Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:59
AzadlıqRadiosu.az saytında keçirilən "Ədəbi Azadlıq" qısa hekayə müsabiqəsinin finalçısı Reyhan Yusifqızı ilə söhbət. Onluğa onun "Ağcaqanad" hekayəsi düşüb.

Reyhan Yusifqızı Bakıda anadan olub.Əvvəl jurnalist, sonra pianoçu olmaq istəsə də sonda riyaziyyatçı olub. BDU-nun tətbiqi riyaziyyat fakültəsini bitirib. Hazırda həmin fakültədə dərs deyir, elmi tədqiqat işləri ilə məşğul olur. Fizika-riyaziyyat elmləri namizədidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

- İşiniz çox olur deyəsən?


- 95 – ci ildən BDU-da dərs deyirəm. İşimi sevirəm. Tələbələrlə işləmək çox maraqlıdır, adam ruhən cavan qalır, həmişə formada olur. Uzun illərdir ki, Lütfi Zadənin qeyrti-səlis nəzəriyyəsi ilə məşğulam. Olduqca maraqlı nəzəriyyədir. Söz vermişəm ki, qeyri-səlis məntiqi ədəbiyyata mən gətirəcəm. Adətən heç vaxt boş olmuram. Ailəm, övladlarım, onların qayğıları da var. Üstəlik musiqidən də ayrıla bilmirəm. Özüm üçün lirik musiqilər bəsdələdiyim də olur. Yəni çox məşğul adamam. Yazılarıma istədiyim qədər vaxtım qalmır. Ancaq yazanda dincəlirəm. Bu bir mənəvi təlabatdır mənim üçün, yazmasam yaşaya bilmirəm.

- Nə vaxtdan yazırsınız?

- Uşaq vaxtından yazıram. İnşa yazarkən, adətən, sərbəst mövzunu işləyirdim. Həmişə gündəlik tuturdum.

- Nədənsə yazmaq vacibdir, yoxsa nədən gəldi yazmaq lazımdır?


- Mən sifarişlə yaza bilmirəm. Ətrafımda olan hər bir şeyi müşahıdə etmək vərdişim var. Müşahidələrimdən ideya yaranır. Yazmasam məndən əl çəkmir, daxildən məni narahat edir. Onu yazan kimi məni rahat buraxır.

- Təxminən nə qədər ideyalarınız sizdən əl çəkib?

-Uşaqlar üçün bəlkə də daha çox yazmışam. İki povestim var uşaqlar üçün. Müasir nağıllarım, hekayələrimin sayı 20–dən çoxdur. Qızlarım hələ körpə ikən onların intelektual səviyyəsinin formalaşmasına çox fikir verirdik. Rus, ingilis dillərində xeyli kitabları var idi, Azərbaycan dilində isə müasir hekayə və nağıllar tapa bilmirdim. Onda qərara gəldim ki, özüm yazım …

Sinifdənxaric oxu dərslərində uşaqlarımın danışdığı hekayə və nağılları mənim yazdığımı biləndə məktəbə dəvət etdilər. Yazdıqlarımı kitab şəklində dərsdə istifadə etmək istədiklərini bildirdilər. Beləliklə 2004-cü ildə “ Bir gün dərsdən sonra” adlı hekayələr kitabım çapdan çıxdı. Keçən il isə mənim bir hekayəm ikinci sinif Azərbaycan dili dərsliyinə salındı. Keçən il “ Yaşıl gözlü qız” adlı povest yazdım. Bu, kosmik qəza nəticəsində Yerə düşmüş yad planetli qızın bizim planetdə sərgüzəştləri idi. Kainatın sirləri barədə elmi informasiyanı uşaq dilində çatdıran bir əsərdir. Bu povest Ankarada “ Cocuk problemləri konqresi”nin keçirdiyi müsabiqədə üçüncü ödül qazandı. Məni Ankaraya, konqresin bağlanış mərasiminə dəvət etdilər. Getdim, orada cıxış etdim. Əsər artıq türk dilində çap olunub, Türkiyədə yayımlanıb. Bu günlərdə Azərbaycan dilində də işıq üzü görəcək.

- Bəs böyüklər üçün?

- Təxminən bir o qədər də böyüklər üçün yazmışam. Fantastik, postmodernist əsərlərim, novellalarım da var, amma əsasən realist hekayələr yazıram. Coxları məhəbbət hekayələrimi sevirlər.

- Vaxt var idi yazarlar təbliği tövsiyyə olunan ideyalardan yazırdılar. Sizcə indi mövzu məsələsi necə həll olunur?

