Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:13

Daşqınlardan sonra evlərini tərk edən məcburi köçkünlər geri dönmək istəmirlər


Daşqınlardan sonra evlərini tərk edən Saatlı rayonunun Nərimankənd ərazisindəki məcburi köçkünlər geri, qəsəbəyə dönmək istəmirlər.

Azərbaycanın işğal edilmiş bölgələrindən olan 113 məcburi köçkün ailəsi daha təhlükəsiz yerdə məskunlaşmaq istəyir.

AzadlıqRadiosuna müraciət edən məcburi köçkünlər deyiblər ki, su çəkilsə belə bu qəsəbədə yaşamaq qeyri-mümkün olacaq.

Ağdamdan olan məcburi köşkün Aynur Qarayeva:

«Biz su altında qalan evlərimizə qayıtmaq istəmirik, orda su çəkilib gedəndən sonra da üfunətdən dayanmaq olmayacaq, kəndin içərisində heyvan cəsədləri, kanalizasiya suları hamısı bir-birinə qarışıb, dözülməz bir vəziyyət yaranıb. Heç bu qəsəbədə yenidən yaşayış qurmağa dəyməz. Bundansa hökumət bizi daha təhlükəsiz yerdə evlə təmin eləsin. Nə qədər qaçqın düşmək olar, biz bir daha qaşqın düşmək istəmirik. Bəlkə bir bina tiksinlər hamını köçürsünlər ora».

Qaçqın ailələri 4 il əvvəl Saatlı rayonun Nərimankənd ərazisində salınan 100 evdən ibarət qəsəbədə məskunlaşıblar.

Sarısı gölünün daşması nəticəsində bütün evlər su altında qalıb.

O vaxtdan məcburi köçkünlər Saatlı rayonundakı yataqxanaya köçürülüblər.

Yataqxanada da yaşayış üçün heç bir şərait olmadığını bildirən məcburi köçkünlər deyirlər ki, torpaqlar işğaldan azad olunana qədər onları daha təhlükəsiz bir yerə köçürsünlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə deyirlər ki, bu məsələ daşqınlarla bağlı yaradılan Dövlət Komissiyasının səlahiyyətlərinə aiddir.

Daşqınlarla bağlı yaradılan Dövlət Komissiyası hələ ki su altında qalan yaşayış məntəqələrinin köçürülməsi ilə bağlı hər hansı qərar qəbul etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG