Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:59

Elçin Hüseynbəyli. Sülh hekayəsi belə olar


Elçin Hüseynbəyli
Elçin Hüseynbəyli
-

...Erməni zabiti onun qıpqırmızı və şişkin dizinə baxdı, deyəsən, inandı.

- Özünüz fikirləşin, sağlam olsaydım, ölümü niyə bu xarabalıqlarda axtarardım. Deyə bilməzsiniz ki, erməni xalqı bu müharibədən nəsə qazanıb. Müharibə heç kimə lazım deyil. Mən o ağacı bütün münaqişələrin əleyhinə, etiraz əlaməti olaraq əkdim...



Yazıçı Elçin Hüseynbəyli "Oxu zalı"na bildirib ki, Əkrəm Əylislinin indi cəmiyyətdə geniş müzakirə olunan "Daş yuxular" romanının bəziləri tərəfindən "sülh hekayəsi" kimi təqdim olunmasına etiraz edir.

"Mən və böyük əksəriyyət bu romanı əksinə düşmənçiliyə çağırış sayırıq. Bizim opponentlərimiz "əsərə əsərlə cavab verərlər" deyirlər. Ona görə də mənim "Gözünə gün düşür" adlı hekayəmi saytınızda təkrar yerləşdirməyinizi xahiş edirəm".

Hekayə "Daş yuxular" kimi Rusiyanın "Drujba narodov" jurnalında da çap edilib (2010).


Elçin Hüseynbəyli


GÖZÜNƏ GÜN DÜŞÜR
(Təkrar çap edilir)


uzun hekayə


Gözünə gün düşür. Gözlərini qıya-qıya pəncərədən uzaqlara baxır və məktubun birinci cümləsini xatırlayır:

«Bu nə zamansa baş verməliydi. Sən bunu yaxşı bilirdin…»

İlk cümləni ürəyində bir neçə dəfə təkrar elədi, razılaşdı. İkinci cümləylə əllinin-əlliyə.

Çünki şübhə eləyirdi. Ərinin ölümsüzlüyünə inandığı üçün.

Məktubu sırağagün səhər yuxudan duranda dolabın üstündə tapdı.

Daha doğrusu, məktub onu tapdı və ərinin xəttini tanıdı. O getmişdi. Dan üzü söküləndə… 31 il bir yastığa baş qoyduğu arvadını yuxudan durquzmamış, vidalaşmamış, sakitcə.

O, ölümü də belə qarşılayardı, yəqin.

Əri sağalmaz xəstəydi. Hamı bunu yaxşı bilirdi və ölümünü işğal altında olan kəndlərində qarşılamaq istəyirdi.

Fillər kimi, amma alaqaranlıqda yox, dan üzü, günəş üfüqdən çırtlayanda.

O, günəşlə birgə doğulmuşdu. Hər ikisi eyni zamanda çığırmışdı.

«Bu məlumatları bir neçə dildə informasiya agentliklərinə və tele-kanallara paylayarsan, (gördüyün kimi, özüm əvvəlcədən hazırlamışam) qoy yaysınlar, ermənilərə də çatsın və məqsədimin nə olduğunu məndən qabaq bilsinlər…»

Sonra da həmin xəbər: «Hamıya bəyan edirəm ki, mən 53 yaşlı həkim («dünyaca məşhur» sözünü yazmağa yəqin ki, utanmışdı) altı aydır ki, ağır xəstəyəm, sağalmağa heç bir ümidim yoxdur, ölüm ayağında kəndimizə getmək, həyətimizdə ağac əkmək, sonra isə orada ölmək istəyirəm.

Qoy bu ağac dünyadakı münaqişələrin hamısına etiraz əlaməti, sülh rəmzi olsun…»

Daha sonra xəbərdə rayonunun və kəndinin adını yazmış, imzasını qoymuşdu.

Məktub əlindəydi. Ondan ərinin nəfəsi, hənirtisi gəlirdi.

Məktubu öpdü, ərini son dəfə bu məktub görmüşdü. Çıxılmazlıqda qalmışdı. Əvvəlcə istədi ki, ərinin getdiyi marşrutu polisə xəbər versin, yəqin ki, onu yoldan qaytara bilərdilər.

