran Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin sədri, vitse-spiker Ziyafət Əsgərov isə deyir ki, sənədin hazırlanmasında başqa dövlətlərin də təcrübəsindən yararlanıb. Və bu, əslində Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsidir. Millət vəkillərinin təklif və iradlarının çox konsepsiyada həllini tapır.

HEÇ DƏ KAMİL SƏNƏD DEYİL

Müsavat deputat qrupundan olan Pənah Hüseyn isə hesab edir ki, bu sənəd bəzi millət vəkillərinin dediyi kimi, heç də kamil sənəd deyil. Layihədən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ifadəsi çıxarılsa və Azərbaycanın adının yerinə başqa bir ölkənin adı yazılsa, baxan elə düşünər ki, bu həqiqətən də o ölkənin hərbi doktrinasıdır.

Pənah Hüseyn
O, Hərbi Doktrinanın müzakirəsində bütün güc strukturlarının təmsilçilərinin iştirak etməməsini hökumətin bu sənədə olan biganə münasibəti kimi dəyərləndirdi.

Müsavat deputat qrupunun digər üzvü, millət vəkili Arzu Səmədbəyli isə hesab edir ki, sənəd üzərində yenidən işlənilməli, ictimai müzakirədən keçdikdən sonra qəbul olunmalıdır.

Müzakirələrdə iqtidaryönlü partiya təmsilçiləri və hakim YAP-dan olan deputatlar - Fəzail Ağamalı, Əli Əhmədov, Siyavuş Novruzov və s. - sənədi təqdir etməklə yanaşı, ona əlavələr də təklif etmişdilər.

TƏKLİFLƏR ELƏ TƏKLİF OLARAQ QALDI

Hər dəfə də parlament rəhbərliyi izah etməyə çalışdı ki, yox, bu sənəd elə belə olmalıdır. Kimlər üçün qaranlıq məsələlər varsa, ona da sessiyada iştirak edən Müdafiə Nazirliyinin təmsilçisi sonda cavab verəcək.

Müzakirələrin gedişində deputat Fazil Qəzənfəroğlu parlament rəhbərliyindən soruşdu ki, millət vəkillərinin Hərbi Doktrina ilə bağlı təklif və iradlarının sənədə təsiri olacaq ya boşuna danışırlar?

Sonda məlum oldu ki, yox, təkliflər elə təklif olaraq qalacaqmış. Nə Müdafiə Nazirliyinin təmsilçisi səslənmiş suallara aydınlıq gətirdi, nə də layihə ictimai müzakirəyə saxlandı. İş vaxtı başa çatan kimi Hərbi Doktrina səsə qoyulub qəbul edildi. 110 nəfər lehinə, 2 nəfər əleyhinə, 1 nəfər isə bitərəf olmaqla. Halbuki, müzakirələrdə iştirak edən deputatların sayı heç 70 nəfərə də çatmırdı.

Şərhləri göstər

XS
SM
MD
LG