- Məncə indi ideyalara görə yazan çox azdır. Azad yazırlar. Mən izləyirəm müasir yazarları, baxıram ki, postmodernist cərəyan çox dəbdədir indi. Markesi, Borxesi oxuyurlar, onlara oxşar yazmaq istəyirlər. Oxuyanda hərdən yazarın kimə oxşamaq istədiyini də tuturam. Amma bu, sifariş deyil, müasirliklə ayaqlaşmaq, dünyadakı qabaqcıl ədəbiyyata inteqrasiya etmək istəyidir. Mən belə hesab edirəm. İndiyədək bircə əsərimi özüm öz sifarişimlə yazmışam: “Bahare” hekayəsini. Mən 2007-ci ildə böyük bir qrupla İranın Zəncan şəhərində keçirilmiş beynəlxalq riyaziyyat konfransına getmişdim. Bu səfər mənim Cənubi Azərbaycana baxışlarımı kökündən dəyişdirdi və mən istədim ki, elə bir hekayə yazım ki, onu oxuyan hər kəs mənim duyduqlarımı duysun, Cənubi Azərbaycanı özü üçün kəşf eləsin, mənim qədər sevsin.

- Nail oldunuzmu, sizcə?

- Nə dərəcədə nail olduğumu bilmirəm, amma hekayə İnternetə qoyulandan on gün sonra məni Günaz TV – Çikaqo şəhərində yaradılmış televiziyanın Bakı şöbəsindən axtarıb tapdılar və bir saatlıq verilişə dəvət etdilər... Deyəsən mətləbdən uzaqlaşdım.

- Necə fikirləşirsiz, oxuyurlar sizi, ya yox?


- Mən uzun müddət yazmağı bir hobbi hesab etmişəm. Özüm üçün, öz yaxınlarım, rəfiqələrim, məni əhatə edən insanlar üçün yazırdım. Heç ağlıma da gəlməzdi ki, bunları çap etdirə bilərəm, yazıçı kimi ortaya çıxa bilərəm. Sonra yazılarım daha müntəzəm daha ciddi oldu. Və başa düşdüm ki, bu artıq hobbi deyil.

- Deməli yazmağa dəyər.

- Əlbəttə dəyər. Ruhun ehtiyacından yazırsan, bu öz yerində. Amma hətta bir oxucuya nəsə vermisənsə, deməli yazmağa dəyər.

- Nə vaxta qədər yazmaq barədə düşünürsünüz?


- Nə qədər ki, buna ehtiyacım var və əlim qələm tutur yazacam yəqin. Başqa cür təsəvvür edə bilmirəm.

- Oxuyacaqlar sizi həmişə?

- Yazanda düşünmürəm ki, məni oxuyacaqlar, ya yox. Mən yazmaq istəyirəm və yazıram. Görəndə ki, məni oxuyurlar, sevinirəm. Amma əgər oxumasalar, özüm üçün yazacam yəqin ki. Düşünmürəm ki, kimsə bunu oxuyub nəsə deyəcək. İçimdən gələn qədər yazıram. Heç bir şey düşünmürəm yazanda.

- Onluğa düşən «Ağcaqanad»dan nə deyə bilərsiniz?


- Onu iki il əvvəl yazmışam.Yaxın bir rəfiqəm bu hekayəni oxuyandan sonra bərkdən dedi: “Ola bilməz! Ola bilməz ki, bunu sən yazmısan!” Çünki bu başqa hekayələrimə bənzəmir. Bir müddət ictimai nəqliyyatla işə getdim. Səhər işə tələsənlərin əsəbiliyi, basabas, yollardakı tıxaclar daxilimdə mənfi enerji doğurdu. Mənfi enerji isə hökmən hansısa bir şəkildə çıxmalıdır... Mənim qəhrəmanım da öz mənfi enerjisini özünəməxsus şəkildə çıxarır.

- Hekayənizə yazılan şərhlərə nə deyirsiniz?

- Şərhlərdə çoxları hekayənin alt mənasından yazır. Mən onu yazanda alt məna fikirləşməmişdim. Sadəcə müəyyən qanunauyğunluqlar var ki, mənə də təsir etmişdi, görünür hekayənin qəhrəmanına da. Rəfiqəmin sözündən sonra bu hekayəni kənara qoydum, sonra isə unutdum. Bu yaxınlarda kompüterdə fayllarımı səliqəyə salırdım, bu hekayə çıxdı qarşıma. Gördüm ki, həcmi azdır. Sonra qısa hekayə müsabiqəsi haqda oxuyanda, götürüb hətta təzədən oxumadan göndərdim (indi baxıram ki, bir iki səhv var orada. Amma redaktə etməyə, oxumağa vaxtım da yox idi, həvəsim də). Heç düşünmürdüm ki, onluğa düşə bilər, sayta qoyula bilər. Qətiyyən düşünmürdüm.

Günün bütün mövzuları

XS
SM
MD
LG