Çünki mənzil başına altı-yeddi saatlıq yol idi. Ordan o tərəfə isə çayı tutub gedəcəkdi. Güman ki, qaranlıq düşəndən sonra. Axırda qərarını dəyişdi. Bu, ərinə xəyanət olardı. O, ərinin son vəsiyyətini yerinə yetirməliydi…

Əri o yerləri yaxşı tanıyırdı və planını bir neçə dəfə arvadına danışmışdı. «Dözə bilmirəm» - deyirdi əri və az qala hər səhər yuxusunu danışırdı. Arvadı onun yuxularını əzbər bilirdi. Yuxusunda yenə kəndə getmişdi və evlərinin yanından axan çayda balıq tutmuşdu.

***

53 yaşlı onkoloq- həkim arvadının güman elədiyi kimi, mənzil başına təxminən altı saata çatdı.

Qəsəbədən iki kilometr aralıda hərbi post qoyulmuşdu. Burdan o tərəfə gediş qadağanıydı.

Qaranlığın düşməsinə bir neçə saat vardı. Həmin vaxtı qəsəbənin çayxanasında keçirdi, yəni zamanı dirigözlü öldürdü. Çayxanada ondan başqa iki müştəri vardı. Odun peçinin yanında oturub nərd oynayırdılar.

Sonradan bildi ki, zər atanlardan biri çayxananın sahibidir.

O, bu qəsəbəni pis tanımırdı. Uşaqlıqda burda çox olmuşdu. Xalasıgil bu qəsəbədə yaşayırdı. Yayda onlara qonaq gələrdi. Xar tut yemək üçün. Həmişə də danlanardı. Anası tutdan qıpqırmızı olmuş üst-başına baxıb acıqlananda xalası köməyə gələrdi.

Burdan kəndlərinə 14-15 kilometr ancaq olardı. Axşam çayı tutub getmək lazımıydı. Onda azmazdı, həm də qəfil təhlükə olarsa, özünü çaya atar, suda gizlənərdi. Bərayi-ehtiyat əlavə paltar da götürmüşdü.

Ağrıkəsici «stadol» iynələri bir sutkaya çatardı. Özü belə istəmişdi. Ağrılar çox olanda ölümü də qarşılamaq asanıydı.

Morfi kimi adamı başdan edən dərmanları sevmirdi. Bu cür xəstələri çox görmüşdü. Onlar morfi qəbul edəndən sonra key kimi olurdular. Görünür, ölümün yaxınlaşmasından qorxurdular. Amma o, ölümü ayıq başla qarşılamaq istəyirdi.

Gün batandan sonra çayxanada adamların sayı yavaş-yavaş çoxalmağa başladı.

Üst-başlarından, çayxanaçı ilə münasibətlərindən sezilirdi ki, işçiz-gücsüz adamdılar. Cavanlar daha çox təsadüfi qazanca və hökümətin ayırdığı yardımlara, ata-analarının, babalarının pensiyalarına, yaşlılar isə allaha bel bağlayırdılar.

Cavanlardan artıq qalsa, onlara da nəsə çatardı.

Çayxanaçı nisyə dəftərini piştaxtanın üstünə qoymuşdu ki, hamı nisyə çay içənlərin adını oxuya bilsin. Borclular utandıqlarından pullarını vaxtında qaytarsınlar.

Zarafatlardan və atmacalardan borcluların sayının müştərilərdən çox olduğu bilinirdi.

O, çayın pulunu verdi, sonra dəftərə işarə ilə:

-Bu borcları da sil,-dedi.

Çayxanaçı göydən düşmüş bu adamın səxavətinə təəccüblənib - eləmədi, eləcə sevincək oldu.

-Allah əvəzini versin,-dedi, - amma sizi tanımadım. Bura adamlarına oxşamırsınız.

- Nədən bildiniz? Danışığımdan?

-Yox, danışığınız bizimki kimidir. Amma adamlara birtəhər baxırsınız, elə bil, tələsən yeriniz var.

-Hə, var. Tələsirəm,-dedi və çayxanadan çıxdı.

Müştərilər bir müddət maddım-maddım onun arxasınca baxdılar. Yaşlı bir kişi:

-Buraların adamı olmasa da, allah adamına oxşayır.

Cavanlardan biri də dedi ki, elə bil, onu hardasa görüb…

-Allah adamları hər yerdə olur,-yaşlı kişi müdrikliyini gizlətmədi.

Sonra daha bir neçə adam səxavətli qəfil qonaqla bağlı mülahizələrini bildirdilər və yenidən nərd oynayanların başına yığışıb, yad adamı unutdular.

Həkim qəsəbənin aşağısından axan çaya düşdü. Çay həminkiydi, suyu bir az da çoxalmışdı. Aprelin əvvələriydi. Dağlarda qarın əriyən, bulaqların buzunun açılan vaxtlarıydı. Bu tərəflərdə iqlim mülayim olduğundan təbiətin qırışığı tez açılır.

Sonuncu kitab cümləsini o, ali məktəbə coğrafiyadan imtahan verəndə öyrənmişdi.

Çiyninə asdığı çantanı çıxarıb yerə qoydu, çayın qırağında oturub iti axan suya baxmağa başladı.

Qoca söyüd ağacı çaya əyilmişdi, sanki ordan su içməyə çalışırdı, çiləkənlər onun saçaqlarına, budaqlarına ilişib qalmışdılar.

Çiləkənlərin arasında zorla seçilən göy-qırmızı üzgəc, balaca rezin top da vardı.

Görünür, su onları çox-çox uzaqlardan gətirmişdi. «Balıq tutmağı, futbol oynamağı çox sevirdi». Nekroloqda belə yazılacaq, yəqin, hər halda bu cür yazılsaydı, onun xoşuna gələrdi.

Çantasındakı balaca «sülh ağacı»nı çıxarıb baxdı.

Hər şey qaydasındaydı. Ağacı bazardan almışdı. Satıcıya demişdi ki, ona hər iqlimə uyğunlaşa bilən, yaşıl ağac növü lazımdır. Yaşlı və təcrübəli bağban bu balaca ağac-kolu məsləhət bilmişdi.

Onun adını da unutmuşdu, yalnız vağzalların ətrafında görmüşdü, amma bu hibrit ağacın fərqi ondaydı ki, mayın əvvəllərində çiçəkləyirdi.

Onu mütləq öz torpağı ilə basdırmaq və basdırandan sonra dibinə bir vedrə su tökmək lazımıydı. «Əslində ağacı martın ortalarında əkərlər, amma bu onlardan deyil, bu ağacları fəslin istənilən vaxtlarında əkmək olar»-yaşlı satıcı demişdi.

Nəhayət, su qaranlıqdan işıldamağa başlayanda ayağa durdu və yolu əlinə yığıb, çayın qırağı ilə getməyə başladı.

Yolun qırağı ilə hamar cığır uzanırdı, amma bir azdan sonra o cığır qurtardı və kolluqlar başladı. Ermənilərlə cəbhə xətti burdan keçirdi. Yalnız gur və iti axan çay və hər tərəfini kol basmış sahil varıydı.

O, belə olacağını, vəhşi mənzərə ilə qarşılaşacağını öncədən bilirdi, ona görə də bazardan dəhrə də almışdı.

Bir zamanlar bu dəhrə ilə barama qurdu üçün tut budayardı. Əlini də bir neçə dəfə kəsmişdi və onunla necə davranmağın yolunu yaxşı bilirdi.

Qaranlıqda yerimək çətiniydi. Kol-kos da bir tərəfdən əl-qolunu cızırdı, xüsusən də böyrütikan kolları həyasızlıq edirdilər. Məcbur olub bir neçə dəfə dayanmış, qanayan yerləri bintlə sarımışdı. Ağrıları da başlamışdı.

Dörd saat əvvəl vurduğu iynənin gücü qəfildən itmişdi. «Stadol» ampulası doldurulmuş, hazır iynələrdən birini çıxarıb, şalvarın üstündən buduna vurdu və yoluna davam elədi.

O, yolunun üstündəki kəndlərə yaxşı bələd idi. Uşaq vaxtı burada çoxlu pambıq yığmışdı.

Hər il dərslər başlayanda onları qonşu kəndlərə pambıq yığmağa aparırdılar.

Qızlar yığımla evdar qadınlar kimi davranar, işin ağırlığını öz boyunlarına, daha doğrusu, bellərinə çəkərdilər, çünki pambıq yığanda güc belə düşür, oğlanlar isə avaralanardılar, çayda çimərdilər, balıq tutardılar, könüllərinə düşəndə isə qonşu həyətlərdən meyvə oğurlayar və belləri sızıldayan qızların könüllərini almaq üçün onları da meyvəyə qonaq edərdilər, əvəzində hər axşam oğlanların da adına 2-3 kilo pambıq yazılardı.

Bu, hər üç tərəfi: qızları-müəllimləri-oğlanları qane edərdi.

Müəllimlər ona görə razıydılar ki, şagirdləri ictimai əməklə səhlənkar davransalar da, işin öhdəsindən yaxşı-pis gəlirdilər. Onlar da bir zamanlar şagird olmuşdular, bu yolları keçmişdilər, yetirmələri kimi hərəkət etmişdilər.

Qızlar isə yorğunluqlarını oğlanların oğurluq meyvələrilə çıxırdılar.

İki kəndi geridə qoydu. Qarşıdakı kəndlə arxada qalanların arasında uzun bir məsafə vardı və həmin aranı tut bağları, ilğın və söyüd meşəsi doldururdu. Qəribəydi, bu qaranlıqda o, hər tərəfi aydınca görürdü.

Sanki ay çıxmışdı, amma aydan əsər-əlamət yoxuydu. O düşündü ki, yəqin, bu aydınlığa səbəb yer qatının həddən artıq basırıq və qaranlıq olmasıdır.

Kəndlər yox idi, onların kölgələri qalmışdı. Evlərin çardaqları, divarları sökülüb aparılmışdı, talan edilmişdi, yalnız yaşayış üçün yararsız olan kərpic tövlələrin, qamışdan olan çovustanların, kümlərin, toyuq hinlərinin divarları qalırdı.

O, bunları aydınca görməsə də duyurdu. Evlərin bir qismini sərhədin o tayında, Arazın güneyində yaşayan iranlı soydaşları, bir qismini də ermənilər aparmışdılar.

Yorulmuşdu. Kol-kos qırmaqdan dizlərində təpər, qollarında güc azalmışdı.

Çayın sahilindən aşağı endi və böyük bir tut ağacının dibinə söykənib oturdu.

Bir müddət dinməzcə sakitliyi dinlədi. Sonra onun oturduğu yerdən bir az aralı xışıltı gəldi. Ya çaqqal, ya da dovşan ola bilərdi.

Buralarda canavarın olmasını ağlına da gətirmirdi. Birdən yadına düşdü ki, uzun müddət boş-kimsəsiz qalan yerlərdə vəhşi itlər dolaşır. Sahibini itirmiş itlər qəzəblərindən vəhşiləşirlər.

Sahiblərinin onları atıb getməsini bağışlamırlar və öz sədaqətlərini belə ucuz tutanlarla barışmırılar. Ona görə də güc-bəla ayağa durub, təzədən çayın qırağına gəldi.

Çayı buraxıb gedə bilməzdi, yolu itirərdi. Amma çay yolun itməsinə imkan verməzdi, çünki düz evlərinin yanına aparıb çıxarırdı. Bir müddət dayanıb dincini aldıqdan sonra yoluna davam elədi.

Böyük bir məsafə arxada qalmışdı. Növbəti iki kənddən sonra onların doğma yerləri gəlirdi.

Öz kəndlərini tanımağa nə vardı ki. Gecənin istənilən vədəsində onu yuxudan durquzub, gözü bağlı kəndlərinə aparsaydılar, oranı iyindən tanıyardı. Vətən də anadır, deməli, ondan da ananın iyi kimi doğma bir qoxu gəlir.

Qarşıdakı kəndləri də keçdi. Burada sahilin kənarı nisbətən hamar idi. Kol-kos o qədər də böyüməmişdi.

Çayın o biri tərəfindən keçən dəmiryolu daha görünmürdü. Relsləri söküb aparmışdılar, yerində nəhəng bir cığır qalmışdı.

Qədim körpüyə çatdı. Körpü üçülmüşdü. Bir zamanlar həmin körpünün altında mini elektrik stansiyası vardı, işıqlar sönəndə o, işə düşürdü, əsasən çörək sexlərini və hökümət idarələrini işıqlandırırdı.

Sevindi, kəndlərinə çatmağa az qalırdı. Bir az irəlidə «Maralyan bağı», sonra «dukker» olmalıydı. Su o tərəfdən batıb, bu tərəfdən çıxırdı. Uzunluğu azı iki yüz metr vardı.

Həmişə ordan qorxardı. «Dukker»ə düşən ordan sağ çıxmazdı. Su azalanda özündən deyən uşaqlar bu qorxunc tuneldən keçərdilər və orada çiləkənlərdən başqa özgə bir şey olmadığını deyərdilər, gopbazlar isə əcdahaya rast gəldiklərini uydurardılar.

«Çayağzı» bağı cəngəlliyə bənzəyirdi. Birdən ona elə gəldi ki, Amazoniyanın sahillərində gəzir və bir azdan ceyran, vəhşi at sürülərinə rast gələcək.

Qəribəydi, heç nə yox idi. Bəs çöl donuzları hara yoxa çıxıb?!

Onlar burda sürüynən olardı. Gecələr ova çıxan kişilər əliboş qayıtmazdılar.

«Qurdağzı dərəsi»ndə dayandı. Burdan o tərəfə çayı əlindən buraxa bilərdi. Azmazdı, çünki doğma yerləriydi. Bura onun uşaqlıq vətəniydi. Sahildən aşağı yola tərəf təpəlik uzanırdı.

Təpəlik bomboş idi. Dazlaşmışdı. Bunun səbəbini bir azdan bildi. Buralar yayda yanmışdı. Yanmış küləş iyi gəlirdi.

«Küdrü» deyilən yerin üstünə çıxıb, uzaqlara göz gəzdirdi.

Ulduzların və ağ-mavi səmanın fonunda Qarağacı sezdi. Adamlar ilğınlığın arasında bitmiş bu ağacın kölgəsində dincələrdilər.

Kölgəsi o qədər böyük idi ki, günorta vaxtı az qala bütöv bir kənd orada dincələ bilərdi. Qarağac dururdusa, deməli, kəndləri də dururdu və yaşamağa dəyərdi. Uşaq kimi sevindi.

Sağ dizinin ağrılarının şiddətlənməsinə baxmayaraq, Küdrüdən düşüb, ona tərəf qaçdı, amma kol-kosa ilişib yıxıldı. Əvvəllər burda torpaq yol vardı, indi yoxuydu.

Birtəhər özünə yol aça-aça qarağacın yanına çatdı. Onun gövdəsini qucaqladı. Əvvəlcə kövrəldi, özünü sındırmamaq üçün ağlamadı, için-için göynədi.

Sanki axşamın onu eşidəcəyindən, ağlamağına şahid duracağından qorxdu, axırda içindəki hisslər bu qorxuya üstün gəldi və hönkürdü.

Qarağac göyərmişdi, yarpaqlamışdı. Yarpağının tumturş və nəm qoxusu ona ağrılarını unutdurmuşdu.

O, indi heç kimdən və heç nədən qorxmurdu. Eləcə qarağacın dibinə söykənib, hönkür-hönkür ağlayırdı.

Kimsə qarağacın dibində ocaq qalamışdı. Yəqin erməni əsgərləriydi. Birdən ağlına qəribə bir fikir gəldi.

Bəlkə, kəndçilərindən kimsə buralarda yaşayır və indi onu görür. Ocaq yeri təzəydi. Bir-iki gün öncə qalamışdılar. Ürəkləndi. Ayağa durub, ətrafa boylandı və:

- Ey, burda kimsə var?!-deyə çağırdı, sonra qışqırdı. Mən gəlmişəm! Eşidirsiniz!?

Hay verən olmadı. Yalnız səssizlik. Və birdən it hürdü. Sonra it uladı. Axırda bu səs yox oldu və bir daha gəlmədi. Bəlkə onu qara basır. İt hürməyib, ona elə gəlib.

«Yaloba»ya çıxdı. Yol-iz itmişdi. Mahmudlu bağı keçilməz meşəyə çevrilmişdi. Kələsərlik yox olmuşdu, ilğın kollarının içində itmişdi.

Bu da öz bağları.

Gecə böcəklərinin, ilbizlərin və çöl qurbağalarının səsindən duydu ki, açıqlığı yenə də su basıb. Yoxsa ki, bu ayazda nə ibliz, nə böcək. Ürəyindən gizilti keçdi, kövrəldi.

Açıqlığın ortasındakı qonur tut ağacı yerində yox idi. Yəqin quruyub, sonra da çürüyüb. Bəlkə də kəsib aparıblar.

Qonşu bağdakı şəllər eləcə yerində dururdu. Kapyuşonlu (papaqlı) katolik keşişləri kimi başlarını aşağı əyib, sanki ölümə məhkum olunmuş cəngavərin o biri dünyada həyatının günahsız keçməsi üçün Tanrıya dua edirdilər.

Havadakı ayaz getdikcə güclənirdi. Bu, səhərin tezliklə açılacağına işarəydi.

Ona görə də ləngimədi və kəndin ortasındakı yenişi enib, yenidən çayın kənarına çıxdı və evlərinə tərəf addımladı.

Ürəyi uçunurdu. Doğma həyətlər ona keçmiş tarixini xatırladırdı, əski sevincini, kədərini yadına salırdı.

Həyəcanlanmışdı. Köhnə həyət-bacalar, evlər xarabalığı xatırladırdı, amma burada qorxudan çox, sevgi hökm sürürdü. Onun ürəyi sevincindən partlaya bilərdi.

Həyətlərinə girdi. Tövlə iyi burnuna vurdu. Tövlənin çardağı yanmışdı. Ona ot qarışıq od vurmuşdular. Divarları qara daşla hörüldüyündən sökməmişdilər. Tövləni Lal Baloğlan hörmüşdü.

Hava açılırdı. Çovustanları yanıb külə dönmüşdü. Evlərinin bir divarı bütöv qalmışdı. Sanki onu muzey üçün saxlamışdılar. Evin ağ daşlarını vaxtıilə dağlardan, qayalardan çapıb gətirmişdilər. Bağçalarındakı ağacların bəziləri kəsilmişdi, bəziləri qurumuşdu, amma nar və tut ağaclarının əksəriyyəti dururdu. Həyəti hasarlayan beton plitələr sökülüb aparılmışdı. Yurd yağmalanmışdı.

Qəlbindəki həyacanı, gözlərindəki yazıqlığı, əllərindəki, dizindəki qəzəbi soyutmaq üçün ağladı…

Evi sökənlər, güman ki, zirzəmyə də girmişdilər. Çantasını yerə qoydu. Xarabalığa dönmüş evə girdi. Bir zamanlar üstündə iməklədiyi, qardaş-bacıları ilə qaçdı-tutdu oynadığı evin döşəməsi də sökülmüşdü.

Ara-sıra çürük taxta qırıqları gözə dəyirdi. Evin zirzəmisində olan ləvazimatların heç biri yerində yoxuydu. Ağac üçün çalanı nə ilə qazacağını fikirləşdi. Qonşuya adladı. Onların da həyəti xarabazarlığı xatırladırdı.

Qonşularının da evləri gözünün qabağında tikilmişdi. Üz-gözündən tər axan xarratlar, bənnalar, elə bil, dünən tut ağacının dibində oturub, ağızları yana-yana çay içirdilər.

Kimsəsizlik hər tərəfə hakim kəsilmişdi. O düşündü ki, bir azdan buralar tamam itəcək. İllər keçəndən, bu kəndin onunla yaşıd adamları dünyasını dəyişəndən sonra hər şey yaddan çıxacaq.

Kəndlilərindən heç kim, hətta onun nəvə-nəticələri də öz yurd- yuvasını, qonşusunu tanımayacaq. Xatirələr də qalmayacaq. Deməli, keçmiş olmayacaq.

Gün artıq çıxmışdı və bu cansıxıcı mənzərəni amansız cəllad kimi çılpaqlığı ilə göstərirdi. Təbiət, sanki adamlardan hayıf çıxırdı və öz ilkinliyinə can atırdı.

Nəhayət, çöl darvazanın yanından dəmir parçası tapdı. Bu, mərmi qırığıydı.

Həmin dəmirlə bağçanın ortasında, köhnə evlərinin yerində çala qazmağa başladı. Çalayla bir xeyli əlləşdi.

Dizi ağrıdığından çömbəltmə otura bilmirdi, ikiqat əyildiyinə görə beli sızıldayırdı və tez-tez dikəlirdi ki, ağrıları çəkilsin. Ağrılarını azaltmaq üçün buduna təzə iynə vurdu.
Nəhayət, çalanı qazıb qurtardı. Balaca bir çala xeyli vaxt apardı, sanki, yekə bir evin özülünü qazmışdı.

Tövlənin böyründəki təpəlikdən çürümüş peyin gətirib çalaya tökdü, ağacı çantasından ehmalca çıxardı, salafanını açıb, köklü-köməcli və torpaq qarışıq çalaya qoydu, dibini doldurdu və torpağı ayaqlamağa başladı.

Bircə qalırdı çaydan su gətirmək. Amma nə ilə gətirəcəyini bilmirdi. Yola götürdüyü suya heyfi gəldi, bir müddət dayanıb ağaca baxdı, götür-qoy elədi. Bu zaman arxadan addım səsləri və hənirti eşitdi.

Ehmalca arxaya döndü. İki erməni əsgəriydi.

Avtomatlarını ona tuşlamışdılar. Yəqin ki, onu qarşıdakı təpədən görmüşdülər.

Orda ermənilərin gözətçi postu vardı. Bunu sonradan bildi.

Rütbəcə böyük olan erməni əsgəri (paqonundakı xətlərdən çavuşa oxşayırdı), öz dilində hündürdən nəsə dedi, az qala qışqırdı. Elə başa düşdü ki, əsgər ona əllərini qaldırmağı əmr edir. Əllərini yuxarı qaldırdı və:

-Rusca bilirsiniz?-deyə soruşdu.


O biri əsgər həkimin çantasını töküb baxdı, silah-zad yoxuydu.

Rütbəcə böyük əsgər yenə də öz dilində nəsə dedi və avtomatın lüləsilə işarə elədi ki, onların qabağına düşsün. Başqa çarə yoxuydu.

Ona görə də əsgərlərin əmrinə tabe oldu. Bir az gedəndən sonra əllərini yavaş-yavaş aşağı saldı, erməni əsgəri, avtomatın qundağı ilə onun kürəyindən vursa da əhəmiyyət vermədi, çünki heç bir ağrı hiss etmirdi.

Əsgərlər əsirin əlini aşağı salmasına acıqlanmışdılar.

Onu kənddən iki kilometr aralıda yerləşən zastavaya gətirdilər.

Bir zamanlar bura sovet sərhədçilərinin qərargahıydı. SSRİ dağılandan sonra özlərinin ixtiyarına keçdi, işğaldan sonra ora erməni əsgərləri yiyələndilər.

Zastava həminkiydi, amma bir balaca əl gəzdirmişdilər, darvazanı, hasarı və binanın divarlarını rəngləmişdilər.

Üstünə ermənicə lövhə vurulmuş otağın qapısını açıb içəri girəndə başa düşdü ki, onu komandirin yanına gətiriblər. Əslində, burda anlaşılmaz bir şey yoxuydu, əvvəlcədən də bunu təxmin eləmişdi.

Erməni zabiti cavan oğlanıydı. Paqonunda üç xırda ulduz parıldayırdı.

Yad adamı görəndə təəccüblənmədi, oturmaq üçün yer göstərdi, güman ki, əsgərlər ratsiya ilə komandirlərinə öncədən məlumat vermişdilər.

Erməni zabiti pis adama oxşamırdı, elə bil onun ermənilərə aidiyyatı yox idi və sakit görünürdü.

ARDINI BURDA OXU

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG